►"Səbəbi özümə də məlum deyil"
Azərbaycan Ziyalılar Birliyinin sədri, Milli Şuranın üzvü, kinodramaturq Eldəniz Quliyev dekabrın 3-də sərhəddə saxlanılaraq polisə təhvil verilib.
O, həm müalicə, həm də kino ilə bağlı beynəlxalq tədbirdə iştirak məqsədilə İrana gedərkən Astarada sərhəd-buraxılış məntəqəsində saxlanılıb.
Bu barədə AzadlıqRadiosuna Eldəniz Quliyevin özü məlumat verərək bildirib ki, Astara Rayon Polis Şöbəsində saxlanılıb:
"Səkkiz saat saxlanılandan sonra iltizam alıb buraxdılar".
Eldəniz Quliyevin sözlərinə görə, ona bildirilib ki, sərhəddə Bakının Nəsimi Rayon Polis İdarəsinin qərarı ilə saxlanıb. Amma söhbətin hansı qərardan getdiyi kinodramaturqun özünə də məlum deyil.
Eldəniz Quliyev hesab edir ki, baş verənlər onun siyasi fəaliyyətilə bağlı təzyiq xarakteri daşıyır:
"Nəsimi Rayon Məhkəməsinin məlum hökmü ilə əlaqədar ölkədən çıxışıma qadağa qoyulmuşdu. Lakin həmin hökmdə göstərilən həm cərimə, həm də ictimai işlər cəzası ödənilib. Buna görə də ölkədən çıxışıma məhdudiyyət aradan qaldırılıb. İndi bu məsələni ortaya atıblar. Açıq-aşkar qanunsuz qərardır".
Buna da bax: Ərdoğana məktub yazan Qarabağ əlili...
Xəbər axşam saatlarında daxil olduğundan Daxili İşlər Nazirliyindən açıqlama almaq mümkün olmayıb.
Eldəniz Quliyev 2014-cü il oktyabrın 30-da daxili işlər naziri Ramil Usubovun iddiası əsasında Cinayət-Məcəlləsinin 147 və 148-ci (təhqir və böhtan) maddələrilə təqsirli bilinərək, Nəsimi Rayon məhkəməsinin hökmü ilə 1000 manat cərimə və 480 saat ictimai işlər cəzasına məhkum edilmişdi.