Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 11:24

Eldar Mahmudov məhkəməyə gətiriləcək – vəsatət təmin edildi


E.Mahmudov
E.Mahmudov

Yasamal Rayon Məhkəməsində keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun məhkəməsi başlayıb. Sabiq naziri məhkəməyə verən isə vaxtilə MTN-in həbs etdiyi, sonradan generalların işində zərərçəkmiş qismində tanınan Mətləb Mustafayevdir.

Məhkəməyə cavabdeh E.Mahmudov özü gəlməyib. Məhkəmə zalında iştirak edən iki nəfər sabiq nazirin qohumu olduğunu söyləyib. Onlardan biri hakim Sərdar Mehrəliyevə özünü E.Mahmudovun qaynı kimi təqdim edib. Ad-soyadını açıqlamayan həmin şəxs bildirib ki, E.Mahmudovun məhkəməyə verilməsindən aprelin 23-də xəbər tutublar.

«Xahiş edirik, bizə iddia ərizəsi ilə tanış olmaq və nümayəndə ilə məhkəmədə iştirak üçün şərait yaradasınız», – sabiq nazirin qohumu bildirib.

***Buna da bax-MTN generallarına hökm oxundu

Hakim onu məlumatlandırıb ki, qanunvericiliyə son dəyişiklikdən sonra məhkəmədə nümayəndə qismində iştirak edəcək şəxs mütləq Vəkillər Kollegiyasının üzvü olmalıdır.

İddiaçı M.Mustafayev bu işin Nəsimi Rayon Məhkəməsinə göndərilməsi barədə vəsatət qaldırıb. İstəyini də belə əsaslandırıb ki, ona qarşı qanunsuzluq baş verdiyi dövrdə E.Mahmudov yüksəkvəzifəli məmur olub, dövlət adından addımlar atıb. Bu adama qarşı kompensasiya tələbiylə əlaqədar iddiasında Maliyyə Nazirliyini də ikinci cavabdeh qismində qoyub. Maliyyə Nazirliyi də Nəsimi rayon ərazisində yerləşir.

E.Mahmudovun qohumları vəsatətə etiraz edib. Bildiriblər ki, sabiq nazirin yaşadığı ünvan Yasamal rayonu ərazisindədir.

***Buna da bax-Eldar Mahmudovun da dindirilməsi tələb olundu

İddiaçının daha bir vəsatəti isə cavabdehin məhkəmədə şəxsən iştirakı barədə olub. Hakim Sərdar Mehrəliyev E.Mahmudovun prosesdə iştirakı barədə vəsatəti təmin edib. Bununla əlaqədar proses mayın 3-nə qədər təxirə salınıb.

İddiaçı M.Mustayayev şikayətində sabiq nazir E.Mahmudovun sifarişi ilə şərlənib həbs olunduğunu yazıb və cavabdehdən 100 min manat kompensasiya tələb edir.

Xatırlatma

M.Mustafayev MTN-in Antiterror Mərkəzinin rəisi olmuş Elçin Quliyevlə bağlı cinayət işində zərərçəkmişdir. Cinayət işinin materiallarında yazılıb ki, onun evinə silah atıb, qanunsuz həbs ediblər.

M.Mustafayevin həbsindən sonra onun MTN-də işləyən qardaşı, polkovnik Malik Mustafayev intihar edib. Keçmiş general E.Quliyev həm də onu intihar həddinə çatdırmaqda ittiham olunur.

M.Mustafayev qanunsuz silah saxlama ittihamı ilə iki il azadlıqdan məhrum edilib, apellyasiya məhkəməsi də hökmü qüvvədə saxlayıb. 2015-ci ilin oktyabrında MTN-dəki əməliyyatdan, vəzifəli şəxslərin həbsindən sonra Ali Məhkəmə Mustafayev haqqında hökm ləğv olunub. Bakı Apellyasiya Məhkəməsi isə işə yenidən baxıb ona bəraət verib.

M.Mustafayev Dövlət Əmlak Komitəsində, «Azərsu»da çalışıb. Onun iddiasına görə, E.Quliyev mərhum Malik Mustafayevi yanına çağırıb, ondan tələb edib ki, «qardaşın vəzifəli şəxslər haqqında məlumatlar versin».

E.Quliyevin vəkili isə bildirib ki, Mustafayev qardaşlarının həbsində və ölümündə hüquqlarını müdafiə etdiyi şəxsin günahı yoxdur. Vəkilin sözlərinə görə, M.Mustafayevin evində əməliyyat-axtarış tədbiri keçirilməsi barədə göstərişi nazir E.Mahmudov vermişdi.

E.Mahmudov 2015-ci ildə işdən çıxarılıb. Bundan sonra nazirlik iki yerə ayrılıb. Qurumun bir sıra yüksəkvəzifəliləri isə həbs olunub. Onların əksəriyyəti vəzifə səlahiyyətlərini aşma, hədə qorxu ilə tələb etmə və digər ittihamlarda təqsirli bilinərək uzunmüddətli həbs cəzalarına məhkum ediliblər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG