Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 06:03

Eldar Mahmudovun əmisi oğlu tam bəraət istəyir


Vüqar Mahmudov məhkəmə zalından sərbəst buraxılarkən
Vüqar Mahmudov məhkəmə zalından sərbəst buraxılarkən

Keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun əmisi oğlu, nazirlikdə onun köməkçisi olmuş Vüqar Mahmudov təxminən ayyarım öncə həbsdən buraxılsa da, yenə narazıdır.

O, bəraət almaq istədiyindən, haqqında çıxarılmış hökmdən apellyasiya şikayəti verib.

Vüqar Mahmudov keçmiş MTN-ə agentura, əməliyyat-axtarış xərclərindən ötrü ayrılmış vəsaitin mənimsənilməsində, vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham edilir.

Bakı Hərbi Məhkəməsi onu CM-in 179 (mənimsəmə və ya israfetmə), 341-ci (hakimiyyətdən sui-istifadə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə) maddələri ilə suçlu bilib. Amma ona münasibətdə CM-in 62-ci maddəsi tətbiq edilib, başqa sözlə, suçlandığı maddələrdə nəzərdə tutulmuş cəzanın ən aşağı həddindən də yüngül cəza verilib – 2 il həbs.

Bu müddətin də tamam olması əsasıyla, o, noyabrın 28-də məhkəmə zalından azadlığa buraxılıb.

Ancaq Vüqar Mahmudov özünü günahkar saymır. Apellyasiya şikayətində də Bakı Hərbi Məhkəməsinin hökmünün ləğvini, ona bəraət verilməsini istəyib.

Vüqar Mahmudovun işində zərərçəkmiş kimi tanınan üç nəfər də hökmdən narazıdır.

Onlar deyirlər ki, heç bir cinayət törətmədikləri halda, vaxtilə MTN-də hədə-qorxu ilə pullarını alıblar. O pulları indi geri istəyirlər. Zərərçəkmişlər Vüqar Mahmudova qarşı mülki iddia qaldırsalar da, rədd cavabı alıblar.

Yanvarın 8-də məhkəmədə Vüqar Mahmudovun vəkili deyib ki, birinci instansiya məhkəməsi bir sıra məsələləri araşdırmadığından, apellyasiya şikayətinə məhkəmə istintaqı aparılmaqla (şahidlərin dindirilməsi, əlavə sübutların tədqiqi və s.) baxılmalıdır. Amma hakimlər məhkəmə istintaqı aparmağa razılıq verməyiblər.

Sabiq MTN polkovnikinin işinə yanvarın 22-də baxılacaq.

Xatırlatma

Vüqar Mahmudov MTN ətrafındakı məlum olaylardan iki il sonra - 2017-ci ilin noyabrında həbs olunub.

Öncə o, mənimsəmə, hədə-qorxu ilə tələb etmə, vəzifə səlahiyyətlərindən sui-istifadə kimi əməllərdə ittiham olunub.

Daha sonra ona qarşı CM-in 302 (əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma), 341-ci (hakimiyyətdən sui-istifadə, hakimiyyət həddini aşma) maddələri ilə də ittihamlar irəli sürülüb.

2015-ci ilin oktyabrında MTN-də keçirilmiş əməliyyat nəticəsində nazirliyin 21 əməkdaşı cinayət məsuliyyətinə cəlb olunub.

Onlardan biri – MTN Antiterror Mərkəzinin rəis müavini olmuş polkovnik İlqar Əliyev həbsindən iki ay sonra saxlandığı istintaq təcridxanasında intihar edib.

Qalan 20 nəfərin işi bir neçə yerə ayrılıb. Nazirliyin İstintaq İdarəsinin şöbə rəisi olmuş Vüsal Ələkbərov və Əks-Kəşfiyyat İdarəsinin keçmiş şöbə rəisi Mirəziz Əsgərov ayrılıqda mühakimə olunublar.

Mirəziz Əsgərova 3, Vüsal Ələkbərova 12 il cəza verilib. Bakı Apellyasiya Məhkəməsi keçmiş müstəntiq Vüsal Ələkbərovun cəzasını 5 ilə endirib.

MTN generalı Akif Çovdarov nazirliyin Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik İdarəsində onun tabeliyində işləmiş daha üç nəfərlə birlikdə məhkəmə qarşısına çıxarılıb. Çovdarova 12, işçilərinə isə 4 ildən 11 ilədək həbs cəzası kəsilib.

Uzun illər MTN-in Antiterror Mərkəzinə rəhbərlik etmiş general Elçin Quliyev də keçmiş işçisi Azər Mehdiyevlə birlikdə məhkum edilib. Elçin Quliyev 10 il 6 ay, işçisi isə 8 il azadlıqdan məhrum olunub.

Nazirliyin Transmilli İqtisadi Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi olmuş general Sübahir Qurbanov, Monitorinq Mərkəzinin sabiq rəisi, general Teymur Quliyev, Natəvan Mürvətova və daha yeddi nəfər birlikdə hakim önünə çıxarılıblar.

Hökmə əsasən, təqsirləndirilən şəxslərdən üçünə, o cümlədən Natəvan Mürvətovaya şərti cəza, qalanlarına isə 3 ildən 14 ilədək həbs verilib.

Bakı Hərbi Məhkəməsinin hökmündə onların rütbələrinin alınması, bir çox əmlaklarının müsadirəsi də var.

Onlar hökmdən narazı qalıb apellyasiya şikayəti versələr də, hökm dəyişməyib. Bu şəxslər özlərini təqsirli bilmirlər.

Həbs olunanların bir qismi artıq azadlığa buraxılıb.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG