Keçid linkləri

Təcili xəbərlər
2018, 18 İyun, Bazar ertəsi, Bakı vaxtı 11:58

Elon Musk: ‘Marsda məskunlaşmağa başlamalıyıq, yoxsa...’


SpaceX layihəsi rəhbəri Elon Musk. Dragon V2 kosmik gəmisi.

SpaceX və Tesla şirkətlərinin yaradıcısı Elon Musk bazar günü – martın 11-də deyib ki, bəşəriyyət mümkün üçüncü dünya müharibəsi təhlükəsindən xilas olmaq üçün Marsda koloniyalar yaratmalıdır.

“Marsda dayanıqlı baza yaratmaq vacibdir, çünki o, Yerdən yetərincə uzaqdadır və müharibə olarsa, onun həyatda qalması ehtimalı Aydakı bazadan daha artıqdır”, – deyə Musk SXSW festivalının səhnəsindən deyib. Qeyd edək ki, Musk-ın bu çıxışından cəmi bir neçə gün öncə ABŞ prezidenti Donald Trump artmaqda olan nüvə gərginliyini azaltmaq üçün Şimali Koreya lideri Kim Jong-un-la görüşmək planlarını açıqlayıb.

“Əgər üçüncü dünya müharibəsi baş verərsə, biz ...qaranlıq dövrün ömrünü qısaltmaq naminə başqa bir yerdə insan sivilizasiyasının kifayət qədər toxumunun mövcudluğuna əmin olmaq istəyirik”, – Musk dostu, "Westworld" televiziya şousunun yaradıcılarından biri Jonah Nolan-ın sualına cavabında deyib.

Buna da bax: Elon Musk indi də İnternet sahəsində inqilab etmək istəyir

“NƏHƏNG RESURSLAR”

Elon Musk-ın SpaceX şirkəti insanları Marsa daşıyacaq kosmik gəmi yaratmaq üzərində çalışır. Söhbət kod adı BFR (Big Fucking Rocket) olan 100 metrlik gəmidən gedir. Ancaq Musk deyib ki, Marsda koloniya yaratmaq "nəhəng ...resurslar" tələb edəcək.

O həmçinin Marsın "zənginlər üçün pənah yeri" ola biləcəyinə dair iddialara da cavab verib və missiyanın risklərindən danışıb: “Bu Shackleton-un Antarktida ekspedisiyalarının reklamları kimi olacaq: "Çətin, təhlükəli, ölmək ehtimalınız böyükdür, ancaq sağ qalanları böyük həyəcan gözləyir". Bunun kimi bir şey olacaq. (Söhbət britaniyalı qütb tədqiqatçısı Ser Ernest Shackleton-dan gedir. - tərc.) İlk vaxtlar getmək istəyən adamların sayı çox olmayacaq", – Musk deyib.

O əlavə edib ki, zamanla Qırmızı Planetdəki koloniya yaşamağa daha əlverişli olacaq.

Buna da bax: Ərəb şeyxləri Marsa missiya göndərirlər

Musk bildirib ki, BFR-ın ilk uçuşu 2019-cu ilin ilk yarısına təsadüf edəcək. Ancaq o, ləngimələrin mümkünlüyünü da istisna etməyib. Tesla-nın Model 3 elektrik avtomobilinin istehsalında da ləngimələr olmuşdu.

Musk ilk vaxtlar SpaceX və Tesla-nın uğurluluq ehtimalını cəmi 10% civarında dəyərləndirdiyini bildirib.

“Mən dostlarımın investisiya qoymasına razı olmazdım, çünki onların pul itirməsini istəmirdim", – o, SpaceX haqda danışarkən deyib. Bunun əvəzində o, öz yeni şirkətlərinə PayPal-ı satarkən əldə etdiyi vəsaiti yatırıb.

“...İşlər bir qədər fərqli məcrada getsəydi, indi hər iki şirkət (SpaceX və Tesla) ölmüş olardı", – o deyib.

SÜNİ ZƏKANIN TƏHLÜKƏSİ

Musk bundan başqa hazırda tənzimlənməyən süni zəkanın inkişafından çox narahat olduğunu, gecələr oyaq qaldığını deyib. O, daha öncə də tənzimlənməyən süni zəkanın bəşəriyyəti üçüncü dünya müharibəsinə sürükləyə biləcəyi haqda xəbərdarlıq edib.

Buna da bax: Süni intellekt şahmatı 4 saata öyrənib dünya birincisi oldu

“Sözlərimi yadınızda saxlayın. Süni zəka nüvə silahlarından qat-qat təhlükəlidir. O halda niyə bu sahəyə nizamlayıcı nəzarət tətbiq etmirik?", – Musk deyib.

O, bunun üçün xüsusi bir ictimai qurumun yaradılmasını təklif edib. Bu qurumun işi hər kəsin təhlükəsiz və "bəşəriyyətlə simbioz halında olan" süni zəka yaratmasına nəzarət etməkdən ibarət olmalıdır.

Ancaq Musk deyib ki, hətta təhlükəsizlik parametrləri düşünülən zaman belə müxtəlif qəddar və gözlənilməz risklər meydana çıxa bilər. Əgər süni zəkanın məqsədi insanların xoşbəxtliyini maksimallaşdırmaqdırsa, superağıllı süni zəka bir gün qərar verə bilər ki, bunun ən yaxşı yolu bütün insanları həbs edərək beyinlərinə dopamin və serotonin (xoşbəxtlik hormonları) vurmaqdır.

Musk deyib ki, bunun əvəzində rəqəmsal zəka "bəşəriyyətin fəaliyyət azadlığını" maksimallaşdırmaq məqsədi daşısa, daha yaxşı olar.

Buna da bax: Bakıdan Tbilisiyə 30 dəqiqəyə! - Elon Muskın ideyası reallaşsa

Tədbirin sual-cavab sessiyası sürreal notlarla sona çatıb. Musk, kiçik qardaşı Kimbal və dostu Jonah Nolan birlikdə kovboy papağı geyərək 1986-cı ildə çəkilmiş "Üç amiqo" ("The Three Amigos") filmindəki "My Little Buttercup" mahnısından bir parça oxuyublar.

Günün bütün mövzuları

XS
SM
MD
LG