Keçid linkləri

Təcili xəbərlər
2020, 11 İyul, şənbə, Bakı vaxtı 21:03

Erdoğanın Aya Sofyada Quran oxutması Afinanı qəzəbləndirib


Aya Sofya

Amerikanın səsi yazır ki, İstanbuldakı Aya Sofya məbədi min ildən çox bir müddətdə yunan pravoslav xristianlarının ən böyük kilsəsi olsa da, sonradan məscidə, daha sonra muzeyə və bu yaxınlarda isə UNESCO-nun siyahısındakı mədəniyyət abidəsinə çevrilib.

Lakin Türkiyə prezidenti Recep Tayyip Erdoğan mayın 28-də bəyan etmişdi ki, cümə günü bu qədim abidədə Quran oxunmasına göstəriş verib:

Erdoğan bunu da bildirmişdi ki, ölkə Mədəniyyət Nazirliyinin İstanbulun fəthinin ildönümü münasibətilə təşkil etdiyi mərasimdə Quranın Fatihə surəsi oxunacaq və namaz qılınacaq.

Bizans imperiyasının paytaxtı 1453-cü ildə türklər tərəfindən fəth edilib, imperiyanın özü isə çöküb.

Türkiyə bu təntənəli tədbiri ölkənin koronavirusla mübarizədə olduğu bir vaxtda keçirir, amma mayın 29-da karantin məhdudiyyətləri yumşaldılıb. Ölkədə yoluxma hallarının azalması müşahidə edilir.

Afina sərt reaksiya verir

Buna baxmayaraq yunanların müqəddəs saydıqları Aya Sofyada Quran oxudulması qərarı Afinanı qəzəbləndirib.

Yunanıstan xarici işlər nazirinin müavini Miltiades Varvitsiotis bu barədə deyib:

"Aya Sofyanın ona UNESCO tərəfindən verilmiş statusunun hər hansı bir şəkildə dəyişdirilməsi qeyri-məqbuldur. Bu abidə özünün dini xarakterini çoxdan itirib və onun statusunun dəyişdirilməsinə göstərilən hər hansı cəhd Türkiyənin daha da təcrid olunmasına gətirib çıxaracaq”.

Amerikanın səsi yazır ki, Yunanıstan siyasətçiləri və mətbuatı cümə günü Aya Sofyada Quran oxudulması təşəbbüsünü Ankaranın “təxribatı” adlandırıblar.

Yunanıstan müdafiə nazirinin müavini Alkiviadis Stefanis deyib ki, Erdoğanın bu hərəkətlə daxili elektorata oynaması aşkar olsa da, Afina bu aktı qətiyyətlə pisləyir:

"Aydındır ki, Erdoğan özünün yerli auditoriyası ilə oynayır. Amma bu hərəkət yunan millətinin həssas tellərinə, dini və milli heysiyyətinə toxunur”.

Aya Sofyanın tarixindən

Yunanca adı Hagia Sophia – Müqəddəs Hikmət olan məbəd VI əsrdə tikilib.

Lakin osmanlılar 567 il bundan əvvəl Konstantinopolu zəbt etdikdən sonra kilsə məscidə çevrilib.

Bundan yüz illər sonra Osmanlı imperiyasının çöküşü ardından Türkiyənin dünyəvi liderləri Aya Sofyanı muzey elan ediblər. Bu hadisə 1935-ci ildə baş verib.

Bizans memarlığının şah əsəri sayılan bu abidə nəhəng sütunlar üzərində qərar tutan günbəzi, mərmər və mozaika ilə örtülmüş divarları ilə məşhurdur.

Elektoratla “oyun”

Ekspertlərin fikrincə iqtisadiyyatın böhran içində olduğu bir vaxtda Türkiyə prezidentinin bu təşəbbüsü qaldırması onun, özəyini mühafizəkar dindarlar təşkil edən seçki bazasını canlandırmaq məqsədi güdür.

Erdoğan neçə illərdir ki, UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilmiş bu abidəni islamçıların istədikləri kimi məscidə çevirəcəyini vəd edib.

Erdoğanın ictimai əlaqələr ofisinin başçısı Fahrettin Altun bu münasibətlə yazıb:

“Bunun üçün çox darıxmışıq! Bir az da səbr edin. Biz bunu birlikdə edəcəyik…”

Lakin Bard Kollecində Qlobalizasiya və Beynəlxalq İşlər proqramının direktoru Elmira Bayraslı deyib ki, “çarəsizlikdən atılan bu addım yaxşı heç nəyə gətirib çıxarmayacaq”.

Təşəbbüsün vaxtı

Politoloqlar diqqəti belə bir məqama çəkirlər ki, Erdoğanın bəyanatı Ankara və Afina arasında münasibətlərin son dərəcə gərgin olduğu bir vaxta düşür.

Hər ikisi NATO üzvü olan Türkiyə və Yunanıstan arasında son aylarda bir neçə gərginlik eskalasiyası yaşanıb.

Ötən ilin sonlarında Türkiyə Avropanın ona Suriya kampaniyasında dəstək verməməsinin əvəzini çıxmaq üçün 150 min qaçqını Yunanıstan sərhədinə yönəltmişdi.

O Avropanı qaçqın dənizində boğmaqla hədələyirdi.

Bundan başqa Türkiyə şərqi Aralıq dənizi hövzəsindəki qaz yataqlarına qazma gəmiləri göndərib. Lakin Yunanıstan və Kipr bu ərazinin onlara məxsus olduğunu bildirirlər.

Yunanıstanın kiçik adaları üzərində tez-tez qırıcı təyyarələrin təhlükəli qarşıdurması baş verir.

Stefanis bildirib ki, Yunanıstan bir günün ərzində Türkiyə qırıcılarını “qovmaq” üçün havaya 62 dəfədöyüş təyyarələri qaldırmalı olub.

Bu arada Yunanıstan parlamentindəki müxalifət deputatları hökuməti təmkinli olmağa çağırırlar.

Onlar deyirlər ki, divarları arasında Quran oxunması bu min yaşlı abidəyə hörmətsizlik sayılmamalıdır.

XS
SM
MD
LG