Keçid linkləri

Təcili xəbərlər
2020, 29 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 01:10

Avropa Məhkəməsi Emin Hüseynovun şikayətini araşdırır


Emin Hüseynov

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Azərbaycan vətəndaşlığından çıxarılmış Emin Hüseynovun şikayətini araşdırır. O Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun rəhbəridir.

Bu haqda məhkəmənin internet resursu xəbər verir.

Hazırda Avropaya sığınan hüquq müdafiəçisi Azərbaycanı tərk etdikdən sonra vətəndaşlığına xitam verilməsinin qanuniliyinə qarçı iddia qaldırıb.

Emin Hüseynov vəkilləri vasitəsilə AİHM-ə verdiyi şikayətində Azərbaycan vətəndaşlığından çıxarılması zamanı hökumətin onun Avropa Konvensiyasında nəzərdə tutulan bəzi hüquqlarını pozduğunu iddia edib.

Şikayətdə Emin Hüseynova münasibətdə Konvensiyasının 8-ci (Şəxsi həyata və ailə həyatına hörmət hüququ), 10-cu (İfadə azadlığı), 13-cü (Səmərəli hüquq vasitələri hüququ) və 18-ci (Hüquqlarla bağlı məhdudiyyətlərdən istifadənin hədləri) maddələrinin pozulduğu iddia olunur.

AİHM şikayətlə bağlı aprelin 16-da Azərbaycan hökumətinə aydınlaşdırıcı məzmunda suallar göndərib. Hökumət 3 ay ərzində həmin suallara cavab verməlidir.

Emin Hüseynov işi haqda...

2013-cü ildə Azərbaycanın Baş Prokurorluğu ölkədə fəaliyyət göstərən yerli və beynəlxalq QHT-lərin fəaliyyəti ilə bağlı cinayət işi açıb.

Həmin vaxt Reportyorların Azadlıq və Təhlükəsizliyi İnstitutunun sədri Emin Hüseynov da bu istintaqa cəlb edilib.

Bir sıra bəzi hüquq müdafiəçisi kimi, ona qarşı da qanunsuz fəaliyyət, vergidən yayınma və başqa ittihamlar irəli sürüldüyü bildirilib.

Emin Hüseynov 2014-cü ilin avqustundan İsveçrənin Bakıdakı səfirliyinə sığınıb.

10 ay səfirlikə qalan Emin Hüseynovun 2015-ci ildə Azərbaycanı tərk etdiyi bildirilir. Onun I Avropa Oyunlarının açılış mərasimində iştirak edən İsveçrənin xarici işlər naziri Didier Burkhalter-in təyyarəsi ilə ölkədən çıxdığı deyilir. Həmin vaxt İsveçrənin Xarici İşlər Nazirliyindən belə bildirmişdilər.

Nazirliyin rəsmilərindən biri mediaya açıqlamasında demişdi ki, Emin Hüseynovun ölkədən çıxarılması iki ölkə arasında uzun danışıqlar nəticəsində baş tutub.

Prezident nə demişdi?

Emin Hüseynovun Azərbaycandan gedişi haqqında sonralar prezident İlham Əliyev də danışmışdı. 2016-cı ilin sentyabrında Avropa İttifaqı - Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin nümayəndə heyətini qəbul edərkən prezident bunları bildirmişdi:

“Bu şəxs mənə məktub yazaraq onu vətəndaşlıqdan məhrum etməyi xahiş edib. Bu, Azərbaycan qanunvericiliyinə əsasən edilib. Onu bir neçə ay səfirliyində gizləndiyi İsveçrənin xarici işlər naziri buraya gələrək öz təyyarəsi ilə İsveçrəyə aparıb. Bununla bağlı Azərbaycan Xarici İşlər Nazirliyi və İsveçrə Xarici İşlər Nazirliyi arasında razılıq əldə olunub. Sənədlər var, Hüseynovun məktubu var. Heç kim onu vətəndaşlıqdan çıxarmayıb. Bu, yenə də daha bir yalandır.”

XS
SM
MD
LG