Keçid linkləri

2024, 02 Noyabr, şənbə, Bakı vaxtı 15:04

Hakim ailənin bankları ilə yarım milyard qazanc götürür


Əliyevlərin bankları devalvasiya hesabına necə varlandı?
Gözlə

No media source currently available

0:00 0:08:33 0:00

Əliyevlər son 8 ildə bank sektorunda hökmran mövqeyə necə sahibləndi

Azərbaycanın avtokratik prezidenti İlham Əliyevin 20 illik sülalə hakimiyyəti müddətində onun yaxın qohumları yüksək gəlirli dövlət kontraktları sayəsində var-dövlət toplayıblar.

Təbii qaz ehtiyatları, hava nəqliyyatı və tikinti kimi sektorlarla yanaşı, bankçılıq da Azərbaycanın birinci ailəsi üçün ciddi sərvət mənbəyi olub.

Əliyevin qızları və digər yaxınları özəl banklarda milyardlarla manatlıq aktivlərə nəzarət edirlər.

Azadlıq Radiosunun yeni araşdırması hakim ailənin bank sektorunda dominantlığının get-gedə artdığını üzə çıxarıb.

Araşdırma 2015-ci ildə manatın devalvasiyasından bəri tamamilə, yaxud qismən Əliyevlərə məxsus olan dörd bankın Azərbaycanın bank sektorundakı ümumi payının üç dəfə artdığını üzə çıxarıb.

2015-ci ildə hökumətin neft qiymətlərinin kəskin azaldığı dövrdə verdiyi devalvasiya qərarı insanların əmanətlərinin dəyər itirməsinə və cəmiyyətdə təşvişin yaranması ilə nəticələnmişdi.

Hakim ailəyə məxsus dörd bank – "Paşa Bank", "Kapital Bank", "Xalq Bank" və "Bank Avrasiya" eyni zamanda hökumətin biznesə dəstək proqramı çərçivəsində ayırdığı yüz milyonlarla manatlıq kreditlərin ən çox hissəsini idarə edən banklara çevriliblər.

Əliyevlərin bankları devalvasiya hesabına necə varlandı?

AzadlıqRadiosu ən son illik maliyyə hesabatları əsasında apardığı təhlilin nəticələrinə görə, Əliyevin banklarının aktivlərinin ümumi həcmi 2015-ci ildəki 4 milyard manatdan (devalvasiyadan əvvəl 5.1 milyard dollar) 2022-ci ilin sonunda 20 milyard manata (hazırkı məzənnə ilə 11.8 milyard dollar) çatıb. Bu müddət ərzində hakim ailənin bank sektoruna aid aktivlərinin həcmindəki ümumi payı 16 faizdən 43 faizə çatıb.

Azərbaycanın antiinhisar fəaliyyəti haqda qanunvericiliyinə görə, bazarın 35 faizdən çox hissəsinə nəzarət hökmran mövqe hesab edilir və bu hallarda monopoliyaların yaranmasının qarşısını almaq üçün müdaxilə olunması nəzərdə tutulur. Ancaq iqtisadçı Natiq Cəfərli AzadlıqRadiosuna deyib ki, bu qanunlardan heç vaxt istifadə edilməyib.

Bu bankların sektordakı ümumi payı hazırda dövlətə məxsus bankların payından yüksəkdir.

Dövlət banklarının ölkənin bank sektoruna aid aktivlərdəki ümumi payı təqribən 30 faiz təşkil edir. Bu isə 2015-ci ildəki 38 faizlə müqayisədə azalma deməkdir.

2015-ci ilin yanvarında Azərbaycanın Mərkəzi Bankı bankların fəaliyyət göstərə bilməsi üçün tələb olunan minimal kapitalı beş dəfə artıraraq 50 milyon manata (ovaxtkı məzənnə ilə 64 milyon dollara) çatdırıb. İki devalvasiya və Mərkəzi Bankın bu qərarının ardınca azı 20 rəqib sektordan yox olub.

Əliyevə bağlı bankların səkkiz il ərzində ciddi böyüməsi qismən milli valyutanın devalvasiyasının təsirləri ilə əlaqələndirilir.

Ancaq eyni dövrdə bu dörd bank rəqiblərinə nisbətən daha sürətlə aktivlər toplayıb.

Sahibkarlığın İnkişafı Fondu çərçivəsində ayrılan aşağı faizli dövlət kreditlərinin onlara həvalə edilməsi nəticəsində əldə olunan yüksək gəlirlərin də bu məsələdə rolu var.

Bank təhlilçiləri dövlətin göstərdiyi xüsusi münasibətin Əliyevlərin banklarını siyasi bağları daha zəif olan rəqib banklardan önə çıxarması və faktiki oliqopoliya yaradılmasına imkan verməsi ilə bağlı narazılıq ifadə edib. Bu isə şirkətlər və xalq üçün daha az seçim və daha yüksək kredit faizləri deməkdir.

İlham Əliyev var-dövlətini necə qazanıb? Özü cavablayır
Gözlə

No media source currently available

0:00 0:04:24 0:00

Əliyevin qızlarının və babalarının bankı

62 yaşlı Əliyev 2003-cü ildə hakimiyyəti atasından təhvil almasından bəri ölkə üzərində nəzarətini sərtləşdirib. O, fevralın 7-nə növbədənkənar seçki təyin edib. Azərbaycanın qanunverici və siyasi mühitinin gətirdiyi məhdudiyyətləri nəzərə alsaq, Əliyevin qalib gələcəyinə, demək olar ki, şübhə yoxdur. Bu qələbə onun daha yeddi il hakimiyyətdə qalması demək olacaq.

Əliyevin 20 il hakimiyyətdə qalmasından sonra Azərbaycan "Transparency International" təşkilatının ən son Korrupsiya İndeksi hesabatında 180 ölkə arasında 157-ci yeri tutur. ABŞ Dövlət Departamenti isə öz hesabatında hökumətin nəzarətində olan az sayda holdinqlərin iqtisadiyyata nəzarət etdiyini yazır.

AzadlıqRadiosunun Azərbaycan xidməti açıqlama xahişi ilə Əliyevlə bağlı olan dörd bankın hər biri ilə əlaqə saxlasa da, bu yazının dərc olunduğu vaxtadək onlardan yalnız "Kapital Bank" suallarını cavablayıb.

"Kapital Bank" bankın bu qədər böyüməsini və ilk üçlükdə yer almasını müştərilərin ehtiyaclarına və tələblərinə uyğun daha rəqabətcil məhsullar təqdim etməsi ilə izah edib: "Mərkəzi Bank və digər dövlət qurumları qarşısında olan öhdəliklərimizə gəldikdə isə, bildiririk ki, 2022-ci il ilə müqayisədə 2023-cü ildə bankımızın bu öhdəlikləri iki dəfə azalaraq 540 min AZN təşkil edib. Faiz uçot dərəcəsi isə Mərkəzi Bank tərəfindən bütün banklar üçün standart olaraq eyni dərəcədə elan edilir".

O ki qaldı müavinətlərin və pensiyaların "Kapital Bank" vasitəsilə verilməsinə, bank AzadlıqRadiosuna cavabında bu sualları aidiyyəti qurumlara ünvanlamağı tövsiyə edib.

2023-cü ilin oktyabrda 20 il fəaliyyətdə olan "Muğanbank" Azərbaycanda fəaliyyətini dayandırmalı olan ən son bank oldu. Mərkəzi Bank kapitalın uyğunluğu tələblərini əsas gətirərək onun lisenziyasını ləğv etdi. 2023-cü ilin mayında isə daha bir bank "Günay Bank" da eyni şəraitdə bağlanmışdı.

Bununla kapital tələblərinin sərtləşdirilməsindən və neft qiymətlərinin düşməsi nəticəsində ciddi valyuta böhranının yaranmasından bəri, səkkiz il ərzində bağlanan bankların sayı 22-yə çatıb. Bu, 2015-c ilin əvvəlində fəaliyyət göstərən 45 bankın təqribən yarısı deməkdir.

Parlamentin İqtisadi Siyasət komissiyasının keçmiş sədr müavini, YAP üzvü Əli Əlirzayev AzadlıqRadiosunun Azərbaycan xidmətinə müsahibəsində bank sektorunun aşındırılmasının əhəmiyyətini azaltmağa çalışıb: "Dinamik bazar iqtisadiyyatında şirkətlər bazar qüvvələrinə uyğunlaşmalıdırlar... Bazarın qanunu belədir. Biz hansısa sabit rəqəmin üzərində durub keçmişdə bankların sayı 45 olubsa, həmişə 45 olmasında israr etməməliyik".

Ancaq son 10 ildə baş verən gücləndirmə tədbirləri nəticəsində Azərbaycanın aktivlərin həcminə görə ilk beş bankından üçü – "Paşa Bank", "Kapital Bank" və "Xalq Bank" Əliyevin iki qızının və Birinci xanım, 2017-ci ildən həm də Birinci vitse-prezident olan Mehriban Əliyevanın qohumlarının nəzarətindədir.

Bu bankların hər üçünün ictimaiyyətə açıq olan maliyyə hesabatlarında Leyla və Arzu Əliyevalar babaları, Mehriban Əliyevanın atası Arif Paşayevlə birlikdə əsas sahibkarlar kimi göstərilir.

"Paşa Bank" və "Kapital Bank"ın hesabatlarında isə onların adına başqa bir sahibkarın – Mehriban Əliyevanın əmisi oğlu Camal Paşayevin də adı əlavə olunur. Hər iki halda səhmlərə "Pasha Holding" və ya digər şirkətlər vasitəsilə nəzarət edilir. Azərbaycanın ən iri konqlomeratı olan "Pasha Holding" maliyyə, tikinti və turizm sektorlarında aktivlərə sahibdir.

Əliyevin ailə üzvlərinin nəzarətində olan dördüncü bank – "Bank Avrasiya" öz əsas sahibkarlarını bəyan etməyib. Ancaq AzadlıqRadiosunun Azərbaycan xidməti "Pasha Holding"in "PMD Group" adlı törəmə şirkət vasitəsilə dolayı yolla "Bank Avrasiya"da 37,5 faizlik paya sahib olduğunu müəyyənləşdirib.

Keçmiş vergilər naziri Əşrəf Kamilov "Bank Avrasiya"nın səhmlərinin daha 25 faizinin sahibi olan "Azbiznescom"un qanuni nümayəndəsi olub. 2021-ci ildə sızan "Pandora Sənədləri"ndə Kamilov Əliyev ailəsinə məxsus gizli ofşor şirkətlər imperiyasının inanılmış adamı kimi göstərilir.

Əliyevlər ailəsinin gizli ofşor sərvəti

Britaniyada 700 milyon dollarlıq əmlak prezident ailəsinə məxsusdur
Gözlə

No media source currently available

0:00 0:02:59 0:00

Çoxsaylı media araşdırmaları, o cümlədən AzadlıqRadiosunun Azərbaycan xidmətinin araşdırmaları Əliyevin yaxın ailə üzvlərinin Azərbaycandan kənarda, bir çox hallarda inanılmış adamların iştirakı ilə gizli ofşor şirkətlər vasitəsilə nəhəng aktivlər toplusuna nəzarət etdiyini üzə çıxarıb.

OCCRP-nin 2021-ci ildə "Pandora Sənədləri" əsasında apardığı araşdırma Əliyevin ailəsi və yaxınlarının gizli şəkildə Britaniyada, demək olar, hamısı Londonda olmaqla, ümumi dəyəri 700 milyon dollara çatan daşınmaz əmlak almaq üçün ofşor şirkətlərdən istifadə etdiyini üzə çıxarıb.

Həmin hesabatın ardınca nadir hallarda ictimaiyyətə açıqlama verən Əliyevin özü ailəsinin sərvəti barədə araşdırmaya münasibət bildirərək sənədlərdə yazılanların "bəlkə" 5 faizinin doğru olduğunu demişdi.

Əliyev prezident olduqdan sonra öz aktivlərini uşaqlarının adına keçirdiyini deyərək ailəsinin sərvətini müdafiə edib.

"Onlar səy göstərərək öz bizneslərini davam etdirirlər. Onlar, əsasən, Azərbaycanda sərmayə qoyublar. Onların Azərbaycandan kənarda sərmayələri var. Onların bütün biznes fəaliyyəti şəffafdır, beynəlxalq səviyyədə yoxlanılır və kiminsə yanlış olduğunu iddia edə biləcəyi heç bir şey yoxdur", - o İtaliyanın "La Repubblica" qəzetinə müsahibəsində deyib.

1 faizlə götürdükləri kreditləri 5-7 faizlə veriblər

Əliyevə bağlı bankların artmaqda olan dominantlığı dövlət banklarının kənarlaşdırılması fonunda daha qabarıq görünür. 2023-cü ilin əvvəlinədək onların təqribən 20.5 milyard manat məbləğindəki aktivləri bütün özəl bank sektoruna aid aktivlərin 63 faizini təşkil edirdi.

2023-cü ildə bu bankların bəyan edilmiş xalis mənfəəti 500 milyon manat, 2022-ci ildə 486 milyon manat təşkil edib. Bunlar Azərbaycan Mərkəzi Bankının rəsmi rəqəmləridir.

Keçmiş bank əməkdaşı və banklarla yaranan mübahisələrində vətəndaşlara yardım edən hüquqşünas Əkrəm Həsənov Mərkəzi Bankın böhranın lap əvvəlində verdiyi kreditlərlə Əliyevlə bağlı bankların sürətlə böyüməsi arasında birbaşa əlaqə olduğunu deyir.

"Mərkəzi Bank devalvasiyadan öncə [bəzi] banklara çox ucuz kreditlər verdi", - Həsənov AzadlıqRadiosunun Azərbaycan xidmətinə deyib. O əlavə edib ki, bu cür kreditlər bütün banklara təklif edilməyib və bir çox hallarda şəffaflığın çox az olduğu şərtlərdə ayrılıb.

Azərbaycanda 2023-cü ildə kredit faizlərindən əldə olunan 3.5 milyard manat gəlirin 38 faizi, haradasa 1.3 milyard manatı Əliyevlərin banklarının payına düşüb.

Həsənov deyir ki, onun özü şəxsən 2022-ci ilin aprelində Mərkəzi Bankın sədri Taleh Kazımova favoritizmlə bağlı sual verib. "Paşa Bank"ın keçmiş direktoru Kazımov o zaman hələ Mərkəzi Bankın sədri vəzifəsinə yeni təyin olunmuşdu. Həsənovun sözlərinə görə, Kazımov kreditlərin bütün banklara bərabər şəkildə təklif olunduğunu iddia edib.

Mərkəzi Bank AzadlıqRadiosunun sözügedən kreditlər, onların ayrıldığı şərtlər və proseslə bağlı açıqlama xahişinə cavab verməyib.

Ancaq "Günay Bank"ın keçmiş rəhbəri Mahmud Məmmədov Mərkəzi Bankı 2023-cü ilin mayında onun bankını bağladığı üçün tənqid edib.

"500-600 milyon manat həcmində kreditləri olan banklar var idi. Ancaq Mərkəzi Bank bizə 1-2 milyon manatlıq kreditlər də çox görürdü", - Məmmədov bankın lisenziyası ləğv olunmuşdan bir neçə gün öncə yerli mediaya müsahibəsində belə demişdi.

Məmmədov AzadlıqRadiosunun bu haqda daha ətraflı danışmaq barədə xahişini rədd edib.

AzadlıqRadiosunun Azərbaycan xidmətinin araşdırmaları göstərir ki, Əliyevlər ailəsinə məxsus bank imperiyası dövlət qulluqçularına maaşların verilməsi və kommunal ödəmələrin toplanması kimi rəsmi funksiyalardan başqa, hökumətin ayırdığı kreditlərin yerli sahibkarlara verilməsində də əsas rol oynayıb.

İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu banklara qeyri-bərabər şərtlərlə kreditlər ayırır. 2022-ci ilin sonunda qurumun ümumi kredit balansı 952 milyon manat (560 milyon dollar) təşkil edib. Bunun 699 milyon manatı (411 milyon dollar) banklara verilmiş kreditlər olub.

Əliyevin banklarının maliyyə hesabatları göstərir ki, bu banklar Sahibkarlığın İnkişafı Fondundan 1 faizlə götürdükləri kreditləri yerli sahibkarlara və digər şəxslərə 5-7 faizlə veriblər.

Hesabatlardan görünür ki, 2022-ci ilin sonuna Sahibkarlığın İnkişafı Fondu kreditlərinin yarıdan çoxunu Əliyevin ailəsinə bağlı banklar vasitəsilə paylayıb.

Bəzi iş adamları bu cür kredit layihələrindən mənfəət götürmədiklərini deyirlər və fondun iş üsullarını sorğulayırlar.

Azərbaycan dövləti öz prezidentinin ailəsinə belə borclanır
Gözlə

No media source currently available

0:00 0:03:14 0:00

"Bağlanan bankların müştəriləri Əliyevlərin banklarına axışacaq"

Bakıda yaşayan, ancaq Şəmkirdə ferması olan Şahin Nəcəfov Azadlıq Radiosuna bildirib ki, altı ay ərzində banklarla görüşdükdən sonra güzəştli kredit almaqla bağlı müraciəti rədd edilib. Onun sözlərinə görə, banklar qoyulan girovun paytaxt Bakıda olmasını tələb ediblər.

"Mən regionda fermerəm. Kənddə yaşayan adamın nə üçün Bakıda nəyisə olmalıdır? Niyə buna görə mən, sahibkar, bu kreditləri ala bilməməliyəm?", - Nəcəfov deyir.

Qeybulla Məmmədov adlı başqa bir fermer Qubanın Rustov kəndində yaşayır. O bu növ güzəştli kreditlərin onun və qonşularının biznesinə gəlib çatmamasından gileylənir. O, AzadlıqRadiosuna bir ildən çox zaman ərzində bu kreditlərə müraciət etsə də, nəticə ala bilmədiyini deyib.

Müstəqil iqtisadçı Allahverdi Aydınsa deyir ki, Azərbaycanda kredit faizləri o qədər yüksəkdir ki, vətəndaş götürdüyü krediti geri qaytarmaqda çətinliklə üzləşir.

Mərkəzi Bank hazırda istehlak kreditləri üçün orta faiz dərəcəsinin 16 faiz olduğunu deyir. Ancaq müstəqil ekspertlər real ortalama faiz dərəcələrinin daha yüksək olduğunu düşünürlər.

A.Aydın Azərbaycan rəsmilərinin inkar etməsinə baxmayaraq, Azərbaycanda bank sektorunda hakim ailəyə məxsus bankların məhz inzibati yollarla, dövlət dəstəyi ilə bu qədər böyüdüyü qənaətindədir.

"Çünki banklar bağlanırsa, hakim ailəyə məxsus banklar bazar payını bir az da artıracaq. Bağlanan bankların müştəriləri də həmin banklara axışacaq. Bununla da növbəti illərdə bank sektorunda inhisarlaşma daha da artacaq, vətəndaşların alternativ seçim imkanı qalmayacaq", - A.Aydın bildirir.

Azadlıq Radiosunun müxbirləri Endi Hayl (Andy Heil) və Riyn Alyas (Riin Aljas) bu məqalənin hazırlanmasına öz töhfələrini veriblər.

XS
SM
MD
LG