Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:21

Kollegiya prokurorluğun vəkildən şikayətini araşdırır


Elçin Sadıqov
Elçin Sadıqov

Hazırda Baş Prokurorluğun vəkil Elçin Sadıqovla bağlı intizam tədbiri görülməsi barədə məktubu Vəkillər Kolegiyasında araşdırılır.

“Turan” Agentliyinin məlumatına görə, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov rəhbərlik etdiyi qurumda vəkil Elçin Sadıqovla bağlı başladılmış intizam icraatını şərh edərkən deyib.

Onun sözlərinə görə, araşdırmalar başa çatdıqdan sonra Rəyasət Heyəti məsələyə baxacaq və müvafiq qərar qəbul edəcək.

Anar Bağırov Baş Prokurorluğun vəkil Elçin Sadıqovu Gəncə hadisələri zamanı həbs edilmiş Yunis Səfərovun müdafiəsindən uzaqlaşdırmasına da toxunub və bunun prosessual baxımdan mümkün olduğunu ifadə edib:

“Cinayət-prossesual qanunvericiliyinin tələblərinə görə, müdafiəçinin cinayət prosesində iştirakını istisna edən hallar müəyyən edildikdə, onun cinayət işinin icraatında iştirak etməkdən kənarlaşdırılması barədə qərarın qəbul olunmasında prokurorluq orqanları tam səlahiyyətlidir”.

Anar Bağırov diqqəti vəkil Elçin Sadıqovun müdafiə etdiyi şəxs ilə görüşünün dinlənilməsi iddialarına çəkib və bu nüansın Sadıqov barəsində qərar verilərkən önəmli olacağını ifadə edib.

“Əgər sübut olunsa ki, iddia edildiyi kimi bu, qanunsuz dinləmə nəticəsində baş verib, təbii ki, qanunu rəhbər tutan İntizam Komissiyasının da, Rəyasət Heyətinin də qanunusuz yolla əldə olunmuş sübut əsasında vəkilin barəsində intizam tədbiri seçməsi istisna olunur. Ancaq yenə də deyirəm, bizdə olan sənədlərdə cinayət işinin materiallarına istinad olunur, dinləmədən söhbət getmir”.

Elçin Sadıqov Gəncə Şəhər İcra Hakimiyyətinin keçmiş başçısı Elmar Vəliyevə sui-qəsdə görə həbs edilmiş Yunis Səfərovun vəkili idi.

Sentyabrın 5-də Baş Prokurorluğun Elçin Sadıqovun onun müdafiəsindən kənarlaşdırılması haqda qərar qəbul etdiyi bildirilir. Həmin qərarın surəti olduğu bildirilən mətinin fotosunu bu yaxınlarda Yünis Səfərovun anası Leylaxanım İsmayılova açıqlamışdı.

“5 sentyabr 2018-ci ildə baş prokurorun birinci müavininin imzaladığı qərar 6 sentyabr 2018-ci il tarixdə oğluma təqdim edilib. Həmin qərarda göstərilir ki, Baş Prokurorluq Bakı İstintaq Təcridxanasında oğlumla vəkilinin qanunla konfidensial olmalı olan görüşlərini izləyib. Vəkilin oğluma məsləhətlərini dinləyib və onun oğluma məsləhətləri xoş gəlmədiyi üçün vəkili cinayət işindən kənarlaşdırıb», - deyə Yünis Səfərovun anası ictimaiyyətə müraciətində qeyd edirdi.

Verilən məlumata görə, Baş Prokurorluq Elçin Sadıqovla bağlı qərarını Vəkillər Kollegiyasına da göndərib və vəkil barəsində intizam icraatı başlanılıb.

Sadıqov 2 gün əvvəl, sentyabrın 17-də kollegiyada intizam icraatının materialları ilə tanış olduğunu açıqlamışdı. O, açıqlamasında vurğulamışdı ki, kollegiyanın onun barəsində ədalətli qərar çıxaracığına ümid edir.

Xatırlatma

İyulun 3-də Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə və polis serjantı Qasım Aşbazova silahlı sui-qəsd olub. Sui-qəsdi törətdiyi bildirilən Yünis Səfərov həbs edilib.

Hüquq-mühafizə qurumları baş verənləri terror sayır. Onlar iddia edirlər ki, Yünis Səfərovun terror aktını törətməkdə əsas məqsədi Azərbaycanda şəriət qanunları ilə idarə olunan İslam dövləti qurmaq olub. Hələlik Yünis Səfərov bu iddialarla bağlı münasibətini açıqlamayıb.

Baş Prokurorluğun, eləcə də əlaqəli başqa dövlət qurumlarının vəkillərdən kollegiyaya şikayət etməsi təcrübəsi Azərbaycanda geniş yayılıb. Belə şikayətlər, adətən, vəkillərin fəaliyyətinə xitam verilməsi və ya dayandırılması ilə nəticələnir.

Vəkillər Kollegiyası son 7-8 ayda bir çox vəkilin fəaliyyətini belə şikayətlərin əsasında dayandırıb. Onların arasında Yalçın İmanov, Əsabəli Mustafayev, Nemət Kərimli, Fəxrəddin Mehdiyev və başqaları var. Yalçın İmanov istisna olmaqla, digərlərinin fəaliyyətinə birillik məhdudiyyət tətbiq olunub.

Vəkillər fəaliyyətlərinin dayandırılmasını siyasi məhbus sayılan şəxsləri müdafiə etmələri ilə izah ediblər. Vəkillər Kollegiyası rəhbərliyi isə bununla razılaşmır, onları qanun pozuntularına yol verməkdə təqsirləndirir.

XS
SM
MD
LG