Keçid linkləri

2024, 16 İyun, bazar, Bakı vaxtı 16:28

Əli Əliyev 5 ay azadlıqdan məhrum edilib


Əli Əliyev
Əli Əliyev

Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev həbs olunub. Yanvarın 13-də Yasamal Rayon Məhkəməsində onun 5 ay azadlıqdan məhrum edilməsi barədə hökm çıxarılıb.

Bu hökm noyabrın 30-da Qaraheybət poliqonunda qəzaya uğramış helikopterdən sağ çıxan Dövlət Sərhəd Xidməti polkovniki Emil Cəfərovun xüsusi ittiham qaydasında qaldırdığı iddia əsasında çıxarılıb.

Məhkəmə çəkişməsinə VİP sədrinin dekabrın 9-da Youtube platformasındakı “Osmanqızı” kanalında helikopter qəzasını şərh edərkən səsləndirdiyi fikirlər səbəb olub. O bildirib ki, qəzanın necə baş verməsi haqda müsahibə verən iki hərbçinin – polkovnik Emil Cəfərov və kapitan Ramin Ədilovun əslində, hadisə vaxtı helikopterdə olduğuna inanmır.

Adları çəkilən DSX zabitlərinin hər ikisi Əliyevin CM-in 147.1 maddəsi (böhtan) ilə təqsirli bilinib 6 ay azadlıqdan məhrum edilməsini istəyirdilər.

Yanvarın 13-də Cəfərovun iddiasına baxılıb hökm çıxarılsa da, Ədilovun şikayəti üzrə məhkəmə prosesi hələ davam edir.

“Bircə biz vəkilləri döyməyi qalmışdı”

Məhkəmədən sonra hökmü AzadlıqRadiosuna şərh edən vəkil Cavad Cavadov bildirib ki, apellyasiya şikayəti veriləcək.

Məhkəmə prosesinin çoxsaylı qanun pozuntularıyla müşayiət olunduğunu deyən vəkilin sözlərinə görə, partiya sədrinə müdafiə olunmaq üçün imkan yaradılmayıb. Məhkəmə prosesi səhərdən başlayıb və saat 16.00 radələrinə qədər davam edib. Hətta günorta partiya sədrini nahar fasiləsi zamanı məhkəmə binasından çıxmağa qoymayıblar:

“Hakim özünü elə aparırdı ki, bircə biz vəkilləri döyməyi qalmışdı. Videoçəkiliş gedir, ədliyyə naziri götürüb orada baş verənlərə baxa bilər. Prosesin gedişi göstərirdi ki, Əli Əliyev həbs olunacaq. Biz vəkillərə çıxış üçün imkan vermədi. Əli Əliyevin səhhəti pisləşmişdi. Dedi ki, mən bu durumda danışa bilmərəm. Dedi ki, özünüz bilin, mən yekunlaşdırıram”.

Cavadov əlavə edib ki, müdafiə tərəfi digər iddianın da eyni icraatda birləşdirilməsini xahiş edib, lakin məhkəmə təmin etməyib.

Fikrinə görə cəzalandırıldığını deyir

Təqsirləndirilən partiya sədri bildirib ki, o, faktiki öz fikrinə, düşüncəsinə görə cəzalandırılır.

Əliyev Yasamal rayon Məhkəməsindən Bakı İstintaq Təcridxanasına aparılıb.

“Huşunu itirmiş, 3000 metr hündürlükdən düşmüş insanın üzündə heç bir cızıq, çapıq olmaması, yalnız bazu və said sümüyünün sınması, o adamın həmin vertolyotda olmasına şübhə yaradır. Vertolyotun hansı səbəbdən partlamasını və ya qəzaya uğramasını salonda olan sərnişin bilə bilməz. Yalnız pilot pozuntunun nədən başlaması, uçuşda olan problem haqda ehtimal irəli sürə bilər...” – partiya sədri “Osmanqızı” kanalında qəzanı şərh edərkən belə deyib.

Cəfərovun iddiası

Cəfərov iddia ərizəsində göstərib ki, Əliyev onu yalan danışmaqda ittiham etməklə, nüfuzdan salıb:

“Xidmət yoldaşlarım və yaxın dostlarımın ölümü ilə bağlı yalan məlumat verdiyimi iddia etməklə, məni cəmiyyət və kollektiv arasında nüfuzdan salıb”.

DSX zabitlərinin hər biri Əliyevin CM-in 147.1 maddəsilə təqsirli bilinib, 6 ay azadlıqdan məhrum edilməsini istəyib.

Sözügedən helikopter qəzası noyabrın 30-da Xızı rayonu ərazisində baş verib. Qəza nəticəsində ikisi polkovnik olmaqla, 14 nəfər müxtəlif rütbəli hərbçilər həlak olub.

Dekabrın 20-də Baş Prokurorluğun yaydığı açıqlamada bildirilib ki, pilotların eniş zamanı küləyin istiqamətini və sürətini nəzərə almaması, idarəetmədə yol verdikləri kobud səhvlər helikopterin qəzaya uğramasına səbəb olub.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG