Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 17:46

Hətta sizin işıqlarınız sönəndə də kimlərsə varlanır…


Prezidentdən yeni müşavirə - Gəncə hadisələrinin yeni detalları
Gözlə

No media source currently available

0:00 0:14:54 0:00

Prezidentdən yeni müşavirə - Gəncə hadisələrinin yeni detalları

Azərbaycanda elektrik enerjisi infrastrukturuna yenə də vəsait ayırmağa ehtiyac varmı?

Prezident İlham Əliyev, iyulun 10-da, Nazirlər Kabinetinin iclasında deyib ki, o, ölkədə yeni yarımstansiyaların tikintisinə göstəriş verib.

“Artıq göstəriş verilib, həm Bakıda, həm bölgələrdə bu il və gələn il yeni yarımstansiyaların tikintisi təmin ediləcək. Vaxtilə, sovet dönəmində tikilmiş enerji təsərrüfatının müasirləşdirilməsi üçün əlavə vəsait ayrılır”.

Bəs, mütəxəssislərin fikrincə, bu yeni stansiyalar ölkədə elektrik problemini həll edə bilərmi?

“Barmek Azərbaycan” şirkətinin keşmiş əməkdaşı, hazırda Türkiyədə çalışan elektrik mühəndisi Vəfa Ağayev deyir ki, belə yeni stansiyalara ehtiyac var. Çünki hazırda Azərbaycanda çox sayda köhnə yarımstansiya mövcuddur:

“Bizim regionlarda rekonstruksiya olunmamış çoxlu yarımstansiyalarımız var, 220 KV, 110 KV-luq. Bunlar rekonstruksiya olunmayıb. Bu yarımstansiyalar bu dəqiqə də 70-80-ci illərin avadanlıqları ilə çalışır. Hətta elə yarımstansiyalar var ki, orda 50-ci illərin avadanlıqlarıdır. Və bunlar da hər an sıradan çıxa bilir. Ən önəmli məsələlərdən biri də yeni xətlərin çəkilməsi və sistemin dayanıqlılığının təmin edilməsidir”.

Bu sistemin yenilənməsi dövlət büdcəsi və ya xarici kreditlər hesabına işin aparılması deməkdir. Bu pullar ünvanına çatıb şəffaf xərclənəcəkmi? Hökumətin əvvəlki təcrübəsini nəzərə alanda buna şübhə edənlər var.

Hasilat Sənayesində Şəffaflıq Təşəbbüsləri Beynəlxalq İdarə Heyətinin üzvü Qubad İbadoğlu deyir ki, son 10 ildə Azərenerji şirkətinə infrastrukturu yenilənəmək üçün ayrılan pullar təxmini hesablamalara görə 6 milyard dollardan da çoxdur. Bəs, bu qədər pula sistemi yeniləmək və lazım olan yarımstansiyaları tikmək olardımı?

Türkiyədəki mütəxəssis Vəfa Ağayev deyir ki, olardı. Bakıdan Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban da deyir ki, 6 milyard dollara kifayət qədər yeni yarımstansiyalar tikmək olardı. İlham Şaban əlavə edir ki, indiyə qədər ayrılan vəsaitlər batıb:

“Hökumət hələ də boynuna almaq istəmir ki, Azərenerji kimi şirkət 27 ildir, dövlət vəsaitini batırır”.

Azərenerjinin mətbuat xidmətinin rəhbəri Yəhya Babanlı gün ərzində telefon zənglərimizə cavab vermədi. Amma bir neçə gün əvvəl onunla qısa söhbətimizdə demişdi ki, suallara, qəzalarla bağlı araşdırma başa çatandan sonra cavab verəcəklər.

Bəs, Azərenerjinin fəaliyyətinə hökumət necə nəzarət edib? Rəsmi dövlət xəbərlərindən və Azərenerjinin mətbuata verdiyi məlumatlardan aydın olur ki, bu qurumun sifarişlərinin bir çoxunu Azenko şirkəti yerinə yetirib. Bu şirkət modul stansiyalar tikib, elektrik verilişi kabelləri istehsal edib, paylayıcı qurğular inşa edib.

AzadlıqRadiosunun 2012-ci ildə apardığı araşdırmalarda Azenko şirkətinin Azərbaycan prezidentinin ailəsinə bağlı olması barədə sənədlər üzə çıxmışdı. Prezident Administrasiyasi həmin vaxt bu araşdırmaya reaksiya verməmişdi.

Bakı Dövlət Universitetinin İqtisadiyyat müəllimi Toğrul Maşallı deyir ki, Azərenerji maliyə hesabatlarında da şəffaf deyil:

“Dövlət Satınalmaları haqqında qanuna görə, şirkətlərin tenderləri barədə məlumatlar açıq olmalıdır. Biz Azerenerjinin tender elanları barədə məlumatı görürük, amma onun nəticəsi barədə məlumatlara rast gəlinmir. Bu da o şübhələrə əsas verir ki, bəlkə bu sifarişlər elə öz şirkətlərinə verilir”.

Mütəxəsisslərin üzərinə işıq salmaq istədiyi ikinci məsələ isə ehtiyacların düzgün qiymətləndirilməsi və işin keyfiyyətidir.

Məsələn, Türkiyədə çalışan energetik Vəfa Ağayev deyir ki, Azərbaycanda son illər qurulan modul stansiyalar da əslində dünyanın hər yerində sökülüb atılır, çünki faydalı iş əmsalı çox aşağıdır, işləyəndə çox gurultu salır, həm də ətrafı çirkləndirir:

“220 və daha yüksək elektrik stansiyalarını qaz izolə sistemi, 110 KV-lıq və daha aşağı yarımstansiyaları çox vəsait xərclənməsin deyə müasir avandanlıqlarla, Avropa laboratoriyalarında akkreditə olunmuş, testdən keçmiş avadanlıqlarla qurmaq lazımdır”.

AzadlıqRadiosu ölkənin elektrik sistemi barədə Bakı sakinlərinin də fikirlərini öyrənib:

Hökumət nə etsin ki, işıqlar sönməsin?
Gözlə

No media source currently available

0:00 0:00:42 0:00

Xatırlatma

İyulun 2-dən 3-ə keçən keçən bütün ölkədə elektrik kəsilib. Azərenerji bunu Mingəçevir İstilik Elektrik Stansiyasında aşırı yüklənmə ilə izah edib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG