Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 18:03

‘Heydər Əliyev demişdi ki, dəfni bir gün gecikdirin, mən də iştirak edəcəyəm’


İsmayıl Şıxlı oğlu Elçinlə
İsmayıl Şıxlı oğlu Elçinlə

Elçin Şıxlı: “Rəsmi dairələrdən atam heç vaxt heç nə ummayıb”

“O məqamda atam həmin icra hakimiyyətinin qarşısındakı bağda oturub, bir kətil qoydurub, bir stol, bir çaynik də çay. Təxminən bir-iki saat təkcə orda oturub çay içib. Təşviş, təlaş içində olan camaat ona baxıb deyib ki, İsmayıl Şıxlı Bakıdan gəlib (onu istəyən çox idi, yaxşı mənada avtoriteti güclü idi) orda iki saatdır rahatca çay içir, bəs biz hara qaçırıq, biz heç yerə gedə bilmərik”.

Martın 22-də xalq yazıçısı İsmayıl Şıxlının 100 yaşı tamam olur. Oğlu, tanınmış jurnalist, 2014-cü ildən fəaliyyəti dayandırılmış “Ayna- Zerkalo” qəzetlərinin baş redaktoru Elçin Şıxlı AzadlıqRadiosuna müsahibəsində atası haqda fikirlərini, xatirələrini bölüşüb:

Yubiley dövlət səviyyəsində keçiriləcək. Prezident İlham Əliyevin İsmayıl Şıxlının yüz illiyinin keçirilməsi ilə bağlı rəsmi sərəncamı var. İlkin razılaşmaya görə, mayın üçüncü ongünlüyündə olacaq. Dövlət səviyyəsində tədbirlər planlaşdırılır. Qazaxda tədbir olacaq, Filarmoniyada deyəsən, xatirə gecəsi keçiriləcək. Bir kitabı buraxıldı, ikisini, ya üçünü də buraxmağı düşünürük, imkan olduqca. Film nəzərdə tutulur, haqqında sənədli-bədii film çəkiləcək.

Elçin Şıxlı
Elçin Şıxlı

Elçin bəy, rəsmi səviyyədə İsmayıl Şıxlıya olan soyuq münasibətin dəyişdiyini demək olarmı?

Soyuqluq deyəndə... Atam rəhmətə gedəndə Heydər Əliyev dəfndə iştirak etmək üçün o vaxtkı spikerin müavini Yaşar Əliyevi göndərdi. Çünki o vaxt Ukrayna prezidenti Kravçukun Bakıya rəsmi səfəri vardı. Heydər Əliyev demişdi ki, dəfni saxlayın, bir gün gecikdirin, mən özüm də iştirak edəcəm. Heydər Əliyevin qiymət verməsi bir başqaydı. Amma sonradan kiçik adamlar girib aranı qarışdırırlar, ürək bulandırırlar. İndi siz dediyiniz məsələlər ondan irəli gələ bilərdi. Həm də zamanla hər şey yerini tapır, normaldır hər şey.

Belə təəssürat vardı ki, İsmayıl Şıxlı incik getdi...

İsmayıl Şıxlı heç vaxt heç kimdən incimirdi. Xalqından, oxucularından heç cür inciyə bilməzdi. Sadəcə olaraq soyuqluq vardı, o da bilirsiniz necədir. Biz latın əlifbasına keçdik, onun əsərləri latın əlifbasında çap olunana kimi gənc nəsil onu oxumurdu, tanımırdı. O baxımdan ola bilər. Rəsmi dairələrdən atam heç vaxt heç nə ummayıb. Rəsmiyyətə fikir vermirdi, onun üçün oxucusunun qiyməti önəmli idi. İncik getmək məsələsi yoxdur. Sadəcə, son bir ili yataq xəstəsi oldu, bundan inciyirdi, o, heç vaxt heç kimdən asılı olmamışdı. Hətta ailə üzvlərindən fiziki mənada asılı olmağı da çox ağır qəbul edirdi. Bu baxımdan kimisə incidib, amma incik getməyib.

Ananızın xəstə olarkən İsmayıl Şıxlıya həddən çox dəstək, dayaq olduğu danışılır həmişə.

Təbii. Onlar ömür-gün yoldaşıydılar. Biz cavan idik. İndiki yaşım olsaydı bəlkə daha çox diqqət yetirərdim. Həm də biz işə-gücə qaçırdıq, uşaqlar balaca idi, onları böyütmək, diqqət yetirmək lazım idi, həm də ata-anamıza. Həm də maddiyyat məsələsi də vardı, ora-bura qaçmalıydıq. Normaldır, hamıda necə, bizdə də elə.

İsmayıl Şıxlı həyat yoldaşı Ümidə xanımla
İsmayıl Şıxlı həyat yoldaşı Ümidə xanımla

Son romanın - “Ölən dünyam”ın qələmə alınmasınının səbəbkarı da məhz ananız olub deyilənə görə.

Atam həm yataq xəstəsi idi, həm də gözü çox zəif görürdü. Özü oturub yaza bilmirdi. Ona görə çox əziyyət çəkirdi, əsəbiləşirdi. Anam çox təkid etdi, hətta bizə də tapşırdı ki, siz də deyin atanıza və nəhayət qərara alındı ki, atam diktə etsin, anam da yazsın. Əsəri elə yazdılar. Əlyazma şəklində idi, sonradan qardaşımla mən makinada çap etdik onu. İş orasındadır ki, birinci fəsli atam ölümündən təxminən iki-üç il qabaq yazmışdı. Ondan sonra yazmaq imkanı olmadı. Martın 10-da 1995-ci ildə sonuncu nöqtəni qoydu. Əsəri bir də oxutdurdu. Bəzi düzəlişlər etdirdi. Son sözü də bu oldu ki, “hə, indi rahat ölə bilərəm”. Bu əsəri tamamlamaq üçün qarşısına məqsəd qoymuşdu. O, əsəri tamamlamaq üçün daha bir neçə ay yaşamaq lazım gəlsəydi, məsələn, 5-6 ay, qəti əminəm ki, yaşayacaqdı. İşini qurtarmamış dünyasını dəyişməyəcəkdi. 1995-ci il iyulun 26-da rəhmətə getdi. Əsərin çapını görmədən. “Qırx”ına çatdırdıq. O vaxt indiki kimi deyildi. Sağ olsun Sabir Rüstəmxanlı, o vaxt mətbuat naziri idi, onun xeyli dəstəyi oldu. Yəni maddi cəhətdən heç bir xərcimiz çıxmadı. O vaxt kağız tapmaq qəliz idi, ona da Sabir müəllim kömək etdi, tapdırdı, yığdırdı. Amma təəssüf, ona çatmadı. “Qırx”ında gətirib məzarının üstünə qoya bildim kitabı.

Ananız onun tək yazan əli olmayıb, həm də çətin anda cəsarət verəni olub.

Müəyyən məqamlar olurdu, hiss edirdik ki, atam çıxışında fikrini axıracan demir. Bunu anam daha çox hiss edirdi, görünür, anam ona daha çox həssas imiş. Anam məni və qardaşımı çağırıb dedi ki, “gəlin atanızın iş otağına gedək, bir söhbət edək, kişi deyəsən, sizə görə ehtiyat edir, ürəyindəkiləri tam demir”. Biz də onda onunla oturub söhbət etdik. Dedi ki, “bala, mən sizə görə ehtiyat edirəm, deyəcəklərim sizin işinizə mane ola bilər, yoxsa mənim çəkinəcəyim yoxdur”. Biz də onda dedik ki, “bizi düşünmə, ürəyində heç nə saxlama”. Anam ona dəstək oldu, bizə də dedi ki, “kişiyə deyin ki, bu sarıdan narahat olmasın”.

Hansı çıxışını nəzərdə tuturdu?

Konkret bir çıxış deyildi. Müəyyən məqamlar vardı. Təxminən 1992-1993-cü illər idi.

İsmayıl Şıxlı müsahibələrinin birində demişdi ki, “Dəli Kür”ün Cahandar ağası onun qohumu olub. Sağlığında da, sonra da hamı onu Cahandar ağa kimi xatırlayırdı, əsərin qəhrəmanına bənzədirdi.

Cahandar ağa adlı adam atamın babası olub, ana tərəfdən. Amma o, yığma obraz idi, onun prototiplərindən biri onun babasıdır. Atam babasını – Cahandar ağanı görməmişdi, yaşı çatmırdı. Atam söyləyirdi ki, Qazaxın Kosalar kəndində Qara Nəbi adında kişi varmış, o kişinin zahiri görkəmi, müəyyən davranışı, hərəkətləri də o obrazda var.

Oxucuların İsmayıl Şıxlının özünü Cahandar ağa kimi qəbul etməsinə necə yanaşırsınız?

