Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 14:42

Ələtdə Azərbaycan - Çin şəhərciyi yaradılır


Ələtdə “Azərbaycan - Çin Azad İqtisadi Sənaye Şəhərciyi”nin yaradılması istiqamətində müzakirələr davam edir.

Bu haqda iqtisadiyyat naziri Şahin Mustafayev məlumat verib.

Nazirliyin mətbuat xidməti bildirir ki, Şahin Mustafayev mayın 22-də Çinin İxracın və Kreditlərin Sığortası Korporasiyasının (SINOSURE) idarə heyətinin sədri Vanq Yini qəbul edib.

Nazir həmin görüşdə Ələtdə yaradılması nəzərdə tutulan “Azərbaycan-Çin Azad İqtisadi Sənaye Şəhərciyi” barədə məlumat verib. O, bildirib ki, iki ölkənin şirkətləri arasında birgə həyata keçirilməsi nəzərdə tutulan metallurgiya, kənd təsərrüfatı, neft-kimya sahələri üzrə layihələrin icrası iqtisadi əlaqələrin inkişafında əhəmiyyətli olacaq.

Görüşdə Çin korporasiyasının Azərbaycanın aidiyyəti qurumları ilə əlaqələrin genişləndirilməsində maraqlı olduğu bildirilib. Tərəflər əlaqələrin qurulması imkanlarını müzakirə ediblər.

Xatırlatma

2017-ci ildə Bakı Şəhəri Qaradağ Rayonunun İcra Hakimiyyəti ilə Çin Xalq Respublikası Şenjen şəhər Regional İqtisadi Əməkdaşlıq Assosiasiyası arasında saziş imzalanıb.

Bu sazişdə Ələt qəsəbəsində “Azərbaycan-Çin Azad İqtisadi Sənaye Şəhərciyi”nin yaradılması sahəsində əməkdaşlıq edilməsi nəzərdə tutulub.

Layihə Ələt qəsəbəsində 1000 hektar ərazidə həyata keçirilməlidir. Layihənin ümumi dəyəri ilkin olaraq 2 milyard manat hesablanıb.

Şəhərcikdə ağır və yüngül sənaye, tikinti, yüksək texnologiyalar, kənd təsərrüfatı, logistika və xidmət sahələri yer almalıdır.

Nəzərdə tutulan layihənin icra müddəti 4 illik dövrü əhatə etməlidir. Birinci il ərzində ərazidə texniki-layihələndirilmə işlərinin aparılması və infrastrukturun salınması nəzərdə tutulur.

İkinci ildə tikinti işlərinin aparılması və bir neçə sektor üzrə istehsal sahələrinin istifadəyə verilməsi planlaşdırılır. Növbəti illərdə isə layihə üzrə nəzərdə tutulmuş bütün istehsal və xidmət sahələrinin tikintisinin tam başa çatdırılması, istifadəyə verilməsi düşünülür.

XS
SM
MD
LG