Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 19:11

E.Milli: 'Hamı elə bilir ki, İlham Əliyev rejimi getsə, Azərbaycanı xoşbəxtlik gözləyir'


E.Milli
E.Milli

MeydanTV-nin keçmiş direktoru Emin Milli AzadlıqRadiosuna müsahibə verib.

- Emin bəy, MeydanTV-dən getmək qərarınız gözlənilməz oldu. Nə baş verdi ki, 6 il qabaq qurduğunuz, çətin dövrlərdən keçirdiyiniz media qurumunu qoyub getmək istədiniz?

- MeydanTV Azərbaycan media səhnəsində azadlıq və demokratiya uğrunda mübarizədə son illərin ən uğurlu layihələrindəndir. Bizim həftəlik bir-iki milyonluq auditoriyamız var. Bundan sonra MeydanTV-ni idarə etmək qat-qat asan olacaq. Burda qeyri-adi iş görmək lazım deyil, sadəcə, qurulan işi saxlamaq lazımdır. Mən əminəm ki, bu komanda buna qadirdir. İlk gündən arzum, menecment fəlsəfəm bu olub ki, layihə saat kimi işləsin, mənə ehtiyac qalmasın. Bu zaman artıq çatıb. Bununla da Azərbaycan hakimiyyətinə, müxalifətinə, vətəndaş cəmiyyətinə bir örnək qoyub gedirəm. Azərbaycanda istər hakimiyyətdə, istər müxalifətdə, istərsə də QHT-lərdə insanlar 20-30 il eyni vəzifəni tuturlar, elə bil, başqa iş görə bilməzlər. Mən çox istəyirəm bu ənənəni dəyişim. Amma bu o demək deyil ki, mən MeydanTV-ni yarı yolda qoyub gedirəm. Əksinə, ən uğurlu vaxtında açarları komandama verirəm.

- Gedişinizin arxasında başqa səbəblər axtarılmaqdadır: bəlkə pərdəarxası nəsə baş verir, bəlkə Sizə təzyiqlər var, bəlkə komandanı xilas etmək üçün gedirsiniz, bəlkə bezmisiniz?

- Bir neçə il öncə şəxsən mənə ölüm hədələri olub, qohumlarımı həbs ediblər, məndən imtina etməyə məcbur ediblər. Bizim jurnalistlərə çoxlu təzyiqlər olub. Amma son vaxtlar mənə təzyiq olmayıb, yalan danışa bilmərəm. Mən yorulmamışam. Səhhətim də yaxşıdır, enerjim də qat-qat çoxdur. Amma bir faktor da var. Bu ilin oktyabrında mənim 40 yaşım tamam olacaq. Mən artıq uğurlu saydığım MeydanTV-ni məndən sonra gələnlərə təhvil verib gedirəm. Mən yeni iş qurmaq istərdim, yeni layihələrlə xalqa, dövlətə xeyir vermək istərdim. Hələlik, bir planım, fikrim yoxdur. Ancaq bu planın, fikrin ortaya çıxması üçün gərək kənara çəkilim, düşünüm. Burda eqoist faktor da var, mən daha böyük işlər görmək istəyirəm. Bu, nə olacaq, bir qərara gələn kimi paylaşacam.

- MeydanTV-dən gedişiniz o dövrə təsadüf edir ki, təxminən iki ay öncə – martın 16-da İlham Əliyev əfv sərəncamı imzalayaraq 50-dən artıq siyasi məhbus sayılan şəxsi azadlığa buraxdığına görə ona təşəkkür etdiniz. Bundan sonra Sizin ünvanınıza tənqidlər səslənməyə başladı. Onların fikrincə, siyasi məhbus problemini yaradan elə İlham Əliyevin özüdür, rəhbərlik etdiyi hakimiyyətdir, buna görə təşəkkürə ehtiyac yoxdur. Siz nəyə görə İlham Əliyevə təşəkkür etməyə ehtiyac duydunuz?

- Mən hesab edirəm ki, son zamanlar hakimiyyət bir neçə müsbət addım atdı, o cümlədən, bir çox siyasi məhbusları azad etdi, şəhid ailələrinə dəstək verdi... Siyasi baxışlarımızdakı fərqlərə rəğmən dövlət başçısı müsbət iş görürsə, onun müsbət olduğunu demək vacibdir. Bu yaxınlarda mən İlham Əliyevdən də, Əli Kərimlidən də onlara qarşı ifadələrimdə nifrət hissi olubsa, buna görə üzr istəmişəm. Bəzi saytlar mənim müxalifətdən üzr istədiyimi yazıb, bəziləri də prezidentdən. Problem yoxdur. Mən həmişə atdığım addımlara görə söyülmüşəm, tənqid edilmişəm. Təəssüf ki, bizim cəmiyyətdə o qədər nifrət var, o qədər insan haqları pozulub, o qədər ümidlər sındırılıb ki, insanlar pozitiv ola bilmir. Mənim İlham Əliyevə təbrikimi birmənalı yozmaq istəyirlər və ya ifadələrimdə kiməsə nifrət hiss etdirmişəmsə, buna görə üzr istəməyimi də hərə öz maraqlarına uyğun şəkildə yozur. Amma mən bu yazdıqlarımda, dediklərimdə tam səmimiyəm. Ağa «ağ», qaraya da «qara» demək lazımdır.

Emin Milli qaynının həbsinin səbəblərini açır
Gözlə

No media source currently available

0:00 0:09:18 0:00

- Bəzi örnəklər verdiniz. Məsələn, Qarabağ döyüşlərində həlak olan, itkin düşən bəzi insanların ailələrinə 11 min manat verilməsində problem yaranmışdı. Amma o adamlar buna nail olmaqdan ötrü iki-üç ay Prezident Administrasiyasının, Nazirlər Kabinetinin qapısını döydülər. Və ya problemli kreditlərin həlli 3-4 il idi yubanırdı, nəhayət, qərar verildi və sair və ilaxır. Yəni bunlar həm də hökumətin yaratdığı problemlər idi, onları yoluna qoymaq vəzifəsidir.

- Hakimiyyət bu illərdə bir çox problemlər yaradıb. Biz bu problemlərin həllini istəyirik. Dəfələrlə yazılarımda demişəm ki, çox istəyirəm İlham Əliyev islahatlara getsin, Azərbaycanı Almaniya kimi respublika etsin. Ancaq reallıqda bu gün güc hakimiyyətin əlindədir, təəssüflər olsun ki, müxalifət gücsüzdür, xalq susur. Belə vəziyyətdə düşünürəm ki, bu gün hakimiyyət, heç olmasa, öz maraqlarına görə iqtisadi açılıma getməlidir. Bu, həm onun marağındadır, həm də xalqın. Bu, bizim gedəcəyimiz uzun yolda növbəti müsbət addım ola bilər. Düzdür, bu gün islahat aparılmır. Məni ittiham edirlər ki, Emin deyir, islahat var. Mən islahatı istəyirəm, gözləyirəm, dəstəkləməyə də hazıram. İlham Əliyev islahat imitasiyasına yox, ciddi iqtisadi islahatlara gedərsə, xarici investor istənilən sahəyə yatırım qoyarsa, iş açmaq, biznes qurmaq imkanları qazanarsa, məhkəmələr, heç olmasa, vətəndaşların, investorların iqtisadi hüquqlarını qoruyarsa, bu, Azərbaycan reallığında müsbət addım olar. Təəssüf ki, bu baş vermir. Hiss edirəm ki, hakimiyyət düşünür, nəsə etmək istəyir, hansısa addımlar atır, ancaq burda strategiya görmürəm. Məni ittiham edirlər ki, guya hakimiyyətin xalqa siyasi hüquqlar verməsini istəmirəm. Bu, yalandır. Mən bilirəm ki, İlham Əliyev və bu hakimiyyət siyasi azadlıqları təmin etmək üçün hakimiyyətlərini verməlidirlər. Onlar güclü, müxalifət zəif olduğu, xalq susduğu halda bu baş tutmayacaq.

- O zaman İlham Əliyevə təşəkkür etməyə və ya ondan üzr istəməyə tələsmirsiniz?

- Prezident cəhd göstərir və müsbət addımlar atırsa, mən şəxsən özümdə ehtiyac duyuram ki, «çox sağ ol» deyim. Əli Kərimli mitinqə daha çox adam cəlb edə bildi, ona zəng edib təşəkkür etdim, özü də bunu təsdiqləyər. Kimsə öz sahəsində uğur əldə edirsə, o insanlara təşəkkür etməyə hazıram. Buna görə nə utanıram, nə də çəkinirəm. Başa düşürəm insanlar niyə bunda problem görürlər...

Bloqer Emin Milli ilə müsahibə
Gözlə

No media source currently available

0:00 0:10:53 0:00

- Nəyə görə?

- İnsanlar qəzəblidirlər, nifrət var və hamımız bunun içində boğuluruq. Hakimiyyət nəsə etmək istəyir, amma, eyni zamanda, hakimiyyətini qorumağa çalışır. Müxalifət də nəsə etmək istəyir və 3-4 ay mitinq icazəsi gözləyir, başqa bir şey edə bilmir. Elə bil, hamımız dalana dirənmişik. Mənsə reallığı nəzərə alıb dalandan çıxış olaraq bir fikir söyləyirəm. Hökumət edəcək, ya yox, bilmirəm. Hamı elə bilir ki, İlham Əliyev rejimi getsə, Azərbaycanı inanılmaz xoşbəxtlik gözləyir. Mən belə düşünmürəm. İslahatlar aparılsa, neftə bağlı olmayan güclü iqtisadiyyatı yaransa, heç olmasa, Cənubi Koreya, Sinqapur modeli kimi müəyyən iqtisadi baza yaransa, ondan sonra siyasi, demokratik dəyişikliklər aparılsa, onda bu, dayanıqlı və demokratik model olacaq. Yoxsa elə ərəb ölkələrində bir-iki illik dəyişiklik oldu, amma... Bu, elə 1990-cı illərdə Azərbaycanda da baş verdi. Bir-iki il müddətinə hansısa populist lider hakimiyyətə gəlir, ancaq baza olmadığından, dövlət institutları, iqtisadiyyat çox zəif olduğundan hakimiyyətdə qala bilmir, əvəzinə daha avtoritar lider gəlir və ya o demokratik liderlər özləri avtoritar liderə çevrilirlər. Bunun bazasını oxuduğumdan, Azərbaycandakı vəziyyəti yaxşı analiz etdiyimdən hesab edirəm ki, bu gün Azərbaycan üçün ən optimal variant bu hakimiyyətin, heç olmasa, iqtisadi islahatlara getməsidir.

- Emin bəy, dediniz ki, heç olmasa, iqtisadi islahatlara gedilməlidir. Buna bənzər fikri sosial mediada da söyləmişdiniz, yəni iqtisadi islahatlar aparılsın, ancaq siyasi islahat gözləsin. Səhvim varsa, düzəliş edərsiniz. Bu yanaşma çox tənqid edildi, axı bu özü...

- Şahvələd bəy (köşə yazarı Şahvələd Çobanoğlu nəzərdə tutulur – A.R.) mənə cavab yazmışdı və fikirlərimi təhrif etmişdi. O mənim yazdıqlarımı tam paylaşmadı, oradan bir hissəni götürüb paylaşdı. Elə bir təəssürat yaratmaq istədi ki, guya mən Azərbaycanda insan haqlarının pozulmasının tərəfdarıyam və hökuməti də buna dəvət edirəm.

- Siz təxminən buna bənzər fikir söyləmisiniz. Yazmısınız ki, hakimiyyət indiki mərhələdə iqtisadi azadlıqları təmin edəcəyi, siyasi azadlıqları təmin edə bilməyəcəyi haqda açıq danışmalıdır.

- Mənim fikrimi kim necə interpretasiya etmək istəyirsə, öz işidir. Mən orda Sinqapur modelini misal göstərirəm, hakimiyyət bu yolla gedə bilər və bu, cəmiyyətdə böyük rəğbətlə qarşılanacaq. Azərbaycan xalqının əksəriyyəti bu gün iqtisadi hüquqlarının bərpasını, rifah içində yaşamaq istəyir. Şəxsən mənə bu kifayət etmir. Mən həm siyasi, həm də iqtisadi hüquqların olmasını istəyirəm. Amma indiki mərhələdə, indiki reallıqda Cənubi Koreyada olduğu kimi iqtisadi azadlıqları təmin etsə, bu, indikinə nisbətən daha ümidverici olacaq. Bu o demək deyil ki, müxalifət olmamalıdır, mübarizə aparılmamalıdır, vətəndaş cəmiyyəti aktiv olmamalıdır, vətəndaşlar azadlıq və hüquqlarını tələb etməməlidir. Əksinə, bu olmalıdır. Bu gün xalq da, müxalifət də status-kvo ilə barışıb, mən bunu ağrıyaraq deyirəm. Hesab etmirəm ki, Azərbaycan yüz faiz Sinqapur kimi, Cənubi Koreya kimi ola bilər. Azərbaycan Gürcüstan, ya Ukrayna da deyil. Mənə deyirlər, Azərbaycanı niyə Sinqapurla müqayisə edirsən, Gürcüstan və ya Ukrayna ilə müqayisə etmirsən? Mən inanmıram İlham Əliyev bu gün azad seçki keçirsin, bütün hüquqları təmin etsin. Bunu etsə, gərək hakimiyyəti qoyub getsin. Bunu etməyəcək. Amma iqtisadi açılıma getsə, güclü iqtisadiyyat yaranar, orta sinif formalaşar. Orta sinif formalaşmayana qədər Azərbaycanda ciddi islahatlar, dəyişikliklər real deyil.

Emin Milli: "Mənim suallarım var!"
Gözlə

No media source currently available

0:00 0:01:55 0:00

- İqtisadçılar isə azad iqtisadiyyatın qurulması üçün siyasi islahatların olmasını vacib sayırlar, deyirlər ki, məsələn, müstəqil məhkəmə sistemi olmadan azad sahibkarlığın inkişafı mümkün deyil.

- Tamamilə razıyam. Maksimalist yanaşanda deyirlər ki, azad məhkəmə olmasa, iqtisadi islahat mümkün deyil. Real olan odur ki, iqtisadi məsələlərdə vətəndaşların iqtisadi hüquqları təmin edilsin. Hakimiyyətin sifarişi, iradəsi olsa, məhkəmələr iqtisadi məsələlərdə sırf qanunauyğun fəaliyyət göstərə bilərlər. Bu, mümkündür. Yenə ideal, mənim istədiyim məhkəmə olmayacaq. İqtisadi sahədə azad və qanunauyğun şəkildə fəaliyyət göstərsələr, indikinə baxanda irəliyə atılmış addım olacaq.

- Yenə də yarımçıq addımdır.

- Bəli. Hesab etmirəm ki, Azərbaycanda bir-iki ilə siyasi sistem dəyişə bilər. İlham Əliyev hakimiyyətdən getsə belə, əmin edirəm ki, bu, Milli Şuranın, ReAL-ın mübarizəsi nəticəsində baş verməyəcək. Neftin qiymətinin aşağı düşməsi nəticəsində belə ssenari mümkündür. Amma oturub bunu gözləmək də istəməzdim. Ola bilər ki, 20-30 il hakimiyyət dəyişməsin. Bu halda, heç olmasa, iqtisadi islahatlar aparılmalıdır. Bu halda insanlar daha yaxşı yaşayacaqlar. İkincisi isə, demokratik açılım olanda iqtisadi gücü olan cəmiyyətlər dayanıqlı siyasi sistem qura bilirlər. Amma kasıb ölkələrdə hətta demokratik liderlər hakimiyyətə gələndə belə ölkəni idarə edə bilmirlər. Avtoritar sistemlər arasında çox böyük fərqlər var, bir var Şimali Koreya modeli, bir də var Cənubi Koreya modeli və ya Sinqapur, Çin modeli. Çinlə Sinqapur sürətlə inkişaf edir, sabah orda siyasi dəyişiklik olsa, bu, dayanıqlı, keyfiyyətli olacaq. Mən siyasi elmlər oxumuşam, bu məsələləri gözəl bildiyim üçün analiz edirəm. Ən böyük problemlərdən biri odur ki, Azərbaycan xalqı haqqını tələb etmir. 2012-ci ildə əsgər ölümlərinə etirazlar oldu. Məncə, uğurlu proses idi. Və ya «Salaam Sinema Baku» ətrafında olanlara baxaq. Çıxdılar konkret bir binanı qoruya bildilər.

- Azərbaycanda məmur sahibkarlığı, korrupsiya ləğv olunmadan inhisarçılıq aradan qaldırılmadan iqtisadi azadlıqların təmin edilməsi mümkündürmü?

- Mümkün deyil. Mütləq korrupsiyaya son qoyulmalıdır. Bir dəfə yazdım, tənqid atəşinə tutdular. Azərbaycanda ASAN Xidmət örnəyi var. İnam Kərimov bir məmur kimi bu işi öz üzərinə götürdü. İlham Əliyevin siyasi dəstəyi oldu, bu məmur da çox gözəl işini gördü.

- Siz İlham Əliyevin dəyişiklik niyyətindən danışırsınız. Amma buna şübhəylə yanaşılır. Səbəbsiz də deyil. O, hakimiyyətə gələndən az sonra seçki islahatı haqda, korrupsiya ilə mübarizə haqda da çox danışıb. 2005-ci ilin parlament seçkilərini xatırlayaq və ya korrupsiya ilə mübarizə haqda imzalanan sənədləri, yaradılan qurumları... Nə dəyişdi?

- İndi yeni bir vəziyyət yaranır. İldən-ilə Azərbaycana gələn gəlirlər azalır. Ona görə düşünürəm ki, vəziyyəti düzgün qiymətləndirsələr, görəcəklər islahatlara ciddi ehtiyac var. Söhbət islahatların imitasiyasından getmir. Hakimiyyət islahatlara getsə, onunla işləməyə də hazıram, kömək etməyə də hazıram, bütün bacarığımı, biliyimi bu işə sərf etməyə hazıram, mənə «satqın» da desələr. Yenə deyirəm, şərait dəyişib, əvvəlki pul yoxdur deyə, hakimiyyət müdrik olsa, islahatlara gedər.

- Müxalifəti çox tənqid edirsiniz. Amma onların da əks arqumentləri var, nə qədər üzvləri həbs edilib, mühacirətə gedib, müxtəlif şirnikləndirici vasitələrlə düşərgəsini dəyişib və s.

- Mən azadlıq, demokratiya uğrunda mübarizə aparan hər kəsin qabağında baş əyirəm. Onlar qəhrəmandır. Azərbaycan kimi neft gəlirləri çox olan ölkədə vəziyyətin səbəbkarı hakimiyyətdir, müxalifət nəsə etmək gücündə deyil. Müxalifətin zamanında rəqibini dəyişmək şansı oldu, bax, ondan düzgün istifadə edə bilmədilər. Səhvləri odur. Mənim məqsədim müxalifəti tənqid etmək deyil. Sadəcə, müxalifətin zəif olduğundan vəziyyəti dəyişmək gücündə olmadığını deyirəm. Amma Azərbaycanda sabah hansısa dəyişiklik olsa, bu ya islahatların nəticəsi olacaq, ya da gəlirlər azaldığı üçün insanların küçəyə çıxmasının. Müxalifət və ya konkret Milli Şura dövləti idarə edəcək imkana malik deyil. Mən Əli Kərimlidən, müxalifətdən üzr istədim. Adam qəzəbli olur. Son illər bu mübarizədə biz o qədər qurbanlar vermişik, bizə o qədər təzyiqlər olub ki, əsəblərimiz dözmür, qəzəbli oluruq, nifrətlə dolu oluruq. Son illər Əbülfəz Elçibəy, İsa Qəmbər, Əli Kərimli haqqında dediklərimə görə peşmanam. Mənim tənqidimdən sonra İlham Əliyev, Əli Kərimli fikrini dəyişən deyil. Amma inanıram ki, bu diskussiyalar onlara da kömək edə bilər, bəlkə də dalandan çıxa bilərik.

- MeydanTV-dən gedişinizlə bağlı statusda son olaraq yoqayla, idmanla məşğul olacağınızı yazmısınız. Bu bəzilərində çaşqınlıq yaratdı ki, Emin Milli zarafat edir ya ciddidir?

- Mən yoqa ilə cəmi 4-5 dəfə məşğul olmuşam. Gözəl bir şeydir. Təəssüf ki, başım indi başqa şeyə qarışıqdır. İdmanla məşğulam, qaçıram, əzələ islahatları ilə məşğulam deyə, yoqaya o qədər vaxt qalmır. İdman mənə pozitiv enerji verir. Bunu da insanlarla paylaşıram. İndi işsizəm. Almaniya qanunlarına görə, bir il ərzində maaşımın 70 faizini verəcəklər, sonra da işsizliyə görə müavinət. Bu müavinətlə normal yaşamaq da olur.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG