Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 11:22

'Əməkdar müəllim'ə həbs cəzası


Pul
Pul

«Məni hədələyir ki, adını çəksəm, düşmənçilik olacaq. Həyat yoldaşı polisdir. Dedi ki, «əgər adımı çəksən, özünü də, ailəni də ölmüş bil». Ona görə də kim olduğunu deyə bilmirəm...», – əməkdar müəllim Nuriyyə Ağayevanın sözləridir.

N.Ağayevaya fevralın 19-da Bakı Ağır Cinayətlər Məhkəməsində hökm oxunub - 3 il 6 ay azadlıqdan məhrum edilib.

62 yaşlı N.Ağayeva filologiya elmləri namizədidir, 2000-ci ilin martında «Əməkdar müəllim» adına layiq görülüb. İndi isə ali məktəblərə tələbə qəbulu, işə düzəltmək adı ilə müxtəlif adamlardan pul alıb onları aldatmaqda suçlanır.

N.Ağayevanın işi məhkəməyə CM-nin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə gəlmişdi. 2017-ci ilin sonunda Cinayət Məcəlləsinə edilən dəyişiklikdən sonra dələduzluğa görə məsuliyyət nəzərdə tutan 178-ci maddədə vurulan ziyanın məbləği 50 min manatdan yuxarı olduqda «külli miqdar» sayılır.

***Buna da bax-Adamların lombarda qoyduğu 200 minlik qızıl-brilyant hara gedib

N.Ağayevanın ayrı-ayrı adamlardan alıb qaytarmadığı ümumi məbləğ 50 min manatdan aşağı olduğundan hökm çıxarılarkən məhkəmə ona verilən ittiham maddəsini də dəyişib və CM-nin 178.2.2 (xeyli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsinə tövsif edib. N.Ağayevanın həbsindən sonra alınmış pulların bir hissəsi qaytarıldığına görə ümumi məbləğ 50 min manatdan az olub.

Fevralın 19-da hökmdən əvvəl N.Ağayeva çıxış edərkən hakimlərdən zərərçəkmişlərin pulunu qaytarmaqdan ötrü ona yenə möhlət verilməsini istəyib. Amma hakimlər razılaşmayıb. Bildiriblər ki, əvvəlki məhkəmə iclaslarında ona xeyli vaxt verilib.

«Adını çəkə bilmirəm»

İttihama görə, N.Ağayeva 5 nəfərə qarşı dələduzluq edib. O, zərərçəkmiş Rövşən Həsənovdan oğlunu Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə qəbul etdirmək vədi ilə 4 min manat alıb. Amma nə oğlu universitetə qəbul olunub, nə də pul geri qayıdıb.

***Buna da bax-Veteranlardan rüşvət iddiası: 'Bizdən maşına, torpağa görə pul istədilər'

Mənsurə Əliyeva adlı zərərçəkmiş isə nəvəsinin həmin universitetdə oxumasını istəyib və bu məqsədlə 7 min manat pul verib. Onunla bağlı nəticə də eyni olub.

Zərərçəkmiş Zemfira İmanova isə oğlunun universitetə qəbul olunması üçün 30 min manat verdiyini bildirib. Yenə də universitetə tələbə qəbulu adı ilə başqa bir zərərçəkmişdən isə 25 min manat alınıb.

Məhərrəm Quliyev də N.Ağayevaya 3 min manat pul verib. Amma ona oğlunu SOCAR-a sürücü işinə düzəltmək vəd olunub.

Zərərçəkmişlər bunları məhkəmədə də dilə gətiriblər. N.Ağayeva özü də onlardan pul aldığını təkzib etməyib. Bildirib ki, aldığı pulları başqasına verib. Amma həmin adamın adını açıqlaya bilmir: «Məni hədələyir. Ona görə də adını çəkə bilmirəm. Onun ucbatından altı aydır buradayam...».

Hökmdən öncəki son məhkəmə iclasında isə hakimlərdən vaxt istəyərkən belə demişdi: «Hazırda Türkiyədədir. Onunla danışdım, pulları qaytaracağını dedi. Ona görə zərərçəkmişlərdən də, sizdən də xahiş edirəm ki, mənə vaxt verəsiniz...».

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG