Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 10:38

Hakimiyyətdən Elmar Hüseynovun qatillərinin tapılması istənilib


Şahbaz Xuduoğlu
Şahbaz Xuduoğlu

Martın 2-də 12 il öncə qətlə yetirilmiş jurnalist, «Monitor» jurnalının baş redaktoru Elmar Hüseynovun Bakıdakı qəbri üzərində anım mərasimi keçirilib.

Mərasimdə çıxış edən «Qanun» nəşriyyatının direktoru Şahbaz Xuduoğlu qətlin mahiyyəti və bəzi detalları barədə danışıb.

«İSTİNTAQ ŞƏFFAF APARILMIR»

Ş.Xuduoğlu deyib ki, Elmar Hüseynovun qatilləri hadisə baş verən günün səhəri Azərbaycanı tərk ediblər.

Ş.Xuduoğlunun fikrincə, bu qətlin üstünün indiyə kimi açılmamasının səbəbi istintaqın şəffaf aparılmamasıdır: «Elə bu səbəbdən də qatillər və cinayətin sifarişçiləri, hələ də, tapılmayıblar».

Ş.Xuduoğlu hesab edir ki, media və cəmiyyət aktiv olsa, bu işin üstünü açmaq olar.

«BU QƏTLİN ÜSTÜ ONA GÖRƏ AÇILMIR Kİ...»

Milli Şura sədri, tarixçi-professor Cəmil Həsənli E.Hüseynovu azad sözün layiqli təmsilçisi, sözünün kəsərinə görə ictimai fikrə təsir etməyi bacaran jurnalist kimi dəyərləndirib. C.Həsənli hesab edir ki, E.Hüseynovun qətli sıradan bir hadisə deyildi: «Bu, azad sözü, azad mətbuatı susdurmaqdan ötrü törədilən qətl idi. Bu qətlin üstü ona görə açılmır ki, bunda səlahiyyətli şəxslər maraqlı deyillər».

C.Həsənli deyir ki, keçmiş MTN-in rəhbər şəxslərinin indi bir sıra cinayətləri açılsa da, bu qətl qapalı saxlanır. O, bunu hakimiyyətin istəyi ilə izah edir.

İsa Qəmbər
İsa Qəmbər

«AİLƏ HAKİMİYYƏTİNİN MÖHKƏMLƏNMƏSİ YOLUNDA...»

Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbər isə deyir ki, E.Hüseynovun qətli ailə hakimiyyətinin möhkəmlənməsi yolunda atılan addımlardan biri idi. Onun fikrincə, E.Hüseynov hakimiyyətə tabe olmayan azad sözün yanında idi: «Hakimiyyət bu addımla azad sözü, müxalif partiyaları, xalq yanında olan ziyalıları sıradan çıxarmağı düşünürdü. İndiki rejim hakimiyyəti əlində saxlaya bilsə də, müxalif düşüncəni, azad sözü, işıqlı ziyalıları sıradan çıxara bilmədi. Bu isə xalqın gücündən xəbər verir».

«HAKİMİYYƏT XALQI SUSDURMAQ İSTƏYİRDİ»

AXCP sədri Əli Kərimli isə 12 il əvvələ, E.Hüseynovun qətl gününə qayıdıb: «Hakimiyyət Elmarın Hüseynovun nəşini gecə ilə dəfn etmək istəyirdi. Ancaq xalqdan təpki gördü. Qorxdu və ona görə də geri çəkildi. Bəlkə də hakimiyyət bunu bacarsa idi, daha çox qətllər olacaqdı. Elmar Hüseynovun qətlindəki təpki hakimiyyəti dayandırdı».

Ə.Kərimli deyir ki, məhz bu qorxunun nəticəsi olaraq İlham Əliyev qətlin üstünün açılacağı vədini verdi.

Ə.Kərimli hesab edir ki, həmin il «Azadlıq» qəzetinin redaksiyasının yerləşdiyi binanın boşaldılması da həmin prosesin davamı idi.

Əli Kərimli
Əli Kərimli

Ə.Kərimli deyir ki, hakimiyyətin məqsədi ayrı-ayrı şəxslərin nümunəsində bütün xalqı susdurmaq idi. Ancaq məhz bunu bacarmadı.

Ə.Kərimli indi də jurnalistlərin, bloqqerlərin həbs olunduğunu qeyd edib. «Elmar Hüseynovun qətli azad sözə qarşı çirkin niyyətin tərkib hissəsi idi»,-deyə o qeyd edib.

«NƏ QƏDƏR Kİ, ÖLKƏDƏ DEMOKRATİK CƏMİYYƏT YOXDUR...»

Müsavat Partiyası başqanı Arif Hacılı isə deyib ki, nə qədər ki, ölkədə demokratik cəmiyyət yoxdur, xalqın istədiyi hakimiyyət formalaşmayıb, bu qətlin üstü açılmayacaq.

Jurnalist Xədicə İsmayıl isə Elmar Hüseynovun qətlinin açılmamasını cəmiyyətin, medianın zəifliyi ilə əlaqələndirib.

Tədbirin sonunda bəyanat oxunub.

Bəyanatda E.Hüseynovun qətlinin üstündən 12 il keçməsinə baxmayaraq, hələ də cinayətkarların tapılmamasından narahatlıq ifadə olunub.

Hakimiyyətdən E.Hüseynovun qatilləri və qətlin sifarişçilərinin cəzalandırılması, həbsdə olan bütün media mənsublarının azad edilməsi, ifadə azadlığına görə təqiblərə son qoyulması tələb edilib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG