Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 13:14

Sumqayıtın 52 metrlik tort, Gəncənin kərpiclə xatırladığı Eldar Əzizov


Eldar Əzizov
Eldar Əzizov

Onun adı gələndə çoxları 52 metrlik paxlava və ya tort xatırlayır. Bu şirniyyatlar o, Gəncədə və Sumqayıtda icra başçısı olanda Prezident İlham Əliyevin ad günündə bişirilirdi. Amma Bakının Səbail rayonuna icra başçısı gələndən sonra bu ənənəyə son qoydu. Artıq onda 2015-ci il idi. Milli valyuta iki dəfə devalvasiyaya uğramışdı və ölkə başçısının ad günü ərəfəsində icra hakimiyyətindən AzadlıqRadiosu-na demişdilər ki, tort olmayacaq.

Bəlkə də bu, maliyyə çatışmazlığı ilə yox, əyalət dəbinin paytaxta gətirilməməsi istəyi ilə bağlıydı...

Söhbət noyabrın 15-dən paytaxtın icra hakimiyyətinə başçı gətirilən Eldar Əzizovdan gedir.

O, icra başçısı olduğu şəhərlərdə yalnız ağızları şirin etməklə yadda qalmayıb. Onun Gəncədə sakinlərə kərpic barılar tikdirməsi, sahibkarlara obyektlərini alkaponla üzlətməsi, Sumqayıtda isə qara şüşələr saldırması ilə xatırlanır.

“Sumqayıtı “qara”ya bürüdü”

Sumqayıtlı Bayram Həsənov danışır:

“Başçı olanda müəyyən işlər görüb, düzdür. Amma tam effektiv olduğunu demək olmaz. Onun vaxtında Sumqayıt şüşələnib. Özü də qara şüşəylə. Xoş təəssürat bağışlamır. Sumqayıtda “Obyektlər” deyilən yer var. Orda mağazalar, ticarət obyektləri çoxdur. Onlar şüşələnib. Dizayn cəhətdən, estetik baxımdan xoş təsir bağışlamır. Hər yer birdən-birə “qara”ya bürünüb”.

Şəhər sakininin sözlərinə görə, məsələ təkcə zahiri görüntü ilə bitmir:

“Obyekt sahibləri narazıydılar. O, mağazaya mal qoyub satır, mal da görünmür...”

Eldar Əzizovun başçı olduğu vaxtda Sumqayıtda bəzi obyektlərin sökdürülməsi və bu zaman obyekt sahiblərinə kompensasiya ödənilməməsi də yaddan çıxmayıb.

“Nə qədər adam alkapon üzlüklərə görə Gəncədə borca düşdü”

Gəncə sakini İlqar Musayevsə Eldar Əzizovun əvvəlcə kərpic barılar tikdirməsindən danışır.

“Haqsızlıqları çox olub. Camaatı məcbur edirdi ki, hamı barısını kərpicdən tiksin. Bir tanış hasarını suvayırdı, tökülüşdülər ki, bunu kərpicdən tikməlisən. Bu adamın da pulu yoxdur tikdirməyə. Sonradan o barıları yeni, indi artıq köhnə başçısı Elmar Vəliyev sökdürdü. Bir dəfə şikayət etdik ki, kanalizasiya çaya axır, antisanitariyadır, bu su ilə camaat taxıl sulayır. Baxan olmadı. Burda yaşayış massivinin içində beton zavodu tikirdilər, yolu bağladıq...”

Azərbaycan prezidentinə Sumqayıtdan ad günü hədiyyəsi - 52 metrlik tort
Azərbaycan prezidentinə Sumqayıtdan ad günü hədiyyəsi - 52 metrlik tort

İlqar Musayevin yaddaşında ən çox özünə yer edənsə binaların alkaponla üzlədilməsi olub:

“Obyekt sahiblərini vadar etdilər ki, alkaponla üzlətsinlər. Şəhərə dəb saldı. Özlərinin şirkəti vardı, camaatı qoymurdular hardansa kənardan alıb düzəltdirsinlər. Ancaq öz şirkətləri gəlib üzləyirdi, özü də onların dediyi qiymətə. Onda nə qədər mağaza, obyekt borca düşdü. 30-40 min manata başa gəlirdi. Kənardan yaxşı görünsə də, təhlükəli materialdır. Sonra Elmar Vəliyev gəldi, ağlay daşlar düzdürdü...”

“Tələbkar, mədəni, ziyalı...”

Ancaq Eldar Əzizovun işini müsbət yöndən dəyərləndirən də var. Azərbaycan Dövlət Aqrar Universitetinin professoru Məhərrəm Hüseynov şəhərin fəallarından biridir. O, keçmiş icra başçısını “təşkilatçı rəhbər” kimi dəyərləndirir:

“Şəhərin ziyalısı kimi, fəalı kimi Fəallar Yığıncağında, onun keçirdiyi qəbullarda iştirak etmişəm. Ciddi narazılığa şahid olmamışam. Eldar Əzizovun verdiyi hesabatları dinləmişəm. Təşkilatçı rəhbər kimi tanımışam. İşin icrasına daim nəzarət edib. Səhlənkarları cəzalandırıb, yaxşı işləyənlərə rəğbətini bildirib, bu da işə müsbət təsir göstərir. Tələbkar, mədəni, ziyalı insan, bacarıqlı başçı kimi yadda qalıb. Şəhərin sənət, yaradıcı adamları ilə öz dilində danışıb. Beynəlxalq tədbirlər təşkil edib. Şəhərin abadlıq, yaşıllaşdırılması, təmizliyi istiqamətində işlər görüb”.

Sumqayıt sakini Mahir Kərimov Eldar Əzizovun şikayəti olanları qəbul etdiyini, problemlərinin həllinə çalışdığını deyir:

“Mən Qarabağ veteranıyam, sənədlərimi tam hazırlaya bilməmişəm. O, düzəldəcəyinə söz vermişdi. Amma prezidentimiz onu Bakıya işə keçirəndən sonra hələ də yarımçıq qalıb”.

Bakıda köhnə dəb – paltar zivələri yığışdırılır

Eldar Əzizov artıq Bakının icra hakimiyyətinin başçısıdır. O əvvəllər də bu qurumda işləyib. 1999-cu ildən Bakı Şəhər İcra Hakimiyyətində Xarici əlaqələr və investisiya proqramları departamenti sədrinin birinci müavini, 2000-ci ilin martından Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini vəzifələrində çalışıb.

Əzizov bu vəzifədə hazırda baş nazirin müavini olan, 17 il Bakıya rəhbərlik etmiş Hacıbala Abutalıbovu əvəzləyir.

Keçmiş başçının işi çox tənqid olunub. Xüsusən də Bakıda yağış, qar yağanda yollardakı vəziyyət, plansız aparılan tikinti haqqında çox danışılıb.

Eldar Əzizov Bakı icra başçısının müavini olarkən, yəni faktiki paytaxta başçılıq edərkən iki ilkə imza atıb: yeraltı keçidlərin su altında qalmaması üçün qum kisələri düzdürüb. İkincisi, paytaxtda artıq bir neçə aydır küçə və prospektlərə baxan balkonlardan paltar asmağa icazə verilmir, eyni zamanda, su çənləri damlardan yığışdırılır. Yeri gəlmişkən, paltar asmaq qadağasını o, Sumqayıtda da tətbiq etmişdi. Sakinlər Bakıdakı kimi Sumqayıtda da bu qərardan narazı idilər. Hesab edirlər ki, şəhər rəhbərliyi daha ciddi problemlərlə məşğul olmalıdır, nəinki paltar zivələri ilə..

“Möhkəm əlin tərəfdarı”

Sıravi sakin İlqar Musayev bu fikirdədir ki, icra başçılarının hamısı eyni sistemə xidmət edir, ona görə ondan fərqli iş gözləmir.

İqtisadçı Məhəmməd Talıblı da yeni icra başçısının islahat aparacağına, faydalı işlər görəcəyinə inanmır. O da hesab edir ki, fərdlərin yerini dəyişməklə sistemin idarəetməsində hər hansı müsbət dəyişiklik mümkün deyil. Eldar Əzizovu isə belə dəyərləndirir:

“İnzibati idarəetmə ilə bağlı peşəkarlığı şübhə doğuran, daha çox təyin olunduğu rayonların biznesini idarə etməkdə bacarığı ilə tanınan şəxsdir. Daha çox möhkəm əlin, gücün tərəfdarı olan icra başçısı kimi yadda qalıb.”

Yeri gəlmişkən, Bakı Şəhər İcra Hakimiyyətinə rəhbəri Konstitusiyaya əsasən prezident təyin edir. Başçı prezidentin səlahiyyətli nümayəndəsidir və ölkə başçısının tapşırıq və göstərişlərini yerinə yetirir; səlahiyyəti daxilində ərazinin sosial-iqtisadi məsələlərini həll edir; vətəndaşların əsaslandırılmış təkliflərini öz fəaliyyətində nəzərə alır və s.

Bakının yeni mənzərəsi - qum kisələri
Bakının yeni mənzərəsi - qum kisələri

Hacıbala Abutalıbov baş nazirin müavini təyin olunandan və iyulun əvvəlində Gəncədə Elmar Vəliyevin güllələnməsindən sonra mer seçkilərinin keçirilməsi gündəmə gəldi. Hesab olunur ki, prezidentə tabe olan şəxsin deyil, seçki nəticəsində başçı olan məmurun daha çox iş görmək imkanı olacaq. İqtisadçı Məhəmməd Talıblı da hesab edir ki, Bakı merinin seçki vasitəsilə müəyyənləşməsi daha doğru yoldur:

“Çox təəssüf ki, Bakıda bu qədər başçı olsa da, paytaxtın idarə olunmasına, təsərrüfat sisteminin yaxşılaşmasına müsbət təsir göstərməyiblər. Qış gəlməmiş milyardlar xərclənmiş Bakı yolları tanınmaz hala düşür...”

Məhəmməd Talıblının qənaətincə, seçki keçiriləcəyi halda yeni başçıdan gözləntilər arta bilər...

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG