Keçid linkləri

2024, 08 Dekabr, bazar, Bakı vaxtı 04:23

Zəhmətkeş hüquqlarını tələb etməkdən niyə qorxur?


İşçini 11 saat işlədənlər kimlərdir?
Gözlə

No media source currently available

0:00 0:14:40 0:00

İşçini 11 saat işlədənlər kimlərdir?

Bu gün - mayın 1-i bəzi ölkələrdə "Zəhmətkeşlərin Beynəlxalq Həmrəyliyi Günü"dür. Düzdür, bu gün Azərbaycanda rəsmi bayramlar sırasından çıxırılıb və ölkədə zəhmətkeşlərin əmək hüquqlarının pozulmasından şikayətlər də nə qədər desən var.

"ETİRAZ ETDİYİMƏ GÖRƏ..."

15 il Dövlət Neft Şirkəti - SOCAR-da usta işləyən Sakit Əliyev də pozulmuş haqlarını axtaranlardan biridir. O, deyir ki, qanunsuz olaraq, gündə 11 saat işləmək tələbinə etiraz edib. Nəticədə işdən çıxarılıb:

"Bizə dedilər ki, 11 saat işləməlisiz, onun da bir saatı pulsuz. Mən də buna etiraz etdiyimə görə işdən çıxartdılar. Fəhlələrin etiraz edib, səslərini çıxarmaqlarını istəmirdilər. Ona görə də öz hegemonluqlarını göstərib, məni nəinki işdən çıxartdılar, 3 aylıq təzminatımı, 21 günlük məzuniyyət pulumu da ödəməkdən boyun qaçırdılar".

Sakit Əliyev başına gələnlər haqqında AzadlıqRadiosuna bir il öncə danışmışdı. Bildirirdi ki, hüquqlarının bərpası üçün müraciət etmədiyi qurum qalmayıb. Amma heç nəyə nail ola bilmir. Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin rəhbəri Mirvari Qəhrəmanlı deyir ki, dövlət neft şirkətində əmək hüquqlarının pozulması barədə ona da tez-tez müraciətlər olur.

Amma AzadlıqRadiosu şirkətdən bu iddialara şərh ala bilməyib, mətbuat xidməti telefon zənglərinə cavab verməyib.

ZƏHMƏTKEŞİN HÜQUQUNU QORUMALI OLAN QURUM NECƏ İŞLƏYİR?

İqtisadi və Sosial İnkişaf Mərkəzinin eksperti Rəşad Həsənov hesab edir ki, əmək hüquqlarının pozulmasının belə geniş yayılmasının əsas səbəbi zəhmətkeşlərin hüququnu qoruyacaq institutun olmamasıdır:

“Həmkarlar İttifaqları əslində dövlətlə qarşı-qarşıya dayanan, ona müxalif olan, zəhmətkeşin hüququnu qoruyan bir struktur olmalıdır. Amma Azərbaycanda biz bunun tam əskini görürük. Həmkarlar İttifaqının dövlətlə mübarizəsini görə bilmirik. Qanunvericiliyin işləməsi istiqamətində cəhdlərini görə bilmirik. Yəni, azərbaycanlı zəhmətkeş belə bir mexanizmdən məhrumdur. Bu institut Azərbaycanda işlək deyil ki, zəhmətkeşin tapdanan hüquqlarını qorusun”.

ASAN XİDMƏTDƏ YENİ QURUM...

Azərbaycan hökuməti əsas hədəflərindən birinin ölkədə əmək hüquqları ilə bağlı problemləri çözmək olduğunu bəyan edir.

Rəsmi məlumatlarda bu istiqamətdə 2016-cı ildə Əmək Məcəlləsinə 200-dən çox dəyişiklik edildiyi vurğulanır.

2017-ci ildə isə Prezident İlham Əliyev "tikintidə qeyri-rəsmi əmək münasibətlərinin qarşısının alınması ilə bağlı" fərman imzalayıb.

ASAN xidmətinin balansında Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi yaradılıb. Bu Mərkəzin Yaradılmasına görə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətində ştat sayı azaldılıb.

Baş nazirin müavini Əli Əhmədov ötən il iş adamları ilə görüşündə bildirib ki, bu sahəyə nəzarət gücləndirilir.

İŞÇİ İŞİNİ İTİRMƏKDƏN QORXUR, HAQQINI TƏLƏB ETMİR

İşadamı Nazim Bəydəmirli bildirir ki, onun təsisçisi olduğu şirkətlərdə 200-ə qədər işçi var:

“Biz əmək məcəlləsinə uyğun olaraq, işçiyə öz hüquqlarını izah edirik. Bir illik müqavilə imzalayırıq. Amma təəssüflər olsun ki, bəzən işçilər öz hüquqlarını bilmirlər. Ölkədəki işsizlik ucbatından, işlərini itirmək qorxusundan əlavə suallar verməyə belə çəkinirlər”.

Nazim Bəydəmirlinin fikrincə, başqa bir səbəb Azərbaycanda mövcud olan vergi yüküdür. O deyir ki, Azərbaycanda işəgötürən 39 faiz gəlir vergisi və sosial ödəniş etməlidir. Tutalım, Gürcüstanda bu, cəmi 20 faizdir. Belə olanda işəgötürən özünü yükdən azad etmək üçün qanun pozuntusuna gedə bilir. Bir tərəfdə işini itirmək qorxusu yaşayan işçi, digər tərəfdə vergi ilə yüklənmiş işadamı. Nazim Bəydəmirlinin fikrincə, nə qədər ki, problemi yaradan səbəblər həll olunmayacaq hələ Azərbaycanda əmək hüquqlarının pozulması ciddi müzakirə mövzusu olaraq qalacaq.

ƏMƏK MÜNASİBƏTLƏRİNİN DOĞURDUĞU PROBLEMLƏR...

Bakı sakinləri isə ən müxtəlif hüquq pozuntularından danışırlar. Azərbaycanda fəhlələrin hansı hüquqları daha tez-tez pozulur. AzadlıqRadiosu bunu adi adamların özlərindən öyrənməyə çalışıb:

Sizcə, Azərbaycanda fəhlələrin hansı hüquqları daha tez-tez pozulur?
Gözlə

No media source currently available

0:00 0:01:34 0:00

Azərbaycanda əmək hüquqlarının pozulması sırasında ən çox tərəflər arasında müqavilələrin bağlanmaması, maaşın daha aşağı rəsmiləşdirilməsi, təzminat ödənilmədən müqavilələrin ləğvi sadalanır.

Ekspertlər bildirirlər ki, “qara mühasibat” sosial müdafiə fonduna daxilolmalara, təqaüdlərin verilməsinə və digər problemlərə gətirib çıxarır. Başqa sözlə, bu problemlərin də həlli elə əmək münasibətlərinin tənzimlənməsindən keçir.

XS
SM
MD
LG