Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 20:03

Eldar Həsənov 10 il azadlıqdan məhrum edildi


Eldar Həsənov
Eldar Həsənov

Keçmiş Baş prokuror və səfir Eldar Həsənov 10 il azadlıqdan məhrum edilib. Yanvarın 21-də Bakı Ağır Cinayətlər Məhkəməsində ona hökm oxunub.

Hökmə əsasən, sabiq səfirin ailə üzvlərinə, o cümlədən övladlarına məxsus bir sıra daşınmaz əmlaklar, mənzillər də müsadirə olunub.

Hökmdən öncə məhkəmədə son sözünü deyən Həsənov bildirib ki, uzun illərdir qərəzi olan və bunu gizlətməyən bir məmurun düşmənçiliyinin nəticəsi olaraq, 1 il 4 aydır qondarma ittihamlarla həbsdədir.

"Siyasi iddiada olmağım..."

"Mənim siyasi iddiada olmağım, müxalifətlə iş birliyi qurmağım barədə əsassız iddialar irəli sürüblər. Bunu özümə qarşı böyük mənəvi psixoloji zərbə hesab edirəm. Özümlə yanaşı, qardaşlarım, digər qohumlar da təqib olunur. Əmlaklarımızın üzərinə qanunsuz olaraq həbs qoyulub", – Həsənov son sözündə belə deyib.

Sabiq səfirin sözlərinə görə, bəzi müsahibələrində Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovu tənqid etməsi, Xocalı faciəsində rus qoşunlarının iştirakı haqda səsləndirdiyi fikirlər müəyyən şəxslərin xoşuna gəlməyib.

Həsənov deyir ki, 2019-cu ilin fevralında Serbiyadan Ermənistana silah satışı haqda məlumatı da rəsmi şəkildə Xarici İşlər Nazirliyinə özü təqdim etmişdi: "Bunu faktlarla sübut etmişəm. Serbiya bunu təkzib etsə də, yenidən faktı Xarici İşlər Nazirliyinə təqdim etdim. Görünür, bu hərəkətim kimlərinsə xoşuna gəlməyib və prezidentə başqa cür təqdim ediblər…".

"Namərd olmaq istəmirəm"

Həsənov Prezident İlham Əliyevdən incidiyini gizlətməyib. Bununla belə, ona xəyanət etməyəcəyini də vurğulayıb: "Ondan inciyə bilərəm, amma ona dönüklük eləmərəm. Mənim fiziki məhvimə qərar verilsə belə, bildiklərim özümlə qəbirə gedəcək. Mən namərd olmaq istəmirəm".

Sabiq səfir təqsirsiz, haqqının bəraət olduğunu vurğulasa da, bu məhkəmədən ədalət gözləmədiyini bildirib. Deyib ki, hakimlərin verilən sifarişi icra edəcəklərinə əmindir.

Xatırlatma

Eldar Həsənov Rumıniya, Serbiya, Bosniya və Herseqovina, eləcə də Monteneqroda səfir olduğu dövrlərdə - 2010-2020-ci illərdə səfirliklər üçün binaların alınması, təmir-tikinti işləri ilə əlaqədar ayrılmış vəsaitlərdən 17 milyon 931 min 316 manatlıq yeyinti və israfçılıqda təqsirləndirilir.

Həmçinin, sabiq səfir 11 milyon 804 min manat cinayət yoluyla əldə olunmuş pulu leqallaşdırmaqda, 192 min manat vəsaitdən təyinatı üzrə istifadə etməməkdə ittiham olunur. Ona CM-nin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israfetmə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul və ya əmlakı leqallaşdırma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda), 308-1.1 (büdcə vəsaitlərindən təyinatı üzrə istifadə etməmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham verilib. Bu maddələrdə 10 ilə qədər həbs cəzası nəzərdə tutulub.

1995-2000-ci illərdə Azərbaycanın baş prokuroru, daha sonra isə müxtəlif ölkələrdə səfir olan Həsənov 2020-ci il avqustun 13-də saxlanılıb. O, DTX-da istintaqı aparılan XİN əməkdaşları haqqında cinayət işi üzrə məsuliyyətə cəlb edilib. Avqustun 24-də Həsənov haqqında cinayət işi həmin işdən ayrılıb. Həsənov özünü təqsirli bilmir, ittihamların əsassız olduğunu deyir. Sabiq səfir iddia edir ki, hakimiyyətdə təmsil olunan müəyyən fiqurlar siyasi iddiada olması barədə ölkə başçısına yalan məlumat veriblər.

XS
SM
MD
LG