Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:28

2 ayda enerji sektoruna ayrılan vəsait 100 milyon manatı keçib


Azərbaycanda energetika sisteminin təkmilləşdirilməsi və elektrik enerjisi təchizatının yaxşılaşdırılmasından ötrü 40 milyon manat ayrılıb.

Prezident İlham Əliyev bu gün, dekabrın 25-də bununla bağlı sərəncam imzalayıb.

Sənədə əsasən, 40 milyon manat Energetika Nazirliyi və “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin (ASC) birgə tərtib etdiyi Reabilitasiya Proqramında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsinə sərf ediləcək. Bu 40 milyon manat prezidentin ehtiyat fondundan “Azərenerji”ASC-yə ayrılacaq.

Azərbaycan prezidenti son 2 ayda bu sektora ümumilikdə 140 milyon manat ayırıb.

Prezident daha əvvəl, oktyabrın 30-da “Azərenerji” ASC-yə dövlət büdcəsindən 48 milyon manat ayrmışdı.

Bu, Mingəçevir şəhərindəki “Azərbaycan” İstilik Elektrik Stansiyasında baş vermiş qəza ilə bağlı aparılmış araşdırmalar nəticəsində stansiyanın fəaliyyətində aşkar edilən nöqsanların aradan qaldırılması və infrastrukturunun təkmilləşdirilməsi məqsədi ilə izah edilirdi.

Bir ay sonra, noyabrın 30-da da prezident “Bakı”, “Astara” və “Yenikənd” elektrik stansiyalarında təmir-bərpa işlərindən ötrü də “Azərenerji” ASC-yə 12 milyon manat ayrılması ilə bağlı sərəncam imzalamışdı.

Dekabr ayında isə Şimal”, “Cənub”, “Sumqayıt”, “Mingəçevir” elektrik stansiyalarının güclərinin artırılmasına 30, “Qobu” yarımstansiyasından ötrü əlaqələndirici elektrik verilişi xəttinin tikintisinə isə 10 milyon manat ayrılıb.

Xatırlatma

Bu ilin yayında Azərbaycanda elektrik təchizatında problemlər yaranmışdı. Mingəçevirdəki İstilik Elektrik Stansiyasında qəza baş vermiş, ölkənin böyük hissəsi saatlarla elektriksiz qalmışdı.

Həmin hadisədən bir gün sonra, iyulun 3-də yanğın və qəza baş verməsi üzündən ölkənin müəyyən hissəsi yenidən eyni problemlə üzləşmişdi.

Həmin vaxt prezident bununla bağlı xüsusi müşavirə keçirmişdi. Toplantıda qəzanı “ciddi siqnal” adlandıran İlham Əliyev bu sahədə bəzi tədbirlərin görüləcəyini demişdi.

Amma o vaxt bəzi ekspertlər vurğulayırdılar ki, bu sektora böyük pullar xərclənib və həmin vəsaitlərdən səmərəli istifadə edilməyib.

“İndi sual olunur ki, elektrik enerjisi təsərrüfatına son 15 ildə 5 milyard dollar investisiya yatırılan olkədə bir mühəndis səviyyəsində adam olmayıb durub desin ki, enerjinin paylanması və avtomatik idarəedilmə infrastrukturunu da yaratmaq lazımdır”, deyə ekspertlərdən İlham Şaban sual edirdi.

XS
SM
MD
LG