Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 18:00

Elgiz Qəhrəmanın 'son söz'ü əlindən alınıb


Elgiz Qəhraman
Elgiz Qəhraman

NİDA Vətəndaş Hərəkatının üzvü Elgiz Qəhrəman yanvarın 11-də keçirilən məhkəmədə söyləyəcəyi son sözün mətnini yazsa da, Kürdəxanıdakı 1 saylı istintaq təcridxanasının əməkdaşları həmin mətni onun əlindən alıblar. Bu məlumatı Elgiz Qəhrəmanın özü məhkəmədə açıqlayıb.

Yanvarın 11-də keçirilən məhkəmə iclası gənc fəalın vəkilləri Nemət Kərimli və Fariz Namazlının müdafiə çıxışları ilə başlanıb.

Buna da bax:​ Məhbus anası: 'Məni ən çox ağrıdan uşağımın soyundurulub işgəncə verilməsidir'

Fariz Namazlı Elgiz Qəhrəmana verilmiş narkotik ittihamını tam əsassız saydığını bildirərək deyib ki, həbsinin ilk günlərində ona işgəncəyə məruz qoyublar. Bu yolla guya Fethullah Gülen tərəfdarı olması, onunla davamlı əlaqə saxlaması barədə ifadəyə imza atdırıblar. Evlərinə iki dini kitab qoysalar da, sonradan Elgizə bu məsələ ilə bağlı ittiham irəli sürməyiblər.

"Bir neçə nəfərin səhnələşdirdiyi teatr"

"Guya Gülen tərəfdarı olması haqda mətbuatda gedən yazıda Elgiz Qəhrəman "Nida"nın başqanı kimi təqdim olunub. Dostları ona zarafatla "Elgiz başqan" dediklərindən, görünür, onu həbs eləyənlər bunu eşidib, səhv başa düşüblər. Elgizin həbsinin əsl səbəbi haqda daha bir ehtimalsa onun "Facebook"da yazdığı bircümləlik statusdur", - vəkilin sözləridir.

Elgizin siyasət adamı olmadığını, müəllim çalışdığını söyləyən Fariz Namazlı çıxışının sonunda gənc fəal haqqında bəraət hökmünün çıxarılmasını istəyib.

Buna da bax: Prokuror NİDA-çı fəala 6 il həbs istəyir

Gənc fəalın digər vəkili Nemət Kərimli "Amnesty International" beynəlxalq insan haqları təşkilatının Elgiz Qəhrəmanı "vicdan məhbusu" elan etdiyini xatırladaraq deyib: "Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi neçə illərdir siyasi proseslərə müdaxilə edir, fəalların cibinə narkotik atır. Növbəti də Elgiz oldu. Elgiz məhkəmənin həbs qərarından sonra, qanunsuz olaraq, 6 gün "bandotdel"də saxlanılıb, orada ona işgəncə verilib".

Elgizin həbsini və ondan narkotik tapılması haqda iddiaları "bir neçə nəfərin səhnələşdirdiyi teatr” adlandıran Nemət Kərimli də bəraət hökmü çıxarılmasını istəyib.

Ardınca hakim Azad Məcidov gənc fəala son söz söyləməyi təklif edib. Elgiz Qəhrəman son sözünün yazılı mətninin təcridxanada əlindən alındığını bildirərək, hakimdən bu halın növbəti dəfə təkrarlanmaması üçün göstəriş verməsini xahiş edib.

Buna da bax:​ Gənc fəal: 'Əməliyyat müvəkkilinin otağında beysbol zopaları var idi'

O, son sözünü yenidən hazırlamasından ötrü məhkəmədən vaxt istəyib. Məhkəmə yanvarın 16-da gənc fəalın son sözü ilə davam edəcək.

Xatırlatma

Elgiz Qəhrəman ötən il avqustun 12-də saxlanıb və həmin gün onun haqqında CM-in 234.4.3-cü (külli miqdarda narkotik maddənin qanunsuz dövriyyəsi) maddəsi ilə həbs-qətimkan tədbiri seçilib. Onu bir həftə Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlayaraq, vəkilini yanına buraxmayıblar.

Prokuror gənc fəala 6 il həbs cəzası istəyib.

Buna da bax: 'Dedilər yaz ki, Fethullah Gülenlə birbaşa telefon əlaqən olub'

Elgiz Qəhrəman həm özü, həm də fəalı olduğu NİDA Vətəndaş Hərəkatı həbsin siyasi motivlərlə gerçəkləşdiyini bəyan edib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG