Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:32

Mingəçevir İES-də baş verən qəzaya görə cinayət işi açılıb


Zakir Qaralov
Zakir Qaralov

“Mingəçevir İstilik Elektrik Stansiyasında (İES) baş verən hadisə ilə əlaqədar cinayət işi qaldırılıb”

APA-nın məlumatına görə, bu barədə bu gün, iyulun 4-də baş prokuror Zakir Qaralov prezident İlham Əliyevin yanında ölkənin enerji sistemindəki vəziyyətlə əlaqədar müşavirədə bildirib:

“Müvafiq istintaq tədbirləri davam etdirilir. Baş vermiş hadisə ilə əlaqədar "yanğın təhlükəsizlik qaydalarını pozma", "vəzifədən sui-istifadə etmə" və "səhlənkarlıq" maddələri ilə cinayət işi qaldırılıb. İstintaq-əməliyyat qrupu yaradılıb. Hadisə yerində zəruri istintaq tədbirləri həyata keçirilir”.

Baş prokuror bildirib ki, hadisə yerinə baxış keçirilib, müvafiq sənədlər götürülüb, hadisənin baş vermə səbəbi ilə əlaqədar dindirilmələrə başlanıb.

“Əgər gələcəkdə qəza baş verərsə, bunun ümumi sistemə təsiri olmasın”

“ Report” agentliyinin xəbərinə görə isə, dövlət başçısı da vurğulayıb ki, qəzanın səbəbləri araşdırılmalıdır:

“İndi ilkin məlumat var, ona görə daha geniş məlumat əldə edilsin. Qəzanın səbəbləri vacib olsa da, bundan daha önəmli məsələ qəza nəticəsində ümumi sistemin sıradan çıxmasıdır. Bu çox ciddi bir faktdır və əlavə tədbirlər görülməlidir. Əgər gələcəkdə hər hansı qəza baş verərsə, bunun ümumi sistemə təsiri olmasın. Yəni qəza lokal xarakter daşısın. Hesab edirəm ki, bu, komissiyanın işində əsas istiqamət olmalıdır".

Dövlət başçısı bildirib ki, bununla bağlı tədbirlər planı hazırlanmalıdır: "Tədbirlər planına bu gün bu bu müşavirədə səsləndirilən fikirlər də salınmalıdır. O cümlədən beynəlxalq auditin cəlb edilməsi məsələsi. Hesab edirəm ki, bu çox vacibdir. Mingəçevir Elektrik Stansiyasının tam təftişi və auditi aparılmalıdır. Eyni zamanda ölkəmizin bütün enerji sistemi bu sahədə peşəkarlıqla seçilən beynəlxalq, aparıcı qurumlar tərəfindən təhlil edilməlidir".

Prezident bildirib ki, bu işlərdə günahı olan bütün insanlar müəyyən edilməlidir: " Onlar cəzalandırılmalıdır".

Rusiya və Gürcüstana təşəkkür

Prezident həmçinin vurğulayıb ki, vacib məsələlərdən biri də strateji əhəmiyyətli yerlərin generatorla təmin edilməsidir. O, qeyd edib ki, səhiyyə naziri bütün xəstəxanaların generatorla təmin edildiyini bildirib. Ancaq dövlət başçısının bildirməsinə görə, heç də bütün xəstəxanalarda generatorlardan istifadə edilməyib.

Prezidenti habelə Rusiya və Gürcüstana da təşəkkür edib.

Dövlət başçısı Azərbaycanın elektrik enerjisi sistemində yaranmış vəziyyətlə bağlı göstərdikləri köməyə görə hər iki dövlətə təşəkkürünü bildirib.

Xatırlatma

İyulun 2-dən 3-nə keçən gecə Mingəçevir İstilik Elektirik Stansiyasında 1-ci və 6-cı enerji blokunda partlayış baş verdiyi bildirilirdi.

Nəticədə ölkənin əksər yerlərində elektrikin verilməsi dayanmışdı. Yalnız iyulun 3-u səhər saatlarından Bakıda və ölkənin bölgələrində elektrik verilişinin tədricən bərpa edildiyi açıqlanmışdı.

Ancaq iyulun 3-ü saat təqribən 18-45 radələrində paytaxt və ölkənin bir çox hissələrində yenidən elektik kəsilib.

Bakı metrosunda tuneldə qalan insanlar təxliyə edilib. Yalnız gecə saatlarında Bakıda və işıqların söndüyü bölgələrdə elektrikin əksərən bərpa edildiyi açıqlanıb.

Rəsmi açıqlamada vurğulanırdı ki, ilkin ehtimala görə, qəzaya səbəb Mingəçevirdə əsas qovşaq yarımstansiyasında baş vermiş qırılma olub.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG