Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 11:19

Prezident bu qətlə 'ləkə' demişdi... O gündən14 il keçir


DTX Elmar Hüseynovun qatillərini 14 il sonra tuta biləcəkmi?
Gözlə

No media source currently available

0:00 0:14:48 0:00

DTX Elmar Hüseynovun qatillərini 14 il sonra tuta biləcəkmi?

Azərbaycan Mətbuat Şurası jurnalist Elmar Hüseynovun qətlinin araşdırılması ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətinə müraciət edib. Ötən həftənin sonlarında edilən müraciətdə günahkarların tapılaraq məsuliyyətə cəlb edilməsi işinin sürətləndirilməsi istənilir.

“Monitor” jurnalının baş redaktoru Elmar Hüseynov 2005-ci il martın 2-də evinin qarşısında qətlə yetirilib. İstintaq jurnalisti Gürcüstan vətəndaşlarının qətlə yetirdiyi qənaətinə gəlib. Amma bu hadisədən 14 il keçsə də şübhəlilər istintiqa təhvil verilməyib.

Hər hansı yeni məlumat var?

Bəs, Mətbuat Şurasının bu müracitəti istintaqın gedişatında nəyisə dəyişə bilərmi?

Elmar Hüsyenovun yaxın dostu Şahbaz Xudoğlu belə bir müraciəti müsbət addım sayır. Düşünür ki, istintaqla bağlı hansısa yeni məlumatlar olmasaydı Mətbuat Şurası belə bir müraciəti göndərməzdi:

“Əks halda ictimaiyyətdə belə bir tələb yox idi ki, bu cür müraciətə hansısa zərurət yaransın. Bunu zəruri edəcək heç bir məsələ yox idi. Məncə, burda hansısa bir əlavə məlumatlar olub. Ona görə də elə bil ki, bu işi təzədən götürüb, tozunu silib, gündəmə gətirmək istəyiblər”.

Şahbaz Xudoğlu düşünür ki, belə olmasaydı Mətbuat Şurası ötən 14 ildə ilk dəfə belə bir müraciət etməzdi.

Mətbuat Şurasının idarə heyətinin üzvü Aydın Quliyev də razılaşır ki, indiyədək belə bir müraciətin olmaması taktiki səhv sayıla bilər. Amma o deyir ki, Elmar Hüseynovun qətlinin obyektiv araşdırılması hər zaman Mətbuat Şurasının diqqətində olub. O da ümid edir ki, Əflatun Amaşovun Mətbuat Şurası adından Dövlət TƏhlükəsizlik Xidmətinə müraciəti işin araşdırılmasını sürətləndirəcək:

“Bu müraciət Elmar Hüseynovun qətli ilə bağlı nəticəsiz araşdırmaları yenidən aktuallaşdırmaq və sürəti artıra bilmək üçündür. Mətbuat Şurasının İdarə Heyyətində hər kəs bu fikirdədir ki, sədrin bu müraicəti Elmarın qətlinin araşdırılması işini sürətləndirəcək. Mətbuat Şurasının adınından belə müraciətlər hər il olmasa da, hər il idarə heyəti Elmar Hüseynovun məzarını ziyarət edir və bu məsələni gündəmdə saxlayır”.

Sifarişçilər məsələsi

Hüquqşünas Adil İsmayılov bu müraicətin işin gedişinə hər hansı formada təkan olacağını düşünmür. O deyir ki, Elmar Hüseynovun qətlinin üstü açılıb, icraçılar bəllidir. Sadəcə onlar Gürcüstan vətəndaşları olduqlarından Azərbaycan hüquq-mühafizə orqanları onları saxlaya bilmir:

“Qalır ikinci bir yol. Azərbaycan əlindəki bütün sübutları Gürcüstan tərəfinə təqdim edir və onların əsasında Gürcüstan o vətəndaşları məhkum edir. Hələlik, bunların heç biri olmur. Amma Azərbaycanla Gürcüstanın belə bir təcrübəsi olub. Neft Akademiyasına məşhur hücumda həbs olunan şəxslər də Gürcüstan vətəndaşları idi. Amma hansısa yollarla Azərbaycan onları ala bildi. Hansı yolla gətirdiklərini yəqinki hüquq-mühafizə orqanları gözəl bilir. Eyni yollarla Elmar Hüseynovun qətlində təqsirli bilinənləri də gətirmək olar”.

Adil İsmayılov bildirir ki, Elmar Hüseynovun qətlini icra edənlər istintaqa təhvil veriləndən sonra onların ifadələri əsasında sifarişçilərin müəyyənləşdirmək mümkün ola bilər.

Amma Elmar Hüseynov istintaqı başa çatmayan tək jurnalist deyil. Digər bir yazar Rafiq Tağı da bıçaqlanandan sonra xəstəxanada vəfat edib. Onların hər ikisinin də qatilləri tapılmayıb.

AzadlıqRadiosu bu barədə Bakı sakinlərinin də fikrilərini öyrənib:

Sizcə, jurnalist Elmar Hüseynov və Rafiq Tağının qatilləri niyə tapılmır?
Gözlə

No media source currently available

0:00 0:01:10 0:00

Baş Prokurorluq Elmar Hüseynovun ölümündən bir qədər sonra yaydığı məlumata görə, qətldə iştirak edən Gürcüstan vətəndaşı Azərbaycanı tərk ediblər. Onların barəsində beynəlxalq axtarış elan olunub. İstintaq araşdırmalarında ABŞ-ın Federal Təhqiqatlar Bürosu və Türkiyənin Mərkəzi Təhlükəsizlik İdarəsinin də iştirak etdikləri qeyd olunur.

Amma Avropa Məhkəməsi 2017-ci ildəki qərarında Elmar Hüseynovla bağlı cinayət işinin effektiv araşdırılmadığı qənaətinə gəlib.

Həmin qərarda Elmar Hüseynovun həyat yoldaşı Ruşaniyyə Hüseynovaya istinadla bildirilir ki, jurnalist ölümündən əvvəl mütəmadi hədələnib. Ondan prezident və ailəsi barədə məqalələrə son qoymaq tələb edilib. Rüşaniyə Huseynova şikayətində bildirib ki, həyat yoldaşını Azərbaycan hakimiyyəti qətlə yetirib və bu səbəbdən dövlət orqanları bu cinayət işi üzrə effektiv araşdırma aparmayıb.

Azərbaycan prezidenti bu qətli “ölkənin reputasiyasına böyük ləkə və Azərbaycanın demokratik inkişafına zərbə” kimi qiymətləndirib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG