Keçid linkləri

Təcili xəbərlər
2023, 05 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 11:43

Həbsdən çıxan hüquqşünası ölkədən buraxmadılar


Emin Aslan
Emin Aslan

Hüquqşünas Emin Aslanovun (Aslan) Azərbaycandan çıxışına "stop" qoyulub.

Bu haqda Turan-a onun yaxınları bildiriblər.

Onların sözlərinə görə, Emin Aslan iyulun 18-də səhər Qazaxdakı sərhəd keçid məntəqəsindən Gürcüstana səfər etmək istəyib. Ancaq onun sərhədi keçməsinə icazə verməyiblər.

“Sərhəddə ona deyiblər ki, ölkədən çıxışına mayın sonunda “stop” qoyulub. Məhdudiyyətin Daxili İşlər Nazirliyi tərəfindən qoyuldugu bildirilib”, - yaxınları Turan-a deyib.

Onlar qərarla baglı “aydınlaşdırıcı məlumatın” əldə edilməsi məqsədilə rəsmi qurumlara müraciət edəcəklərini bildirirlər.

Deyilənlərə hələlik Daxili İşlər Nazirliyindən münasibət öyrənmək mümkün olmayıb.

Emin Aslan ötən həftə həbsdən azadlıga çıxmışdı.

İyunun 4-də saxlanılan hüquqşünas inzibati qaydada həbs edilmişdi. İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (polisin qanuni tələbinə tabe olmama) maddəsi ilə günahlandırılan Emin Aslana Nərimanov Rayon Məhkəməsi 30 sutka inzibati həbs verib.

Xatırlatma

Emin Aslanı iyunun 4-də günortadan sonra “Park Bulvar” ticarət mərkəzində özlərini təqdim etməyən 3 nəfərin saxladığı bildirilirdi.

Yaxınlarının dediyinə görə, onlar hadisə ilə bağlı hələ iyunun 4-də Daxili İşlər Nazirliyinə müraciət etsələr də, onlara nazirliyin 102 xidmətindən ərazi üzrə polis bölməsinə müraciət olunması tövsiyə edilmişdi.

Üstəlik, Emin Aslanın vəkili onun saxlandığı ehtimal edilən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə getsə də, onun burada saxlandığı təsdiq edilməmişdi. Sonradan isə onun elə həmin idarədə olduğu açıqlandı.

Hüquqşünas E.Aslan son 6-7 il ərzində, əsasən, müxtəlif qeyri-hökumət təşkilatları və beynəlxalq qurumlarla əməkdaşlıq edib.

O 2014-cü ildən sonra bir müddət Gürcüstanda yaşayıb və işləyib. İki il əvvəl isə o, ABŞ-dakı Sirakuz Universitetinə daxil olub.

Emin Aslan həbsindən bir neçə gün öncə Bakıya qayıtmışdı.

XS
SM
MD
LG