Keçid linkləri

Təcili xəbərlər
2018, 16 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 23:36

Nazir müavininin qohumu həbsdən buraxıldı


Foto illüstrasiya

Nəqliyyat Nazirliyi ləğv olunana qədər nazir müavini, ondan əvvəl isə «Dövlət Dəmir Yolları» QSC-nin rəhbəri olmuş Arif Əsgərovun həbsdəki qohumu Emil Hüseynov məhkəmə zalından buraxılıb. E.Hüseynov təxminən üç milyonluq dələduzluqda suçlanır.

İttihama görə, Hüseynov iş qurmaq - Gürcüstandan izolyasiya materialları və başqa avadanlıqlar gətirmək adı ilə müxtəlif adamlardan böyük məbləğdə pullar alıb. Amma nə iş düzəlib, nə də pullar qayıdıb. İş üzrə zərərçəkmiş qismində tanınan Tural Hüseynovdan 382 min dollar, Namiq Mehtiyevdən 80 min manat, Emil Məmmədovdan 2 milyon 500 min dollar, Mərziyyə Rzayevadan 19 min 500 manat pul aldığı iddia olunur. Onun haqqında cinayət işi də bu adamların hüquq-mühafizə orqanlarına müraciətləri əsasında başlanıb.

Sabiq nazir müavininin qohumu İnterpol xətti ilə axtarışa verilib. O, 2016-cı ilin dekabrında Qazaxıstanda saxlanılaraq, Azərbaycanın hüquq-mühafizə orqanlarına təhvil verilib.

Hələ ki, bu iş üzrə istintaq davam edir. Emil Hüseynovun vəkili onun barəsində həbs-qətimkan tədbirinin dəyişdirilməsi üçün məhkəməyə vəsatət verib. Səbail Rayon Məhkəməsində vəsatətə baxılıb və təmin olunub. E.Hüseynov ev dustaqlığına buraxılıb.

Amma zərərçəkmişlər bu qərardan narazıdır. Onlardan Tural Hüseynovun vəkili Emil Aslanov AzadlıqRadiosuna bildirib ki, qərardan apellyasiya şikayəti verəcəklər. Hüquqlarını müdafiə etdiyi zərərçəkənin E.Hüseynovun ucbatından müflisləşdiyini deyən vəkil ona qarşı 1 milyonluq mülki iddia qaldırıldığını bildirib. Onlar həmçinin, prezidentə və xanımı Mehriban Əliyevaya müraciət ediblər.

Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə ittiham olunan Emil Hüseynov Arif Əsgərovun baldızının oğludur.

Günün bütün mövzuları

XS
SM
MD
LG