Keçid linkləri

2024, 02 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 12:07

Vəkili kollegiyada sorğu-sual ediblər


Elçin Sadıqov
Elçin Sadıqov

Bu gün, dekabrın 21-də Vəkillər Kollegiyasının İntizam Komissiyasında vəkil Elçin Sadıqov barəsində açılmış intizam icraatı müzakirə edilib. Müzakirələrdə vəkil özü də iştirak edib, komissiya üzvlərinin suallarını cavablandırıb.

Bu barədə AzadlıqRadiosuna danışan Elçin Sadıqov intizam icraatının detallarına da toxunub.

O Gəncə Şəhər İcra Hakimiyyətinin keçmiş başçısı Elmar Vəliyevə sui-qəsdə görə, həbs edilmiş Yunis Səfərovun vəkili olub. Bu il sentyabrın 5-də Baş Prokurorluğun Elçin Sadıqovun onun müdafiəsindən kənarlaşdırılması haqda qərar verdiyi və həmin qərarı Vəkillər Kollegiyasına göndərdiyi bildirilir.

Elçin Sadıqovun sözlərinə görə, prokurorluğun müraciəti əsasında Vəkillər Kollegiyasında onun barəsində intizam icraatı açılıb.Üstəlik, Kollegiya araşdırma mərhələsində Baş Prokurorluğa sorğu göndərərək əlavə sübutlar istəyib.

Prokurorluq saxta məktub təqdim edib?

“Kollegiyanın həmin sorğusuna cavab olaraq, prokurorluq Yunis Səfərovun sentyabrın 5-dən sonrakı tarix üzrə ərizəsini təqdim etmişdi. Həmin ərizədə yazılırdı ki, guya, mən Bakı İstintaq Təcridxanasında işgəncəyə məruz qalması barədə ifadə verməsi üçün ona təzyiq göstərmişəm. Sonradan prokurorluq başa düşüb ki, mənim Yunis Səfərovla sentyabrın 4-də etdiyim söhbətin məzmununun onlara necə çatdığını pərdələmək lazımdır. Ona görə də işə yeni bir məktub əlavə edilib. Həmin məktubda isə göstərilir ki, guya, Yunis Səfərov avqustun 28-də Penitensiar Xidmətin rəisi Ceyhun Həsənova məktub yazıb. Məktubda yazılana görə, istintaq zamanı və Bakı İstintaq Təcridxanasında saxlanan zaman işgəncəyə məruz qalmayıb, mən onun işgəncəyə məruz qaldığını zənn etmişəm və təklif etmişəm ki, bu barədə şikayət etsin”, deyən vəkil sözügedən məktubun qurama olduğunu ifadə edib:

“Çünki, Yunis Səfərov həbsdə saxlanılan şəxsdir. O, mütləq qaydada məktubu təcridxana rəisinin müşaiyətedici məktubu ilə və dəftərxana qeydləri aparılmaqla poçt vasitəsi ilə göndərməlidir. Qeyd edilənlərin heç biri bu ərizədə yoxdur. Məktubdan belə başa düşülür ki, Yunis Səfərov məktubu yazıb və həmin məktub necə olubsa, penitensiar xidmətə yox, təcridxana rəhbərliyinə yox, birbaşa Baş Prokurorluğa gəlib, çıxıb”.

“Yunis Səfərova heç bir məktub gəlməyib…”

Elçin Sadıqov həmçinin Yunis Səfərova gələn və ondan gedən məktubların reyestrini də əldə etdiyini bildirib.

“Avqustun 1-dən sentyabrın 5-dək Yunis Səfərova heç bir məktub gəlməyib. Eləcə də o, həmin tarixlərdə heç yerə məktub da göndərməyib”.

Vəkilin sözlərinə görə, Vəkillər Kollegiyasının İntizam Komissiyası qarşısında vəsatət qaldırıb ki, sözügedən məktubun göndərilməsini təsdiq edən sübutlar, təcridxanada məktubların qeydiyyat kitabı, başqa poçt qeydləri, tranzaksiya nömrələri və sair “Azərpoçt” Məhdud Məsuliyyətli Cəmiyyətdən alınsın.

Elçin Sadıqov həmçinin qeyd edib ki, Yunis Səfərov sentyabr ayının 1-də istintaqa verdiyi ifadəsində işgəncəyə məruz qaldığını rəsmən bəyan edib. Vəkilə görə, bu, ona qarşı açılmış intizam icraatında sübut kimi təqdim edilən məktubun saxtalığını təsdiq edir.

Vəkillər Kollegiyasının İntizam Komissiyası Elçin Sadıqovla bağlı, hələlik, qərarını verməyib. Vəkilin sözlərinə görə, komissiyada bildiriblər ki, qərar rəy tərtib edildikdən sonra qəbul olunacaq.

Elçin Sadıqovun Yunis Səfərovun vəkilliyindən uzaqlaşdırılması ilə bağlı məlumatı, ilk dəfə məhbusun anası Leylaxanım İsmayılova açıqlamışdı. O, həmin qərarın surəti olduğu bildirilən mətnin fotosunu yaymışdı.

“5 sentyabr 2018-ci ildə baş prokurorun birinci müavininin imzaladığı qərar 6 sentyabr 2018-ci il tarixdə oğluma təqdim edilib. Həmin qərarda göstərilir ki, Baş Prokurorluq Bakı İstintaq Təcridxanasında oğlumla vəkilinin qanunla konfidensial olmalı olan görüşlərini izləyib. Vəkilin oğluma məsləhətlərini dinləyib və onun oğluma məsləhətləri xoş gəlmədiyi üçün vəkili cinayət işindən kənarlaşdırıb”, - deyə Yunis Səfərovun anası ictimaiyyətə müraciətində qeyd edirdi.

Bütün bu açıqlamalara Baş Prokurorluqdan, hələlik, münasibət almaq mümkün olmayıb. Ancaq Azərbaycanın hüquq-mühafizə orqanları bir qayda olaraq təcridxana və cəzaçəkmə müəssisələrində saxlanan şəxslərə işgəncə verilməsi ilə bağlı iddiaları təkzib edirlər.

Xatırlatma

İyulun 3-də Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə silahlı sui-qəsd olub. Sui-qəsdi törətdiyi bildirilən Yunis Səfərov həbs edilib.

Hüquq-mühafizə qurumları baş verənləri terror sayır. Onlar iddia edirlər ki, Yunis Səfərovun terror aktını törətməkdə əsas məqsədi Azərbaycanda şəriət qanunları ilə idarə olunan İslam dövləti qurmaq olub. Yunid Səfərov bu iddialarla bağlı münasibətini açıqlamayıb.

Baş Prokurorluğun, eləcə də əlaqəli başqa dövlət qurumlarının vəkillərdən kollegiyaya şikayət etməsi halları Azərbaycanda bundan öncə də baş verib.

Vəkillər Kollegiyası son illər bir çox vəkilin fəaliyyətini belə şikayətlərin əsasında dayandırıb. Onların arasında Yalçın İmanov, Əsabəli Mustafayev, Nemət Kərimli, Fəxrəddin Mehdiyev və başqaları var. Yalçın İmanov istisna olmaqla, digərlərinin fəaliyyətinə birillik məhdudiyyət tətbiq olunub.

Vəkillər fəaliyyətlərinin dayandırılmasını siyasi məhbus sayılan şəxsləri müdafiə etmələri ilə əsaslandırırlar. Vəkillər Kollegiyası rəhbərliyi isə bununla razılaşmır, onları qanun pozuntularına yol verməkdə təqsirləndirir.

XS
SM
MD
LG