Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 08:15

Deputat: 'Bugünkü quruluşumuzla fəxr edə bilərik'


Elman Məmmədov
Elman Məmmədov

«Bu gün Cümhuriyyətin qurucuları Azərbaycanı görsələr, fəxr edərdilər», – prezident İlham Əliyev martın 15-də Bakıda keçirilən beynəlxalq konfransın açılışında deyib. O, 100 il öncə Azərbaycanda demokratik cəmiyyət quruculuğunun gerçəkləşdirilməsindən danışarkən belə söyləyib.

AzadlıqRadiosunun əməkdaşı hakim Yeni Azərbaycan Partiyasının üzvü, deputat Elman Məmmədovla bu haqda danışıb.

- Elman müəllim, prezident cümhuriyyət qurucularının bugünkü Azərbaycanla fəxr edə biləcəklərini söyləyir. Ölkədə demokratik cəmiyyətin qurulduğunu və onun fəxr olunmalı hala gəldiyini demək olarmı?

- Bugünkü quruluşumuza əsasən deyə bilərəm ki, fəxr edə bilərik. Demokratik dövlət qurmuşuq və yaşayırıq. Ayrı nə lazımdır ki?

- Ancaq vaxtaşırı beynəlxalq qurumlar, elə yerli müxalifət ölkədə azad, ədalətli seçkilərin keçirilmədiyini, seçki komissiyalarının hakim partiyanın nəzarətində olduğunu, sərbəst toplaşmaq və ifadə azadlığının təmin edilmədiyini deyirlər. Azərbaycanda siyasi motivlərlə həbs olunanların çoxluğu daim diqqət mərkəzindədir. Bu halda demokratik dövlət quruculuğundan danışmaq nə qədər yerinə düşür?

- Beynəlxalq təşkilatlar çox şey deyə bilərlər. Özləri öz fəaliyyətlərinə baxıb qiymət versinlər, sonra Azərbaycandakı demokratiyaya qiymət verərlər. Beynəlxalq təşkilatlar demokratiyadan, insan hüquqlarından dəm vurursa, Azərbaycanda 25 ildən çoxdur bir milyonadək insanın haqqı Ermənistan tərəfindən pozulub, ona qarşı bir sanksiya tətbiq etsinlər. Mən hesab edirəm ki, Azərbaycan demokratik, hüquqi dövlətdir. Azərbaycanda seçkilər demokratik, şəffaf keçirilir, seçki qanunvericiliyi yüksək səviyyədə təmin olunur. Beynəlxalq təşkilat nə deyir, nə demir, öz işidir. Mən onların dediyi ilə razılaşmıram. Hansısa partiyanın üzvü həbs olunursa, adını qoyurlar siyasi məhbus. Qanun pozulubsa, buna görə şəxs qanun qarşısında cavab verir, cəzasını alır. Hansı kriteriyalara görə, nəyə görə ona siyasi məhbus deyirlər? Siyahını kim tərtib edir?

- İki gənc fəal siyasi hakimiyyətə etiraz olaraq Heydər Əliyevin heykəlinin üstünə «Qul bayramınız mübarək» yazır və ertəsi gün onlar narkotik ittihamıyla həbs olunurlar. Bu qədər təsadüf ola bilərmi? Onların narkotik taciri olduğu indiyə qədər niyə məlum deyildi?

- Bunu onları kim həbs edibsə, həmin qurumdan soruşun. Mən nə bilim o adamların üzərində narkotik olub, ya yox? Onu kim həbs edibsə, üstündən kim narkotik tapıbsa onlarla danışın, soruşun ki, narkotik üstündə tutulublar, ya başqa əsaslarla? O suala mən cavab verə bilmərəm ki, nəyi olub, ya olmayıb, cibindən nə çıxıb, ya çıxmayıb. Onu desəm səhv edərəm.

- İllərdir hüquq-mühafizə orqanları ilə «siyasi məhbus» deyilən şəxslər arasında bu cür mübahisələr gedir. Məsələn, jurnalist Əfqan Muxtarlı deyir ki, onu Gürcüstandan oğurlayaraq Azərbaycana gətiriblər, rəsmi qurumlarsa bu iddiaları təkzib edərək onun sərhədi keçərkən tutulduğunu bəyan edirlər. Bəlkə məhkəmələrin azad olmamasına dair iddialar ortadan qalxsaydı, bu cür mübahisələrə birdəfəlik nöqtə qoyulardı?

- Azərbaycanda məhkəmə azaddır. O, hakimiyyətin bir qoludur və azaddır.

- Amma Azərbaycandan hər il Avropa İnsan Haqları Məhkəməsinə yüzlərlə şikayət gedir və bəzən də bir çoxu təmin olunur, Bakıya tövsiyələr verilir, cərimələr ödətdirilir və s. Bu durumda Azərbaycanda məhkəmənin azad olduğunu, sifarişlə işləmədiyini demək olarmı?

- Avropa Məhkəməsinə, Haaqa Məhkəməsinə biri də mən daxil olmaqla, 15 il qabaq 10 nəfərdən çox adam gedərək bir milyon imza təqdim etmişik. Orda Ermənistan tərəfindən insan haqlarının pozulması ilə bağlı sənədlər təqdim etmişik. Azərbaycandan olan minlərlə məcburi köçkün haqlarının bərpası üçün Avropa Məhkəməsinə müraciət göndərib. Niyə onların müraciəti icraata götürülmür? Elə bilirsiniz Avropa məhkəmələri azaddır? Bir nömrəli göstərişlə işləyən həmin o məhkəmələrdir. Bu illərdə Xocalıdan bir nəfərin şikayətinə niyə baxmır?

- Xocalıdan deyil, ancaq Ermənistandan olan bir neçə azərbaycanlının müraciəti araşdırıldı və onlarla bağlı qərar verildi.

- O, Çıraqov və bir neçə nəfərlə bağlıydı. Orda müəyyən məqsədlər var.

- Ölkədə növbədənkənar seçki keçirilir, ancaq hələ də əhali, seçicilər seçkilərin niyə 6 ay öncəyə çəkilməsinin gerçək səbəbini bilmirlər.

- Nə səbəb izah olunmalıdır? Azərbaycanda ya vaxtında, ya da növbədənkənar seçkinin elan olunması cənab prezidentin səlahiyyətindədir. Bu da elan olundu. Burda nə səbəb izah olunmalıdır ki?

- Demokratik cəmiyyət quruculuğundan, xalqın hakimiyyətindən danışılırsa, seçki haqda qərarın səbəbi də izah edilməməliydimi?

- Kifayət qədər izahlar verildi. Kimi qane edir, kimi qane etmir, deyə bilmərəm, ancaq mənə belə gəlir ki, rəsmilər tərəfindən yetərincə məlumat verildi.

- Bu izah verilibsə, niyə hələ də cavabı açıq suallar qalmaqdadır?

- Deyə bilmərəm.

- Azərbaycan 27 ildir müstəqil dövlətdir. 25 ildir də Əliyevlər hakimiyyətdədir. Ancaq 25 ildir islahatlardan danışılır. Sizcə, 25 il islahatların başa çatdırılması üçün yetərli deyilmi?

- İslahatlar, islahatlar... Desək ki, hər hansı dövlətdə, cəmiyyətdə islahatlar başa çatdı, qurtardı, bu, səhv fikir olardı. Zamanla, gedişatla, inkişafla bağlı olaraq islahatlar daim getməlidir. İstər iqtisadiyyatda, istər siyasətdə, istərsə təhsildə, istərsə də mədəniyyətdə. İslahat dayana bilməz, dəyişikliklər getməlidir.

- Demokratik islahatların bir qismi başa çatdırıla bilərdi, yəqin.

- Çoxu yerinə yetirilib və yerinə yetirilməkdədir.

- Məsələn, söz azadlığı, sizcə, tam təmin olunubmu? Müstəqil KİV-lərin məhv olduğu haqda fikirlər səslənməkdədir.

- Mətbuat məhv olubsa, minlərlə saytlar, internet, şəbəkələr, bu qədər qəzet-jurnal, televiziyalar bəs haradandır? Bəs bu azadlıqlar yoxdursa, rəsmi, qeyri-rəsmi şəxslərin ünvanına hər gün tənqidlər necə deyilir? Məhdudiyyətlər varsa, siz niyə sərbəst danışırsınız? Mən də cavab verirəm sizə. Azərbaycanda internetə, sosial şəbəkələrə, saytlara hansı məhdudiyyət qoyulub? Bunlar düzgün olmayan fikirlərdir.

- Azərbaycanda bir neçə sayt məhkəmə qərarı ilə bloklanıb. Bura AzadlıqRadiosunun, MeydanTV-nin, «Azadlıq» qəzetinin saytları da daxildir. Bu, məhdudiyyət deyilmi?

- Bu, mənə, mənim səlahiyyətimə aid sual deyil. Bunu saytları bloklayan, bağlayan qurumlara ünvanlayın. Onlar da cavab versinlər sizə. Mən cavab versəm, səhv olar. Heç bilmirəm də bağlanıb, ya yox, bağlanıbsa niyə? Müvafiq qurumlar cavab versinlər.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG