Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 17:27

Vəkil: 'Elgiz bu statusuna görə bu gün burdadı...'


Elgiz Qəhrəman
Elgiz Qəhrəman

"Prezidentliyə namizədlərə yaş məhdudiyyətinin aradan qaldırılması barədə Konstitusiyaya dəyişiklikləri şərh edərkən YAP sədrinin müavini Əli Əhmədov demişdi ki, "Şah İsmayıl Xətai də 14 yaşında hakimiyyətə gəlib". Elgiz də "Facebook"da yazıb ki, "taleyi yox, ömrü oxşasın". Bu statusuna görə də bu gün burdadı".

Vəkili Nemət Kərimli NİDA-çı gənc Elgiz Qəhrəmanın həbsinin səbəbini məhkəmədə belə izah edib.

Buna da bax:​ Elgiz Qəhrəmana işgəncə verilməsi iddiaları araşdırılır

Dekabrın 14-də Bakı Ağır Cinayətlər Məhkəməsində Elgiz Qəhrəmanın işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

“NARKOTİK İTTİHAMININ ONA AİDİYYƏTİ YOXDUR”

NİDA-çı fəalın vəkili Fariz Namazlı hökm elan olunana qədər onun ev dustaqlığına buraxılması, məhkəmə zalındakı şüşə kabinədən çıxarılıb müdafiəçilərinin yanında əyləşməsinə imkan verilməsi, yolverilməz sübutların işdən xaric edilməsi barədə vəsatətlər qaldırıb. Fariz Namazlı deyir ki, Elgizə verilən narkotik ittihamının ona heç bir aidiyyəti yoxdur: "Onun həbsi cəmiyyətdə də səs-küyə səbəb oldu. Verilmiş ittihamın ona aidiyyəti yoxdu. Ona görə də Elgiz Qəhrəman sonadək mübarizə aparıb, bəraət almaq niyyətindədi. Heç yerə də qaçıb gizlənmək niyyəti yoxdu".

Buna da bax:​ Vəkil F.Namazlı: Ombudsman zorakılıq izlərini 'görmür'

Fariz Namazlı deyir ki, Ali Məhkəmənin Plenumunun qərarına görə, saxlanılan şəxsin statusu müəyyən edilməyincə, onun üzərinə baxış keçirilə bilməz. Amma Elgiz Qəhrəmanın üzərinə baxış keçirilməsi protokolundan məlum olur ki, həmin vaxt o, heç şübhəli şəxs qismində də deyilmiş.

“SONRADAN BİLDİK Kİ, ONA MƏCBURİ YAZDIRIBLAR”

Elgiz Qəhrəmanın saxlanılarkən işgəncələrə məruz qaldığını deyən vəkilin sözlərinə görə, gənc fəal bu səbəbdən narkotikin özünə məxsusluğu barədə ifadəyə imza atmaq məcburiyyətində qalıb: "Elgizin barəsində həbs-qətimkan tədbiri ilə bağlı işə apelyasiya məhkəməsində baxılanda onun özünü aparmayıblar. Müstəntiq məhkəməyə ərizə təqdim edib ki, guya, Elgiz özü məhkəmədə iştirak eləmək istəmir. Sonradan bizə məlum oldu ki, ona məcburi yazdırıblar".

Buna da bax:​ The Washington Post Azərbaycanı kəskin tənqid edən məqalə dərc edib

Fariz Namazlının daha bir vəsatəti məhkəmə prosesinin audio və video yazısının aparılması haqda olub.

Vəsatətlərə münasibət bildirən Elgiz Qəhrəman onların təmin olunmasını istəyib.

"Mənim həbsim qanunsuz, qərəzli və sifarişlidi", - deyə Elgiz Qəhrəman əlavə edib.

Azad Məcidovun sədrlik etdiyi hakimlər kollegiyası vəsatətlərin heç birini təmin etməyib.

Məhkəmə baxışı dekabrın 21-nə təyin olunub.

Buna da bax: Elgiz Qəhrəmanın anası: ‘Mən bu gün kiminsə qapısına şirniyyat aparacaqdım...’

XATIRLATMA

E.Qəhrəman avqustun 12-də saxlanıb və həmin gün CM-in 234.4.3-cü (külli miqdarda narkotik maddənin qanunsuz dövriyyəsi) maddəsi ilə həbs-qətimkan tədbiri seçilib. Onu 12 ilədək azadlıqdan məhrum olunma təhlükəsi gözləyir.

E.Qəhrəmanı bir həftə Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlayıblar və vəkili yanına buraxmayıblar.

NİDA Vətəndaş Hərəkatı E.Qəhrəmanın siyasi motivlərlə həbs olunduğunu bəyan edib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG