Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 13:10

Elinanın anası: ‘Xahiş edirəm, qızımın qanı yerdə qalmasın’


Elina Hacıyevanın anası Sevil Hüseynova
Elina Hacıyevanın anası Sevil Hüseynova

Oxuduğu məktəbin 3-cü mərtəbəsindən özünü ataraq intihar etmiş 14 yaşlı Elina Hacıyevanın ölümü etirazlar doğursa da, ailəsinin fikrincə, bu ictimai qınaq nəticəsiz qalıb.

162 saylı məktəbin bu ölümə görə məsuliyyətə cəlb olunmuş keçmiş direktoru Sevinc Abbasova haqqında hökm dəyişməyib.

Yanvarın 8-də Bakı Apellyasiya Məhkəməsində onun azadlığının 2 il 2 ay 14 gün məhdudlaşdırılması (elektron qolbaqla hərəkət etmək, gecə saat 11-dən səhər saat 7-dək evdən çıxmamaq) barədə hökmün qüvvədə saxlanmasına qərar verilib.

Elina Hacıyevanın anası Sevil Hüseynova və onun vəkilləri bu cəzanı çox yüngül saydıqlarından, apellyasiya şikayətlərində cəzaya yenidın baxılmasını, keçmiş direktorun həbs olunmasını istəmişdilər.

“Təhsil Nazirliyi yaxasını kənara çəkir”

Qərar açıqlanmazdan öncə vəkil Sevinc Əliyeva məhkəmədə yenə bu məsələni dilə gətirib və bildirib ki, Səbail rayon Məhkəməsi Sevinc Abbasovanı CM-in 143-cü (təhlükədə qoyma) və 314-cü (səhlənkarlıq) maddələriylə təqsirli saysa da, hökmü yetərli saymırlar və verilən cəzadan çox narazıdırlar:

“Burada bir uşağın ölümündən söhbət gedir. Bu, xırda məsələ deyil. Hesab edirik ki, mütləq azadlıqdan məhrumetmə cəzası verilməlidir. Cəza adekvat olmalıdır. Qarşı tərəfin ali təhsilli olması yüngülləşdirici hal kimi nəzərə alınıb. Bu nə deməkdir?”

Zərərçəkmişin vəkilləri birinci instansiya məhkəməsində keçmiş direktor və Təhsil Nazirliyinə qarşı toplam 100 min manatlıq mülki iddia qaldırmışdılar. Həmin məbləğin hər ikisindən tutulub, Elinanın anasına ödənilməsi istənilmişdi.

Ancaq Səbail rayon Məhkəməsi Təhsil Nazirliyinə münasibətdə mülki iddianı təmin etməmiş və təkcə direktorun üzərinə zərərçəkmişə 18 min 500 manat (10 min mənəvi, 18 min 500 manat maddi ziyana görə) ödəmək öhdəliyi qoymuşdu.

Vəkil bu məsələdən də narazılığını səsləndirib:

“Adi SOCAR-la bağlı işlərdə 30-40 min manat təzminat ödəmək öhdəliyi qoyulur. Burada ölüm faktı var. Təhsil Nazirliyi də yaxasını kənara çəkir. Halbuki bütün bu olanlarda onların da günahı var”.

Elinanın anası Sevil Hüseynova qızı ilə bağlı ekspertiza rəylərinin saxlatalaşdırıldığını iddia edib və apellyasiya məhkəməsinə üz tutaraq “Sizdən xahiş edirəm, qızımın qanı yerdə qalmasın”, - deyib.

“Bu iş cəmiyyətimiz üçün üzqarasıdır”

Keçmiş direktorsa, tam əksinə, bəraət istəyir və bu tələblə apellyasiya şikayəti verib. O, məhkəmədə də iddia edib ki, Elinanın özünə qəsd etməsində və ölümündə də onun suçu yoxdur.

Bakı Apellyasiya Məhkəməsinin hakimləri tərəflərdən heç birinin şikayətini təmin etməyib. Səbail rayon Məhkəməsinin hökmü olduğu kimi qüvvədə saxlanıb.

Elinanın yaxınları məhkəmədən sonra qərara etiraz ediblər. Bir qrup gənc fəal da məhkəmənin həyətində “Qatil sistem qatili qoruyur!” şüarıyla etirazlarını bildirib.

Zərərçəkmişin vəkili Sevinc Əliyeva AzadlıqRadiosu-na qərardan Ali Məhkəməyə şikayət edəcəklərini, o instansiyanın da qərarı onları qane etməzsə, bu işi Avropa Məhkəməsinə çıxaracaqlarını söyləyib:

“Bu iş bizim cəmiyyət üçün üzqarasıdır. Təsəvvür edin, bir uşaq imdad diləyir, amma o qədər vəzifəliadamın heç biri ona təcili yardım çağırmır. Heç kim də bu cür qeyri-insani hərəkətə görə adekvat cəzalandırılmır. Bu məsələ tək direktorla da məhdudlaşmamalıdır. Həkimlərin səhlənkarlığıyla bağlı da ciddi və əsaslı şübhələrimiz var. İki saata yaxın uşağı o vəziyyətdə qoyan başqa şəxslərlə bağlı da lazım olan hüquqi addımlarımız olacaq”.

Xatırlatma

Bakıda 162 saylı məktəbdə oxuyan Elina Hacıyevanın ötən il aprelin 4-də özünü üçüncü mərtəbədən atdığı, yaralı vəziyyətdə xəstəxanaya çatdırılsa da, sonradan (aprelin 6-da) vəfat etdiyi bildirilmişdi.

Hadisə ilə bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. Şagirdin intihar etdiyi bildirilir və buna səbəb kimi məktəbdə ona pis münasibət bəsləndiyi qeyd olunur.

Elina Hacıyevanın təhsil aldığı 162 saylı məktəbin direktoru Sevinc Abbasovanın, direktor müavini Lalə Məhərrəmovanın, sinif rəhbəri Çimnaz Mehdiyevanın və həmin təhsil müəssisəsinin psixoloqu Könül Ağayevanın işdən çıxarıldığı açıqlanıb.

Məktəbin direktoru Sevinc Abbasova CM-in 143 (təhlükədə qoyma) və 314.2-ci (səhlənkarlıq -ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin ölümünə səbəb olduqda) maddələri ilə məsuliyyətə cəlb olunub.

İstintaqın gedişində 125-ci maddəyə (özünü öldürmə həddinə çatdırma) xitam verilib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG