Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 08:16

'7 ildir oğlumun ölümünün əsl səbəbləri ört-basdır edilir'


Əli Hüseynov
Əli Hüseynov

«5 il əvvəl sizə müraciət etdim, oğlumun polis zərbəsindən öldüyünü bildirdim, Daxili İşlər Nazirliyinə çağırdılar, dedilər, «kişi, ora-bura yazma, imkan ver, araşdıraq, işin sonuna çıxaq». Məni aldatdılar. O vaxtdan oğlumun qanı hələ də yerdə qalıb. Onun gənc həyatına qıyan polislər cəzalandırılmayıb».

Bunu AzadlıqRadiosuna Əli Hüseynov deyir. O, 2012-ci ildə də «Qaynar xətt»ə müraciət etmişdi.

«BİR ZƏRBƏ OĞLUMUN TALEYİNİ HƏLL ETDİ»

Əli Hüseynovun oğlu Elşən Hüseynli 2010-cu ildə – 31 yaşındaykən Bakı-Şamaxı yolunun 11-ci kilometrliyində Yol Patrul Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. Ata iddia edir ki, yol polisləri Elşəni yumruqla vurublar. Elşən zərbədən ölüb: «Oğlum heç bir qaydanı pozmamışdı. Maşını saxlatdırdılar. Oğlum düşüb yol patrul polisi maşınına yaxınlaşdı, şüşəni endirdilər, oğlum sənədləri təqdim elədi, qaydanı pozmadığı halda niyə saxlandığını soruşanda, sifətindən zərbə ilişdirdilər. Səndələyib arxaya getdi, arxası üstə səkiyə yıxıldı. Tez düşüb yanına qaçdım, huşunu itirmişdi. Polislərə qışqırdım ki, oğlumu niyə vurdunuz? Dedilər, «bizlik deyil, oğlun özü yıxıldı». Ancaq burnunun üstündə zərbənin yeri aydın görünürdü».

Ata bir daha o illərə qayıdır, baş verən hadisəni danışır. Deyir, yol polisləri qorxuya düşüb Elşəni xəstəxanaya götürsələr də, həyatını xilas etmək mümkün olmayıb: «Elşənin heç bir xəstəliyi yox idi. Sağlam gənc oğlan idi. Onun hər hansı xəstəliyi olsaydı, Amerika səfirliyinin dəniz piyadaları bölməsinə işə götürülməzdi. Polisin bir zərbəsi oğlumun taleyini həll etdi».

ÜRƏK ÇATIŞMAZLIĞI?

Ata dəfələrlə Daxili İşlər Nazirliyində və Baş Prokurorluqda olub, oğlunun ölüm faktının ədalətli araşdırılmasını tələb edib: «Məktub və teleqram şəklində 523 dəfə müraciət etmişəm. Hamısına da Binəqədi rayon Prokurorluğunun qərarını cavab olaraq mənə göndərirlər. Halbuki, özüm o qərarla razılaşmadığım üçün 7 ildir ki, müraciət edirəm».

Binəqədi rayon Prokurorluğu hələ 7 il öncə Elşən Hüseynlinin ölümünü araşdırarkən atanın ittiham etdiyi yol polislərini dindirib. Yol polisi Vüqar Ələkbərov izahatında bildirib ki, polis baş serjantı Azad Ağayevlə birlikdə Bakı-Şamaxı-Yevlax yolunun 10-cu kilometrliyində xidmət apararkən yol hərəkəti qaydasını pozduğuna görə sürücü Elşən Hüseynliyə maşını saxlamaq işarəsi veriblər. Sürücü maşından düşüb onlara tərəf gəlib. Əvvəl maşını idarə edən Azad Ağayev tərəfə yaxınlaşıb, «rəis, nəyə görə saxladın, nə qulluq», – deyə soruşub. Sonra maşının arxa tərəfindən keçərək ön salonda əyləşmiş Vüqar Ələkbərova yaxınlaşmaq istəyib. Arxa qapıya çatanda qəflətən yerə yıxılıb. Polislər sürücünün qoluna girərək onu səkiyə oturdublar. Vəziyyətinin yaxşı olmadığını görəndə, əvvəl təcili yardım çağırıblar. Təcili yardımı gözləmədən öz maşınları ilə xəstəxanaya götürüblər: «Həkimlər süni nəfəs verdi, ilkin yardım göstərildi, ancaq həyatda qalmadı. Həkimlər bildirdilər ki, ölümə səbəb ürək çatışmazlığı olub».

XƏSARƏT YIXILMADAN YARANIB

Ekspert isə Elşən Hüseynlinin burnundakı xəsarəti yıxılma nəticəsində alması barədə rəy verib.

Binəqədi rayon Prokurorluğu ölüm işində cinayət izi olmadığını əsas gətirərək, cinayət işi başlanmasına xitam verib. Atanın qərardan verdiyi şikayət təmin olunmayıb.

Əli Hüseynov oğlunun ölüm işinin yenidən və başqa istintaq qrupu tərəfindən araşdırılması üçün baş prokuror Zakir Qaralova müraciət edib.

Qeyri-iş günləri olduğundan Baş Prokurorluqdan atanın müraciətinə münasibət öyrənmək mümkün olmayıb.

XS
SM
MD
LG