Keçid linkləri

2025, 21 Mart, Cümə, Bakı vaxtı 11:01

Artur Rasizadənin hökuməti 'çevik deyil'- Əli Hüseynli


Əli Hüseynli
Əli Hüseynli

►"Nazirlər Kabinetinin islahatların önündə getməsini də müşahidə etməmişik"

“Azərbaycanda son dövrlər həyata keçirilən islahatların sürəti ilə Nazirlər Kabinetinin idarəetmə sistemi arasında böyük təzad var. Bu kontekstdə icra hakimiyyəti institutunda həyata keçirilən institusional islahatlar daha çox əhəmiyyət kəsb edir”.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Konstitusiyaya təklif edilən dəyişikliklər haqqında danışarkən belə deyib.

O, APA-ya açıqlamasında Azərbaycanda vitse-prezidentlər institutunun yaradılması ilə bağlı təkliflərin yerində olduğunu ifadə edib.

Buna da bax - M.Əliyev: 'Hakimiyyət referendum əleyhdarı istəmir'

“Nazirlər Kabinetinin çevik reaksiya vermək vərdişləri mövcud deyil”

“Cəmiyyətimiz ölkə prezidentinin həyata keçirdiyi islahatlara birbaşa rəhbərlik etdiyini müşahidə edir. Baxmayaraq ki, Nazirlər Kabineti mövcuddur, qərarlar qəbul edilir. O qərarlar müəyyən bir müddət çərçivəsində verilir. Amma ölkə prezidentinin qəbul etdiyi qərarların sürətli icrasını müşahidə edirik. Bu, daha çox yeni institusional islahatları tələb edir. Bu baxımdan prezidentintəyin edəcəyi vitse-prezidentlər institutunun yaradılması bir zərurətə çevrilir.”, komitə sədri bildirib.

Baş nazir Artur Rasizadə parlamentdə hesabat verir, 2014
Baş nazir Artur Rasizadə parlamentdə hesabat verir, 2014

Ə. Hüseynli Nazirlər Kabinetinin fəaliyyətini tənqid də edib. O deyib ki, mövcud durumda Nazirlər Kabinetinin çevik reaksiya verməyə həm mexanizmləri, həm də vərdişləri mövcud deyil:

“Bu dövrdə Nazirlər Kabinetinin islahatların önündə getməsini də müşahidə etməmişik. İqtisadiyyat və digər vacib sahələrdə bütün təşəbbüslər də prezidentdən gəlir”.

Buna da bax: Rasim Balayevin referenduma şərhi: 'Əcəb edirlər'

Seçmək və seçilmək hüququ...

Ə. Hüseynli Konstitusiyada hakimiyyət qollarında yaş senzi ilə bağlı məhdudiyyətin götürülməsinin “çox mütərəqqi” olduğunu vurğulayıb. Bir şəxsin iki dəfədən artıq prezident seçilməsi ilə bağlı məhdudiyyətin əvvəlki referendumda aradan qaldırıldığını yada salan Ə.Hüseynli yaş senzi ilə bağlı təkliflərin əvvəlki islahatın davamı olduğunu bildirirb.

“Əgər şəxs yetkinlik yaşında seçmək hüququ əldə edirsə, həm də seçilmək hüququ yaranmış olmalıdır. Bu baxımdan, son dövrdə Azərbaycanda həyata keçirilən Konstitusiya islahatları daha geniş imkanlar yaradılmasına xidmət edir. Biz ümumiyyətlə məhdudiyyətləri aradan qaldırırıq. Zamanında iki dəfədən artıq seçilməklə bağlı məhdudiyyəti aradan qaldırmaqla bağlı ideya məhz bundan ibarət olub. Vətəndaş, seçici özü müəyyən edir ki, bir dəfə, yaxud bir neçə dəfə seçir. Bu, xalqın istəyinə, iradəsinə söykənən bir məsələdir”

Ə.Həsənova görə, təklif olunan dəyişiklik vətəndaşın seçmək və seçilmək hüququna böyük bir hörmətdən irəli gəlir.

Azərbaycan müxalifəti isə fərqli düşünür. Müxalifətin fikrincə bu dəyişikliklər ölkədə monarxiya sisteminə keçidin hüquqi əsaslarını yaradır.

Azərbaycanda Konstitusiyaya dəyişiklərlə bağlı referendum sentyabrın 26-da keçiriləcək.

Referendum Aktı layihəsində Azərbaycanda birinci vitse-prezident və vitse-prezidentlər postunun yaradılması nəzərdə tutulur. Habelə, prezidentin səlahiyyət müddəti 5 ildən 7 ilə artırılır. Prezident və parlament seçkilərində yaş məhdudiyyəti aradan qaldırılır. Bütün bunlardan başqa, prezidentə parlamenti buraxmaq səlahiyyəti də verilir.

XS
SM
MD
LG