Keçid linkləri

Təcili xəbərlər
2019, 23 Noyabr, şənbə, Bakı vaxtı 05:01

Elinanın oxuduğu məktəbdə nələr baş verib


S.Abbasova

162 saylı orta məktəbdə 8-ci sinif şagirdi Elina Hacıyevanın məktəbdə intihar cəhdiylə bağlı sonuncu məhkəmə iclasında bir ad çəkildi – Məlahət Hüseynova. Bu adı hadisədən sonra vaxtında təcili yardım çağırmamaqda, Elina ilə bağlı problemə səhlənkar yanaşmaqda suçlanan, məktəbin keçmiş direktoru Sevinc Abbasova çəkdi.

Direktor müavini niyə işdən çıxarılıb

Təqsirləndirilən direktora rəhbərlik etdiyi təhsil ocağında təcavüz halı olub-olmaması barədə suallar ünvanlananda o, bütün bunların məktəbin keçmiş direktor müavini M.Hüseynovanın uydurması olduğunu dedi. Əlavə etdi ki, ondan öncə bir müddət direktor vəzifəsini icra etmiş M.Hüseynova belə yalan məlumatları qəsdən yayır.

«Bu adam müəllim adına yaraşmayan hərəkətlərə görə işdən çıxarılıb», - bunu da M.Hüseynova haqqında S.Abbasova dedi.

AzadlıqRadiosu M.Hüseynova ilə S.Abbasova arasındakı ədavətlə bağlı məhkəmə qərarını əldə edib. Məlum olur ki, M.Hüseynova Bakı şəhər Təhsil İdarəsi müdirinin 19 sentyabr 2017-ci il tarixli əmri ilə işdən azad edilib. M.Hüseynova 162 saylı tam orta məktəbin təlim-tərbiyə işləri üzrə müdir müavini vəzifəsinə bərpa tələbiylə məhkəməyə üz tutub.

O, iddia ərizəsində həm də onunla müqaviləyə xitam verildiyi gündən işinə bərpa olunacağı günə qədər əməkhaqqının ödənilməsi, işlədiyi son dövrlərdə ayrıseçkiliyə məruz qalması (ona dərs verilməməsi) ilə əlaqədar maddi ziyana görə 4200 manat, mənəvi ziyana görə isə 2000 manat kompensasiya ödənilməsi tələbini qoyub. İddiada cavabdeh kimi Bakı şəhər Təhsil İdarəsi göstərilib.

Məhkəmə kompensasiya məsələsi istisna olmaqla, qalan hissədə keçmiş direktor müavininin iddiasını təmin edib – M.Hüseynovanın direktor müavini vəzifəsinə bərpa edilməsi, 19 sentyabr 2017-ci ildən qətnamə icra olunan günə qədər əməkhaqqının hesablanıb ödənilməsinə qərar verilib.

Müəllimlərin ifadələri

Bu işdə diqqət çəkən məqamlardan biri 162 saylı orta məktəbin müəllimlərinin məhkəmədəki ifadələridir. Həmin ifadələr məhkəmə qərarında yer alıb.

Məktəbin ingilis dili müəllimi Zahirə Allahmanova Nəsimi rayon Məhkəməsində dindiriləndə deyib ki, S.Abbasova ilə ondan əvvəl iki il ərzində direktor vəzifəsini icra etmiş M.Hüseynova arasında narazılıq vardı. Ona görə də S.Abbasova təzyiq altında bütün müəllimləri M.Hüseynovadan Bakı şəhər Təhsil İdarəsinə haqsız şikayət yazmağa məcbur edib. Amma o və bir sıra başqa müəllimlər bundan imtina ediblər.

Məktəbin təsərrüfat işləri üzrə direktor müavini Telman İbişov məhkəmədə deyib ki, S.Abbasova M.Hüseynovanın guya işə gəlməməsi barədə xeyli aktlar tərtib edib, müəllimlər də direktorun təzyiqindən qorxub o, aktları imzalayıblar.

İdman müəllimi Elnarə Qasımova də məhkəmədə deyib ki, direktor müəllimləri direktor müavinindən Bakı şəhər Təhsil İdarəsinə kollektiv şikayət ərizəsi imzalamağa məcbur edib. Lakin o, həmin ərizəyə imza atmaqdan imtina edib.

Adları çəkilən müəllimlər bu izahatları 2017-ci ilin oktyabr-noyabr aylarında – S.Abbasova məktəbin direktoru vəzifəsində işləyərkən veriblər.

Direktor təyin olunandan sonra...

Bakı şəhər Təhsil İdarəsinin açıqlamasından görünür ki, S.Abbasova 2016-cı ilin fevralında məktəbə direktor təyin edilib. Həmin ilin dekabrında müdir müavinindən idarəyə şikayət edib, onun fəaliyyətindən narazılığını bildirib. Ardınca məktəbin müəllimlərindən M.Hüseynova haqqında şikayətlər gəlib, onun normal iş ahəngini pozduğu iddia olunub. Bundan sonra 3 fevral 2017-ci il tarixli əmrlə məktəbdə araşdırma aparılıb. Bu zaman onun üzrsüz səbəbdən işə gəlməməsi, dərsləri bitmədən çıxıb getməsi və s. hallar üzə çıxıb: «Məlum olub ki, Məlahət Hüseynova işlədiyi müddətdə müxtəlif vaxtlarda məktəb rəhbərliyi və müəllimlərinə qarşı kobud rəftar edib, qeyri-etik, təhqiredici ifadələr işlədib. Bununla da Məlahət Hüseynova öz hərəkətləri ilə təhsilverənin adına və nüfuzuna, habelə təhsil müəssisəsinin və həmkarlarının işgüzar nüfuzuna xələl gətirib, «Təhsil haqqında» Qanunun «Müəllimlərin etik davranış qaydaları»nın tələblərini pozub».

Bakı şəhər Təhsil İdarəsi M.Hüseynova haqqında əmrin ləğvi və ona əməkhaqqı ödənişi barədə məhkəmə qərarından narazı qalıb, yuxarı instansiya məhkəmələrinə şikayət versə də, nəticə dəyişməyib.

Xatırlatma

Elina Hacıyevanın ölümünə görə cinayət məsuliyyətinə cəlb olunmuş S.Abbasova CM-in 143 (təhlükədə qoyma) və 314.2-ci (səhlənkarlıq-ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddələri ilə ittiham olunur. Onun barəsində məhkəmənin qərarı ilə ev dustaqlığı-qətimkan tədbiri seçilib.

İttiham sübuta yetirilərsə, məktəb direktoruna 5 ilədək həbs cəzası verilə bilər.

Lakin S.Abbasova özünü təqsirli bilmir.

Günün bütün mövzuları

XS
SM
MD
LG