Rusiya hərbçiləri Ukraynanın Enerhodar şəhərindən Zaporojye Atom Elektrik Stansiyasının (ZAES) 2700 əməkdaşını və onların ailə üzvlərini evakuasiya etməyi planlaşdırırlar.
Ukraynanın Enerhoatom şirkətinin məlumatında deyilir ki, söhbət Zaporojye AES-in “saxta Rusiya şirkəti” və ya Rosatomun başqa şirkətləri ilə müqavilə imzalamış əməkdaşlarından gedir:
"Beləliklə Rusiya işğalçıları Zaporojye atom elektrik stansiyasının istismarını təmin etmək iqtidarında olmadıqlarını etiraf etmiş olublar, beləki hazırda orada yüksək ixtisaslı heyət çatışmır”.
Ukrayna tərəfi bildirir ki, sözü gedən təxliyə stansiya bloklarının söndürüldüyü şəraitdə belə vəziyyəti xeyli kəskinləşdirəcək.
Eyni zamanda Ukrayna şirkəti bildirir ki, ərazinin işğaldan azad edildiyi ilk dövrdə mütəxəssislərin lazımi sayının təmin olunması üçün bütün zəruri tədbirləri görür:
"Belə bir komanda növbəlilik metodu ilə hazırda Ukraynanın nəzarəti altında olan ərazilərdəki işçilərdən, habelə başqa atom elektrik stansiyalarından dəvət edilən mütəxəssislərdən formalaşdırılacaq”.
Adamları Rostova aparırlar
Bu arada Ukrayna silahlı qüvvələri Baş qərargahından verilən məlumatda deyilir ki, Rusiya hərbçiləri Enerhodarda ZAES işçilərinin ailə üzvlərinin evakuasiyasını təşkil ediblər, amma stansiya işçilərinə şəhərdən çıxış qadağan olunub.
Baş qərargah bunu da bildirir ki, Enerhodar şəhərinə Rusiya tərəfindən təyin olunmuş işğal administrasiyası adamların Zaporojye vilayətinin Berdyansk və Kirillovka şəhərlərindəki istirahət bazalarına və mehmanxanalara təxliyəsini elan edib.
Məlumatda deyilir ki, buna baxmayaraq köçürülənləri Rusiyanın Rostov vilayətinə apararaq oradakı çadır şəhərciklərinə yerləşdirirlər.
Mobil telefon qadağanı
“Enerhodar” teleqram kanalında yayılmış məlumatda deyilir ki, mayın 10-dan ZAES əməkdaşlarına işdə mobil telefonlardan istifadə qadağan edilib. Bu qadağanın bütün növ mobil telefonlara aid edildiyi bildirilir:
"Bundan başqa işğalçılar stansiyaya girişdə və estakadada yoxlama tədbirlərini gücləndiriblər.”
Rusiyanın Rosatom şirkətində yaranmış vəziyyəti hələ ki, şərh etməyiblər.
Ukrayna tərəfinin “saxta şirkət” adlandırdığı “istismar təşkilatı” bildirib ki, Enerhodarda vəziyyət “sabit gərgindir”, amma bütün ictimai obyektlər işləyir.
Zaporojye vilayətindəki işğal administrasiyası mayın 5-də bildirmişdi ki, cəbhə xəttinin yaxınlığında yerləşən 18 yaşayış məntəqəsinin əhalisi təxliyə olunur.
Regionun Rusiya tərəfindən təyin edilmiş “baş nazir müavini” Andrey Kozenko TASS agentliyinə bildirib ki, Zaporojye vilayətində ümumilikdə 70 min nəfərin təxliyəsi həyata keçiriləcək.