Təbiidir, onun qanında o kişilərin qanı axırdı.

İsmayıl Şıxlı və Yusif Səmədoğlu Qazaxda
İsmayıl Şıxlı və Yusif Səmədoğlu Qazaxda

Hərdən deyirlər ki, indi İsmayıl Şıxlı kimi sözünün ağası, ləyaqətli şəxsiyyətlər, yazıçılar azdır. Səbəb nədir, sizcə?

Cılızlaşma gedir. Sovet dövründə bolşeviklər gələndə bəyləri, ağaları, cümhuriyyət qurucularımızı, böyük kişiləri, böyük insanları, bütöv xarakterləri pərən-pərən saldılar, qırdılar, sui-qəsd etdilər. Onlardan sonra övladları atalarının tərbiyəsini nümunə olaraq görə bilmədilər. 1920-ci illərdə kişiləri “qolçomaq” deyib qırırdılar. Atamın “Ölən dünyam” əsərində olan bir əhvalat yazılıb, təxminən 1927-ci ildə Qazaxın Qaymaqlı kəndində atamın atası – babam şahid olub, həmin kənddə dərs deyib. Orda Qızıl Ordunun xüsusi dəstələri insanları tərkslah edirmiş. Tərksilah olunmaq istəməyən kişiləri üç gün ərzində soyuq havada, qarda-qışda məscidin həyətinə yığırmışlar. Sonra bir-bir sayseçmə kişiləri güllələyirmişlər. O kişilərin uşaqları da qadınların öhdəsində qalıb. Qadınlar namuslu-qeyrətli, dəyanətli olublar, ancaq ocağın qoruyucusu kimi “Sus, görək nə olur” deyiblər. Sonra ikinci dünya müharibəsində güclü kişilərimiz həlak oldu. Rejim sözünü deyəni, dikbaşlıq edəni aradan çıxarırdı. Amma 1988-ci ili yada salaq. O zaman millət ayağa qalxdı. Bəzi oğullarımız müharibədə həlak oldu. Sonradan yenə transformasiya oldu, nə oldu, bir çox kişilərimiz... uzun proseslər var, saatlarla danışmaq olar. Səbəb bir deyil, iki deyil, həm siyasi, həm də sosioloji proseslərin nəticəsidir. İnsanlar özlərini fəda edir, sonra görürlər əhəmiyyət verən də yoxdur. Ona görə ruh düşkünlüyü yaranır.

Atanızla bağlı bir-iki xatirə danışın saytımızın izləyiciləri üçün.

Özünün bizə danışmadığı bir əhvalatı düz 10 il sonra Qazaxda söyləyiblər mənə. Onun Qazaxın icra hakimiyyəti binasının yanında balaca bağda heykəli qoyulub. 2007-ci ildə Prezident İlham Əliyev də açılışında iştirak edib. Mənə danışdılar ki, hadisə 1991-1992-ci illərdə olub, sərhəddə güclü döyüşlər gedəndə təxribatlar olurdu ki, camaatı ordan qaçırtsınlar. Belə məqamda deyirdilər ki, erməni qoşunları gəlir, canınızı qurtarın. O məqamda atam həmin icra hakimiyyətinin qarşısındakı bağda oturub, bir kətil qoydurub, bir stol, bir çaynik də çay. Təxminən bir-iki saat təkcə orda oturub çay içib. Təşviş, təlaş içində olan camaat ona baxıb deyib ki, İsmayıl Şıxlı Bakıdan gəlib (onu istəyən çox idi, yaxşı mənada avtoriteti güclü idi), orda iki saatdır rahatca çay içir, bəs biz hara qaçırıq, biz heç yerə gedə bilmərik. Belə bir psixoloji məqam da olub. Özü danışmamışdı, rayonda camaat danışıb.

Məhz ona görə heykəl orda qoyulub, ya təsadüfdür?

Ona görə deyildi. Üst-üstə düşüb. 1990-cı il 20 yanvar hadisələri vaxtı Azərbaycan Yazıçılar Birliyinin toplantısı vardı. Bizim ev də Hökumət Evinin arxasında idi. Küçədə təkəm-seyrək atışma gedirdi. Evdən çıxanda anam dedi ki, “atırlar, ay İsmayıl, bəlkə çölə çıxmayasan?” Atam qayıtdı ki, “5 il cəbhədə oldum, orda ölmədimsə indi ölmərəm, heç nə olmaz”.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG