Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:38

Elmar Hüseynov məzarı başında anıldı


Elmar Hüseynovun məzarı başında
Elmar Hüseynovun məzarı başında

«Bu qətlin arxasında dayanan hakimiyyətdir»

Bu gün, martın 2-də bir qrup media təmsilçisi, müxalif siyasətçilər və ictimaiyyət nümayəndələri jurnalist Elmar Hüseynovun məzarı başında anım mərasimi keçiriblər.

«Elmar Hüseynov demokratiya, azad söz, azad media uğrunda mübarizənin önündə gedən şəxsiyyətlərdən biri idi və məhz buna görə də qətlə yetirildi. 15 il ərzində Elmar Hüseynovun qatillərinin tapılıb qanun qarşısında cavab verməməsi bizim o zamandan dediyimiz bir fikri təsdiqlədi ki, bu qətlin arxasında dayanan hakimiyyətdir».

Bunu Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbər mərasimdə çıxışı zamanı deyib.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Seymur Həzi isə deyib ki, E.Hüseynovun yazdığı problemlər indi də həll olunmamış qalır və tənqid etdiyi adamlar da vəzifədədir.

Bloqer Mehman Hüseynov isə çıxışında hakimiyyəti həbsdə olan bloqer və jurnalistləri azad etməyə çağırıb.

Z.Oruc
Z.Oruc

«Bu qətl ölkə əleyhinə oynanılan oyun idi»

«Hesab edirəm ki, Elmar Hüseynovun qətlinin üstünün açılmaması qətiyyən hakimiyyətin hər hansı bir istəyi ilə bağlı deyil».

Bunu isə mərasimdən sonra «Turan» agentliyinə müsahibəsində prezidentin yaratdığı Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri, V çağırış Milli Məclisin üzvü Zahid Oruc söyləyib.

Z.Oruc hesab edir ki, bu qətli araşdırdıqda «bu kimə lazım idi» sualı meydana gəlir.

Mərkəz rəhbəri vurğulayıb ki, bu qətldən öncə Ukraynada tanınmış jurnalist Georgi Qonqadze qətlə yetirildi və bu ölüm ozamankı Ukrayna prezidenti Leonid Kuçmann adına yazıldı və bir müddət sonra onu hakimiyyətdən devirdilər: «Hesab edirəm ki, Azərbaycanda da inqilabi bir prosesi yetişdirmək adına hansısa antiazərbaycançı qüvvələr belə bir addım atmışdılar. Burada məqsəd xalqı iqtidar əleyhinə qaldırmaq idi və belə nişangah kimi Elmar Hüseynov seçilmişdi. Bu qətl ölkə əleyhinə oynanılan oyun idi və cinayətkarları da həmin cərgədə axtarmaq lazımdır».

Elmar Hüseynov yaddaşlarda
Gözlə

No media source currently available

0:00 0:04:23 0:00

Xatırlatma

«Monitor» jurnalının təsisçisi və baş redaktoru Elmar Hüseynovun öldürülməsinin 15 ili tamam olur. Onu 2005-ci il martın 2-də yaşadığı evin qarşısında naməlum şəxs odlu silahla qətlə yetirib. Hadisənin üstündən 15 il keçsə də, qətlin sifarişçiləri və icraçıları hələ də məsuliyyətə cəlb olunmayıblar. Ölümündən sonra jurnalistin həyat yoldaşı və azyaşlı oğlu Norveçə mühacirət ediblər.

2017-ci ilin aprelində Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) E.Hüseynovun qətlinin Azərbaycanda effektiv araşdırılmamasına qərar verib. Bununla bağlı AİHM-a mərhum jurnalistin həyat yoldaşı Ruşaniyyə Hüseynova şikayət etmişdi. Qərarda qeyd edilirdi ki, hökumət E.Hüseynovun qətlə yetirilməsi olayı üzrə açılan cinayət işini effektiv aparmayıb. Qərara əsasən, Azərbaycan hökuməti mənəvi zərərə görə 20 min, hüquqi məsrəflərinə görə isə 10 min avro cərimələnib.

Ancaq Azərbaycan hüquq-mühafizə orqanları da bəyan ediblər ki, onlar bu qətlin açılması üçün bütün lazımı səyləri göstəriblər.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG