Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 01:34

Elvis Presley haqqında film çəkilir


Elvis Presley
Elvis Presley

Avstraliyalı kinorejissor və prodüser Baz Luhrmann «Warner Bros» studiyasının sifarişi ilə Elvis Presley haqqında film çəkməyə hazırlaşır. Filmin adı, hələlik, bilinmir.

Rejissor eyni zamanda rus yazıçısı Mikhail Bulgakov-un ən sevilən romanı «Usta və Marqarita» romanından istifadə hüququ da əldə etməyə çalışıb. Bu hüquqların sahibi «17 saylı əfsanə» (Легенда №17) filminin prodüseri Svetlana Migunova-Dali və əvvəllər John Cussack-ın prodüser ortağı olmuş Grace Loh-dur. Onlar bu filmə Luhrmann-la birgə prodüserlik edəcəklər.

Deadline.com saytı yazır: «Mikhail Bulgakov-un XX əsrin ən gözəl əsərlərindən sayılan «Usta və Marqarita» romanı o dövr sovet cəmiyyətinin fantastik və dağıdıcı satirası, Faust və Məsihin çarmıxa çəkilməsinə cəsarətli baxış, zaman və məkana sığmayan sevgi hekayəsi üzərində qurulub».

Stalin rejiminin ən qaranlıq dövründə yazılmış, Bulgakov-un özünün həyatda olduğu dövrdə yasaqlanmış romanın senzuradan keçmiş versiyası yalnız 1960-cı ildə işıq üzü görüb və dərhal dünya miqyaslı ədəbi fenomenə çevrilərək, bir neçə digər əfsanəvi əsərin yaranmasına ilham verib. «Rolling Stones» qrupunun «Sympathy for the Devil» və Salman Rushdie-nin «Şeytan ayələri» kitabı bu qəbildəndir. 40-dan çox dilə tərcümə olunmuş bu romanın bütün dünyada 100 milyondan artıq nüsxəsi satılıb. Roman davamlı olaraq dünya ədəbiyyatının ən böyük inciləri siyahısına daxil edilir.

«Axır ki…»

«Bəlkə də 20 il olar özümlə «Usta və Marqarita» arasında inanılmaz bağlantı duyuram. Neçə vaxtdır bu qeyri-adi kitabdan istifadə hüququnu əldə etməyə çalışıram. Axır ki, bu yenilikçi əsərin interpretasiyasını yaratmaq imkanı qazandığım üçün çox xoşbəxtəm», - Luhrmann-ın sözləridir.

«Baz-la «Usta və Marqarita» üzərində işləmək böyük bir arzunun gerçəkləşməsidir. Bulgakov-un sözləri indinin özündə də yüz il əvvəlki qədər kəskin səslənir və biz bu möhtəşəm əhvalatı dünya auditoriyasına çıxarmaq üçün daha parlaq və irəlini görən bir rejissor təsəvvür edə bilmərik», - Migunova-DaliLoh sayta müsahibələrində belə deyiblər.

Luhrmann bu layihəni özünün Len Blavatnik-lə ortaq «Baz&Co» şirkətində reallaşdıracaq. Ser Len Blavatnik Odessada doğulmuş britaniyalı və amerikalı işadamıdır. Luhrmann və onun dəfələrlə Oskar mükafatına layiq görülmüş dizayner xanımı Catherine Martin daha öncə Mayami Biçdəki «Faena» otelinin yaradılmasında Blavatnik-lə əməkdaşlıq edib.

Müziklin gəliri həftədə 2 milyon dolları aşır

Luhrmann-ın sevilən, fərqli, çoxsaylı mükafatlara layiq görülmüş «Moulin Rouge» filminin əsasında yaradılmış eyniadlı «Brodvey» müziklı illərdir ki, böyük hitlərdən sayılır. Müziklin gəliri həftədə 2 milyon dolları aşır. Lurhmann müzikli müşayiət edən albomun prodüseridir. «House of Iona» şirkətinin hazırladığı həmin albom bu qış Grammy mükafatına namizəd göstərilib. Müzikl bu il San-Fransisko, Çikaqo, Yeni Orlean, London və Melburnda oynanılacaq.

Luhrmann Elvis Presley haqqında, hələlik, adsız filminin çəkilişlərinə ötən ay başlayıb. Avstraliyada çəkilməyə başlayan filmdə baş qəhrəmanı «Bir zamanlar Amerikada» filmindən tanınan Austin Butler oynayır. Tom Hanks filmdə polkovnik Tom Parker rolunu canlandıracaq.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG