Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 04:33

Son 5 ayda əmanətlərdə 2 milyard manatlıq azalma var


Manat
Manat

Son 5 ayda əhalinin banklarda olan əmanətləri 2 milyard manat (20.1 faiz) azalıb. İqtisadçı ekspert Qubad İbadoğlunun fikrincə, bunun başlıca səbəbi əhalinin banklara inamsızlığıdır:

«Çünki son zamanlar bankların maliyyə durumunda gözə dəyən qeyri-sabitlik əmanətçilərdə ciddi rahatsızlıq doğurub. Yanvar-may aylarında kredit qoyuluşunun 8.9 faiz azalması ilə yanaşı, problemli kredit həcminin 9.9 faiz artması onsuz da iqtisadi durumu pis olan banklara inamı daha da sarsıdıb. «TexnikaBank»dan sonra «Bank Standard»da da maliyyə gərginliyi yaşayan müştərilərin vəziyyətinə düşməməyin yolunu digər banklardan da depozitlərini geri çəkməkdə görən əmanətçilərin sayı xeyli artıb. Bu halın getdikcə kütləvi xarakter alması bank sistemi üçün ciddi siqnal sayıla bilər».

Ekspertin qənaətincə, müvafiq qurumlar baş verənlərə yetərli reaksiya vermir: «Təəssüf ki, nəinki Mərkəzi Bank, hətta Maliyyə Bazarlarına Nəzarət Palatası da bu prosesləri müşahidə mövqeyindədir».

«…YAXŞI PERSPEKTİV VƏD ETMİR»

Q.İbadoğlu bank əmanətlərin geri çəkilməsinin bir başqa səbəbini əhalinin getdikcə yoxsullaşmasında, əvvəlki kimi dolana bilməməsində görür: «Bu isə Azərbaycan iqtisadiyyatının kiçilməsi ucbatından bağlanan biznes strukturlarının, məhdudlaşan investisiya layihələrinin, ixtisar olunan iş yerlərinin, dəyərsizləşən əməkhaqqı və pensiyaların, eləcə də bahalaşan qiymətlərə görə artan xərclərin yaratdığı yeni sosial-iqtisadi mühitin indiki tələbləri kimi qiymətləndirilə bilər. Xüsusən orta təbəqənin şəxsi ehtiyatlarının tükənməsi onların bank yığımlarını geri çəkib istehlaka yönəltməsini şərtləndirir. Bu isə nə banklara, nə də depozitlərini geri çəkən müştərilərə yaxşı perspektiv vəd etmir. Çünki bu əməliyyat nəticəsində hər iki tərəf - həm banklar, həm də əmanətçilər potensial qazanclarından məhrum olurlar».

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG