Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 07:04

Elinanın anası həkimlərin də məsuliyyətə cəlbini istəyir


Bir intiharın tarixçəsi: Prezidentin 'Elina işi'ni nəzarətə götürməsi və məhkəmənin hökmü
Gözlə

No media source currently available

0:00 0:08:39 0:00

Bir intiharın tarixçəsi: Prezidentin 'Elina işi'ni nəzarətə götürməsi və məhkəmənin hökmü

162 saylı orta məktəbdə özünə qəsd edən 8-ci sinif şagirdi Elina Hacıyevanın ölümündə Kliniki Tibbi Mərkəzin (Semaşko) həkimlərinin də məsuliyyəti məsələsi məhkəmədə mübahisələndirilir. Fevralın 17-də Səbail rayon Məhkəməsində hakim Anar Tanrıverdiyev Elinanın anası Sevil Hüseynovanın bu barədə şikayətinə baxıb. Qızının ölümündə həkimlərin məsuliyyətsizliyinin də rolu olduğunu iddia edən ana onların cinayət məsuliyyətinə cəlb olunmasını tələb edir.

Elinanın ölümüylə əlaqədar Bakı şəhər Prokurorluğunda məktəbin keçmiş direktoru Sevinc Abbasova ilə bağlı araşdırma aparılarkən həkimlər, həmçinin bu işdə adları hallanan bir sıra başqa şəxslərlə əlaqədar da qərar çıxarılıb. Bunların arasında Səbail rayon İcra Hakimiyyəti başçısının birinci müavini Xalidə Bayramova, məktəbin tərbiyə işləri üzrə direktor müavini Lalə Məhərrəmova, psixoloqu Könül Ağayeva, Elinanın sinif rəhbəri Çimnaz Mehdiyeva, məktəbin tibb bacısı Ləman Nuriyeva da var. Həkimlər və bu adamların hər birinin haqqında ayrılıqda qərar çıxarılaraq, cinayət işinin başlanması rədd olunub.

Şikayət təmin edilməyib

Elinanın anası həkimlər, bir də məktəbin sabiq direktor müavini Lalə Məhərrəmova ilə bağlı prokurorluğun bu qərarının ləğvi üçün məhkəməyə üz tutub.

S.Hüseynovanın vəkili Sevinc Əliyeva AzadlıqRadiosuna bildirib ki, məhkəməyə şikayətlərində istintaqın haqlı araşdırıb qiymət vermədiyi məsələlərin hamısını sadalayıblar. Məhkəmədən də xahiş ediblər ki, bu işi araşdıran müstəntiqin, istintaqa prosessual rəhbərlik edən prokurorun diqqətinə həmin pozuntular çatdırılsın: «Bu adamların məsuliyyətiylə bağlı hərtərəfli, obyektiv araşdırma aparılmayıb. Məhkəmədən xahiş eləmişdik ki, bu, təmin olunsun».

Məhkəmə qapalı keçirilib və prokurorluğun qərarından verilən şikayət təmin edilməyib. Vəkil deyir ki, məhkəmənin qərarından apellyasiya şikayəti verəcəklər: «Düzü, bu qərar bizim üçün gözlənilməz olmadı. Apellyasiya şikayəti verəcəyik. Biz həkimlərlə bağlı məsələni də diqqətdən kənarda qoymaq niyyətində deyilik. Bu işi də Avropa Məhkəməsinə göndərəcəyik. Avropa Məhkəməsinə müraciət üçün ölkə daxilindəki məhkəmələri keçmək zəruridir».

Zərərçəkmiş tərəfin cəzalandırılmasını tələb etdiyi həkimlər arasında Kliniki Tibbi Mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin baş ordinatoru Vaqif Rəhimov, həkim reanimotoloq Fazil Alıyev, Uşaq cərrahiyyəsi şöbəsinin müdiri İlqar Haqverdiyev, həkim-cərrah Əkrəm Çovdarov, Toksikologiya şöbəsinin həkimi Faiq Süleymanov, qəbul şöbəsinin həkim-psixiatrı Aytən Namazova, Şüa-diaqnostika şöbəsinin müdiri Tamara Hacıyeva, həkim-radioloq Məhəmməd Əmrahov, Ultra Səs Müayinə (USM) həkimi Elvira İsmayılova, baş həkimin cərrahiyyə üzrə müavini Adil Salahovun adı var.

Adları çəkilən həkimlərin bir neçəsi Elinanın ölümünə görə cinayət məsuliyyətinə cəlb olunmuş S.Abbasovanın məhkəməsində dindiriliblər. Onlar məktəblinin xilası üçün bütün mümkün tədbirləri gördüklərini bildiriblər.

Xatırlatma

Bakıda 162 saylı məktəbdə oxuyan Elina Hacıyeva ötən il aprelin 4-də özünü üçüncü mərtəbədən atıb, yaralı vəziyyətdə xəstəxanaya çatdırılsa da, aprelin 6-da orada vəfat edib.

Hadisə ilə bağlı öncə CM-in 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlansa da, sonradan xitam verilib. Məktəbin direktoru Sevinc Abbasova CM-in 143 (təhlükədə qoyma) və 314.2-ci (səhlənkarlıq -ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin ölümünə səbəb olduqda) maddələri ilə məsuliyyətə cəlb olunub. İstintaq və məhkəmə dövründə o, ev dustaqlığında saxlanılıb. Səbail rayon Məhkəməsinin hökmüylə ona 2 il 2 ay 14 gün azadlığın məhdudlaşdırılması cəzası (elektron qolbaqla hərəkət) kəsilib. Bu hökmdən təqsirləndirilən direktor da, Elinanın yaxınları da narazı qalıb. Direktor özünü təqsirli bilmir və bəraət istəyir.

Elinanın anası isə ona verilən cəzanın çox yüngül olduğunu deyir, həbs olunmasını tələb edir. Hər iki tərəf apellyasiya şikayət versə də, Bakı Apellyasiya Məhkəməsi də hökmü qüvvədə saxlayıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG