«Biz heç vaxt dövlət müstəqilliyindən və ərazi bütövlüyündən vaz keçmərik. Dövlət müstəqilliyinin də, ərazi bütövlüyünün də qarantı sinəsində Rusiya orden və medallarını gəzdirən məmurlar deyil. Azərbaycan hakimiyyətində məskən salan Rusiyanın «5-ci kolon»u deyil, xalqdır».
Bunu bu gün, yanvarın 20-si 27 il öncə Bakıda sovet qoşunların qətlə yetirdiyi insanların dəfn olunduğu Şəhidlər Xiyabanını ziyarət edən AXCP sədri Əli Kərimli deyib.
AXCP sədri vurğulayıb ki, 27 il öncə insanlar Bakıda əliyalın sovet tanklarının qarşısına çıxıb müstəqilliyi əldə ediblər. Onun deməsinə görə, xalq yenə həmin amala sadiqdir: «Azərbaycan xalqı heç kimə imkan verməz ki, onun dövlət müstəqilliyini heçə endirsinlər, ərazi bütövlüyünə əl uzatsınlar. Bu gün 20 Yanvarda həlak olanlara verilən qiymət Lavrov-a da, Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alan hər bir kəsə də layiqli cavabdır».
Buna da bax-Tofiq Zülfüqarov Lavrov-un ermənipərəst danışdığını deyir
Bu günlər Rusiya xarici işlər naziri S.Lavrov ötən ilin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında deyib ki, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın daxili işi deyil. Bu açıqlamaya Azərbaycan hökumətinin sərt reaksiya verməməsini müxalifət tənqid ilə qarşılayıb.
Milli Şura və Müsavat Partiyası bəyanat verərək, S.Lavrov-un açıqlamasını Azərbaycanın ərazi bütövlüyünü şübhə altına almaq kimi dəyərləndiriblər.