55 saylı Xaçmaz şəhər dairəsindən Yeni Azərbaycan Partiyasının (YAP) deputatı olan Eldəniz Səlimov haqqında ittiham hökmü qüvvəyə minib. Fevralın 28-də Sumqayıt Apellyasiya Məhkəməsində onun haqqında qərar elan edilib. Qərara əsasən, Səlimovun apellyasiya şikayəti təmin edilməyib. Onun haqqında Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin çıxardığı 3 il 6 aylıq azadlıqdan məhrumetmə hökmü qüvvədə saxlanıb.
Bu, həm də Səlimovun deputat səlahiyyətlərini itirməsi deməkdir. Azərbaycan Konstitusiyasının 89.3 maddəsinə görə, Milli Məclisin deputatı haqqında məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olduqda o, səlahiyyətlərini itirir. Apellyasiya məhkəməsinin qərarıyla hökm qüvvəyə minmiş sayılır.
2 il yarım vəzifə tuta bilməyəcək
Səlimov əlavə cəza olaraq, 2 il 6 ay müəyyən vəzifə tutmaq hüququndan da məhrum edilib.
1976-cı il təvəllüdlü Səlimov CM-in 309.2 (zor tətbiq etməklə vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə - Xaçmaz Rayon Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi Şöbəsinin əməkdaşı Zaur Mirzəyevi vurmaqda təqsirli bilinib.
Cinayət işinin materiallarında iddia olunur ki, Səlimov hadisə vaxtı sərxoş vəziyyətdə olub. Hadisə isə iyulun 29-da gecə saatlarında Xaçmazda baş verib. Polis əməkdaşı deputatın qohumuna məxsus “Starıy Dvor” restoranına gələrək pandemiya ilə əlaqədar gecə saat 12.00-dən sonra fəaliyyət göstərməməsini tələb edib. Bunu eşidən Səlimov sözügedən polisi evindən çağırtdırıb və "Starıy Dvor"da aralarındakı mübahisə zəminində onu vurub.
Səlimov səbəblərdən danışır
Səlimov özünü qismən günahkar sayır. Səlimov bildirib ki, onun hərəkəti yanlış olsa da, bu addımı atmasına gətirib çıxaran səbəblər olub: "Bu səhvə gətirib çıxaran çoxlu səbəblər, təhdid və təzyiqlər də olub".
Eldəniz Səlimov 2010-cu ildən Milli Məclisin deputatı idi. Hadisədən sonra Baş prokuror Kamran Əliyev onun deputat toxunulmazlığının ləğvi üçün Milli Məclisə müraciət edib. Bu müraciətə müsbət cavab verilib və ardınca deputat cinayət məsuliyyətinə cəlb olunub. Avqustun 3-də onun barəsində həbs qərarı çıxarılıb.
55 saylı Xaçmaz şəhər dairəsindən YAP-ın deputatı kimi parlamentdə təmsil olunan Səlimov bu hadisədən bir neçə gün sonra YAP-dan da çıxarılıb.