Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 12:51

Eldar Mahmudovun əmisi oğlu məhkəmə zalında həbsdən buraxılıb


Eldar Mahmudov
Eldar Mahmudov

Keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun vəzifədən çıxarılmasından bir ay sonra həbs olunan əmisi oğlu İlham Mahmudov məhkəmə zalında azadlığa buraxılıb. «Azərtürkbank» ASC-nin Bakı filialının müdiri olmuş İ.Mahmudov suçlandığı əməllərdə təqsirli bilinsə də, həbsdə saxlandığı müddət yetərli sayılıb. O, həmçinin cərimələnib. Bu haqda Nəsimi Rayon Məhkəməsində hakim Elman İsayev hökm çıxarıb.

İLHAM MAHMUDOV DA, PROKUROR DA HÖKMDƏN NARAZIDIR

Amma İ.Mahmudov da, onun işində dövlət ittihamını müdafiə edən prokuror da hökmdən narazı qalıb. Ona görə də həm Mahmudovun vəkili hökmdən apellyasiya şikayəti verib, həm də prokuror protest. Yaxın günlərdə Bakı Apellyasiya Məhkəməsində Sahibxan Mirzəyevin sədrlik etdiyi hakimlər kollegiyası bu işə baxacaq.

***Buna da bax-'MTN işi': 'Eldar Mahmudovun oğlu Fransada şərab zavodu açır'

İ.Mahmudovun iki qardaşından Vüqar Mahmudov əmisi oğlu nazir olanda, onun köməkçisi işləyib. Hazırda məhkəməsi davam edən MTN generallarının işində də onun adı dəfələrlə hallanıb. O biri qardaşı - İlqar Mahmudov isə Səbail Rayon Polis İdarəsinin rəisi idi. MTN ətrafındakı məlum olaylardan az sonra vəzifəsindən çıxarıldı. İlqar Mahmudovun qardaşının həbsindən sonra öz ərizəsi ilə işdən çıxdığı bildirilir.

MAHMUDOVLARIN BANK HESABLARI

İlham Mahmudova qarşı ittihamlara gəlincə, o, «Azərtürkbank» ASC-nin Bakı filialının müdiri vəzifəsində işləyərkən, vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə və saxtakarlıqda suçlanır. CM-nin 308 və 313-cü maddələri ilə təqsirli bilinən Mahmudov cəmi 8 ay bu vəzifədə işləyib – 2015-ci ilin martından noyabrına qədər.

***Buna da bax-'MTN işi': 'Rəhbər, təşkilatçı kim olub, rol bölgüsü necə olub?' [video]

Cinayət işinin materiallarında yazılıb ki, o, qardaşlarının və onların həyat yoldaşlarının adlarına hesablar açıb, ora pullar köçürüb. İlqar Mahmudovun adına olan hesaba 10 min dollar, həyat yoldaşı Fatma Mahmudovanın adına olan hesaba isə 45 min avro pul qoyulub və bankdan faiz alınıb. Digər qardaşı Vüqar Mahmudovun həyat yoldaşı Nuranə Mahmudovanın adına olan 5 hesaba 103 min manat köçürülüb. İ.Mahmudovun etibarnamələr əsasında həmin hesablar üzrə əməliyyatları idarə etdiyi bildirilir.

İttihamda yazılıb ki, N.Mahmudovanın adındakı başqa bir hesabda 1 milyon 500 min dollar pul olub. İ.Mahmudov qardaşının sürücüsü Nicat Məmmədovun adına hesab açıb. Qardaşının həyat yoldaşının hesabındakı pulu ora köçürüb, oradan da çıxarıb.

Amma İ.Mahmudov özünü təqsirli bilməyib və heç bir cinayət törətmədiyini deyib.

2015-ci ilin oktyabrında milli təhlükəsizlik naziri Eldar Mahmudov işdən çıxarılıb. Ardınca nazirliyin 20-dək yüksəkrütbəli əməkdaşı həbs olunub. Daha iki ay sonra həmin nazirlik ləğv edilib, onun bazasında Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidməti yaradılıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG