Keçid linkləri

Təcili xəbərlər
2018, 19 İyul, Cümə axşamı, Bakı vaxtı 00:07

Xeyli vaxtdır ki, Bakı Ağır Cinayətlər Məhkəməsində müdafiə sənayesi nazirinin qardaşı Əlikram Camalovla onun vaxtilə pul verdiyi Samir Nəbiyev arasında çəkişmə gedir. Nəbiyev nazirin qardaşının şikayəti əsasında cinayət məsuliyyətinə cəlb olunub.

Nəhayət, Əlikram Camalovla Samir Nəbiyev arasında barışıq olub. Avqustun 30-da keçirilən məhkəmədə nazirin qardaşının vəkili İmaməli Əsgərov deyib ki, həm zərərçəkmiş Camalovun, həm də təqsirləndirilən Nəbiyevin məhkəməyə ərizəsi var. Öncə təqsirləndirilənin ərizəsi elan edilib. Məlum olub ki, o, vəkili Ceyhun Yusifovdan imtina edir.

***Buna da bax-Nazirin qardaşı 'Bir də belə işə əl qoymaram' dedi

«Vəkilim Ceyhun Yusifov bir çox saytlara, qurumlara mənim adımdan açıqlama verib. Həmin açıqlamalardan imtina edirəm. Maddi imkanım olmadığım üçün Əlikram Camalovun pulunu qaytara bilməmişəm», – Samir Nəbiyevin ərizəsində belə yazılıb.

Ceyhun Yusifov məhkəmədəki çıxışlarında da, mətbuata açıqlamasında deyib ki, nazirin qardaşı Samir Nəbiyevə pulu sələmlə verib.

Elə Nəbiyev özü də məhkəmədə ifadəsində Əlikram Camalovdan aldığı 18 min manata görə ona 4 min 500 manat, 2 min 500 dollara görə isə 1500 dollar faiz ödədiyini, Camalovun aldığı pulları əsas borcdan çıxmadığını bildirmişdi.

CAMALOV BARIŞDI...

Zərərçəkmiş Əlikram Camalov isə ərizəsində yazıb ki, dəymiş ziyandan imtina edir və Samir Nəbiyevi bağışlayır.

***Buna da bax-Nazirin qardaşı yenə məhkəmədə dindirildi: 'Qardaşımın adını hallandırmayın'

Məhkəmədə təqsirləndirilənin imtina etdiyi vəkil Ceyhun Yusifov da danışıb. O, imtina ərizəsinin qəbul olunmasını istəyib:

«Mənim üçün əsas olan Samirin günahsız yerə tutulmamasıdır. Bu gün də tərəflər barışdı. Ona görə də imtinanı qəbul edin».

Şəkər Məmmədovanın sədrlik etdiyi hakimlər kollegiyası hər iki ərizəni qəbul edib.

Daha sonra Camalovun köməkçisi Hidayət Babayev dindirilib. Onun sözlərinə görə, nazirin qardaşı deyib ki, vaxtı olmadığına görə bu məsələ ilə məşğul ola bilmir, bu işi ona həvalə edir:

«Mən Samirin yanına getdim, dedi ki, «pulum yoxdur, bir az gözlə». Sonra gedəndə dedi ki, atası xəstədir, pulun əvəzinə mağazadakı malları təklif elədi. Bir müddət sonra gedəndə gördüm ki, mağaza bağlıdır. Sonradan eşitdik ki, atası rəhmətə gedib, Xırdalanda hüzr mərasimi verir. Gedib başsağlığı verdim. Pul məsələsindən danışanda Samir dedi ki, rayondakı torpağını satıb qaytaracaq. Amma eləmədi. Dedi ki, əmiləri satmağa icazə vermədi. Sonra öz səhhətimdə problem yarandı deyə, maraqlana bilmədim».

Ardınca məhkəmə istintaqının yekunlaşdığı elan olunub. Sentyabrın 5-də prokuror çıxış edəcək.

XATIRLATMA

İcarə əsasında elektrik avadanlıqları mağazasını işlədən Samir Nəbiyev birgə iş qurmaq üçün Əlikram Camalovdan öncə 2015-ci ilin noyabrında 18 min manat, daha sonra 2 min 500 dollar pul alıb. Razılaşmaya görə, Nəbiyev Camalova aylıq qazancın yarısını verəcəkmiş. İlk üç ayda qazandığı pulun bir hissəsini versə də, devalvasiyadan sonra vəziyyəti pisləşib, iflasa uğrayıb, pulu qaytara bilməyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG