Keçid linkləri

2024, 17 Aprel, çərşənbə, Bakı vaxtı 02:56

Əli İnsanov daha 10 il həbsdə qala bilər - [Yenilənib]


Əli İnsanov
Əli İnsanov

►Cinayət işi başlandı

Əli İnsanov ifadə verməkdən imtina edib. Onun reaksiyası

Qaradağ rayon Prokurorluğu avqustun 24-də hazırda həbsdə olan sabiq səhiyyə naziri Əli İnsanovun təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərar qəbul edib.

Sabiq nazirə Cinayət Məcəlləsinin 315.2 (hakimiyyət nümayəndəsinə zor tətbiq etmə) , 234.1 (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə ) və 317-2.1-ci (cəzaçəkmə müəssisələrində qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması və istifadəsi) maddələri ilə ittiham elan edilib.

Bu haqda sabiq nazirin vəkili Toğrul Babayev məlumat verib.

Bunlara da baxın:

Ə. İnsanovun təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərara görə, sabiq nazir hakimiyyət nümayəndəsinə qarşı həyat və sağlamlıq üçün təhlükəli şəkildə zor tətbiq edib. Bundan əlavə, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə edərək saxlayıb. Əli İnsanovun həmçinin, həbsxanada qadağan olunmuş əşyalar saxladığı iddia olunur.

Qərarda göstərilir ki, Ə. İnsanov avqustun 23-də xidməti vəzifəsini yerinə yetirən ədliyyə mayoru Anar Məmmədova zor tətbiq edib, onun boğazını sıxıb, paqonlarını qoparıb.

Həmçinin, Əli İnsanovun istifadəsi qadağan olunmuş 60 ədəd tramadol dərmanı saxladığının müəyyən edildiyi bildirilir.

Cinayət Məcəlləsinin 315.2 maddəsinə görə üç ildən yeddi ilədək cəza düşür. Habelə, 234.1 maddə ilə üç ilədək, 317-2.1-ci maddəyə görə isə altı ayadək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur.

Buna da bax: Əli İnsanovun əmlakını satan prezidentin köməkçisinin qızı imiş

Əli İnsanov ifadə verməkdən imtina edib

“Əli İnsanov irəli sürülən ittihamlarla razılaşmır, onların heç birini qəbul etmədiyini söylədi”.

Sabiq nazirin vəkili Toğrul Babayev yeni ittihamları şərh edərkən “Turan” İnformasiya Agentliyinə belə deyib. Vəkilin bildirməsinə görə, Ə.İnsanov dindirmə zamanı ifadə verməkdən imtina edib.

Vəkil qeyd edib ki, Əli İnsanovun üzərindən guya tərkibində psixotrop maddə olan dərman tapılıb. Amma İnsanov bildirib ki, bu dərmanın ona aidiyyatı yoxdur:

"Əli İnsanov cəzaçəkmə müəssisəsində bir təzyiq dərmanı içirdi və bunu ona rəsmi olaraq penitensiar müəssisə əməkdaşlarının nəzarəti altında verirdilər. Bundan başqa, Ə. İnsanov guya cəzaçəkmə müəssisəsinin əməkdaşına güc tətbiq edərək müqavimət göstərib. 70 yaşlı alim müqavimət göstərməsi faktını inkar edir".

Buna da bax: Əli İnsanov: «Məni sındıra bilməyəcəksiz»

Əli İnsanov: «Məni sındıra bilməyəcəksiz»
Gözlə

No media source currently available

0:00 0:03:07 0:00

Vəkilin sözlərinə görə, sabiq nazir deyib ki, bütün bunlar onu azadlığa buraxmamaq məqsədindən irəli gəlir.

"Əli İnsanov bildirdi ki, azad edilməsinə 2 aydan az bir müddət qaldığı vaxtda yeni ittihamların irəli sürülməsi onu azadlığa buraxmamaq məqsədi daşıyır", deyə vəkil qeyd edib.

Vəkil sabiq nazirin təqsirləndirilən şəxs kimi cəlb edilməsi qərarına uyğun olaraq onun cəzaçəkmə müəssisəsindən təcridxanaya yerləşdiriləcəyini bildirib.

"Artıq Qaradağ Rayon Məhkəməsi Ə.İnsanovun iştirakı olmadan onun istintaq təcridxanasına köçürülməsi məsələsinə baxıb", vəkil bildirib.

Vəkil ittihamlarla qətiyyən razı olmadıqlarını, hüquqi prosedurlara uyğun olaraq yeni vəsatətlər irəli sürəcəklərini bildirib.

Əli İnsanov 2005-ci ilin oktyabrında həbs olunub. 2007-ci il aprelin 20-də məhkəmənin hökmü ilə 11 il azadlıqdan məhrum edilib. Avropa Məhkəməsi 2013-cü ildə keçmiş nazirin şikayətinə baxaraq, ona münasibətdə Avropa Konvensiyasının 6-cı (ədalətli məhkəmə araşdırması hüququ) və 3-cü (işgəncəyə, qeyri-insani rəftara məruz qalmamaq hüququ) maddələrinin pozulduğunu təsdiqləyib. Azərbaycan hökumətinin üzərinə buna görə Əli İnsanova kompensasiya ödəmək öhdəliyi qoyub.

Avropa Məhkəməsinin həmin qərarı əsasında Azərbaycan Ali Məhkəməsinin Plenumu 2013-cü ilin noyabrında Ə.İnsanovun işinə yenidən baxıb. Əvvəlki qərar ləğv olunub və iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilib. Amma bu instansiya bir daha Ə.İnsanov barədə hökmü qüvvədə saxlayıb. Keçmiş nazirin vəkilləri Bakı Apellyasiya Məhkəməsinin bu qərarından 2015-ci ilin mayında Ali Məhkəməyə şikayət vermişdi.

Ə.İnsanovun 11 illik cəza müddəti bu ilin oktyabrında başa çatır.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG