Keçid linkləri

Təcili xəbərlər
2020, 05 Aprel, bazar, Bakı vaxtı 11:10

Elçin Sadıqovdan şikayət gəldiyi təsdiqlənir


Elçin Sadıqov

Vəkillər Kollegiyasına vəkil Elçin Sadıqovla bağlı şikayət daxil olduğu və ona intizam komissiyasında baxıldığı bildirilir.

Bu barədə «Turan» agentliyinə Vəkillər Kollegiyası Rəyasət Heyətinin üzvü Sənan Şirinov məlumat verib.

Amma xəbərə görə, S.Şirinov şikayətin kimin tərəfindən verildiyi və məzmunu haqqında bir söz deməyib. «Məlumat konfidensialdır və şikayət barədə məlumat yalnız intizam komissiyanın üzvlərində və vəkildə var», - o bildirib.

Vəkil Facebook statusuna görə ondan şikayət edildiyini deyir

Vəkillər Kollegiyasının vəkil Elçin Sadıqovla bağlı intizam icraatına başladığı bildirilir.

Bu barədə Elçin Sadıqovun özü məlumat verib.

Vəkilin sözlərinə görə, inzibati icraata səbəb noyabrın 14-də Baş Prokurorun birinci müavini Rüstəm Usubovun ondan şikayət verməsi olub.

Elçin Sadıqov əlavə edib ki, şikayət oktyabrın 30-da sosial şəbəkədə yazdığı statusla bağlıdır:

"Hüquq müdafiəçisi Oqtay Gülalıyevin maşınla vurulması anının videosuna baxdım və status yazdım. Statusda yazdım ki, qənaətimcə, bu, ehtiyatsızlıq deyil, qəsddir. Bu statusumdan Rüstəm Usubov Vəkillər Kollegiyasına şikayət edib".

Vəkil qeyd edib ki, Vəkillər Kollegiyası bu şikayətə baxmamalıdır:

"Mənim yazdığım statusla bağlı şikayətə baxmaq Vəkillər Kollegiyasının səlahiyyətində deyil. Çünki bu status mənim vəkillik fəaliyyətimlə bağlı deyil…".

Elçin Sadıqov vurğulayıb ki, məsələ ilə bağlı prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndəliklərinə və xarici ölkələrin səfirliklərinə müraciət edib:

"Müraciətdə qeyd etmişəm ki, on illik vəkillik fəaliyyətim dövründə yüzlərlə vətəndaşın hüquqlarını müdafiə etmişəm və davamlı olaraq təqiblərə, təzyiqlərə məruz qalmışam”.

Vəkilin sözlərinə görə, Rüstəm Usubov şikayətində qeyd edib ki,o, əsassız məlumatlar yaymaqla baş vermiş yol-nəqliyyat hadisəsinin istintaqı ilə bağlı dövlət qurumlarının gördüyü işlərə kölgə salmaq, insanlarda yanlış fikir formalaşdırmaq və dövlətə inamsızlıq yaratmaq istəyib

Vəkil əlavə etməsinə görə, müraciətdə habelə bildirib ki, Rüstəm Usubovun barəsindəki şikayəti heç bir hüquq normasına sığmır və Azərbaycanda vəkillik institutunun gözünün qorxudulmasına xidmət edir:

"Vəkillər Kollegiyasının isə belə şikayətləri icraata qəbul etməsi tamamilə qanunsuzdur. Çünki, prokurorluğun araşdırma predmeti olmuş status mənim ifadə azadlığı hüququmdan yararlanmağımdır, mənim şəxsi sosial media səhifəmdə yayılıb. Mənim profilim rəsmi deyil, orda yazıb-yaydığım status isə vəkillik fəaliyyətimlə, hansısa müştərimlə bağlı deyil".

“Belə siyasət vəkillərin prokurorluğa tabe etdirilməsinə…”

Elçin Sadıqovun qeyd etməsinə görə, daha sonra da müraciətində bildirib ki, Rüstəm Usubov vəkillərdən ən çox şikayət edən, onların ağır cəzalandırılmasına səbəb olan şəxsdir:

"Baş Prokurorun birinci müavini Rüstəm Usubovun həyata keçirdiyi belə siyasət vəkillərin prokurorluğa tabe etdirilməsinə, ölkədə qorxu mühitinin formalaşdırılmasına yönəlib".

Vəkil prezidentdən bu məsələnin ədalətli araşdırılması üçün gərəkli addımların atılmasına göstəriş verməsini xahiş edib.

Vəkilin, bu dediklərinə, hələlik, Prezident Administrasiyası, Vəkillər Kollegiyası və Baş Prokurorluqdan münasibət öyrənmək mümkün olmayıb.

Amma Oqtay Gülaliyevə çarpan avtomoblin sürücüsü Kənan Abdullayev bundan öncə AzadlıqRadiosuna açıqlamasında hadisəni qəsdən törətməsi haqqında iddiaları təkzib etmişdi.

Kənan Abdullayev özü haqqında sosial şəbəkələrdə yazılanlardan məyus olduğunu demişdi: “Görürəm ki, hamı sui-qəsd, təxribat yazır, qəsdən törədildiyini bildirir, məni terrorçu kimi qələmə verirlər. Bu hadisədə sui-qəsd yoxdur.

Hadisə vaxtı Oqtay müəllimin dostları da oradaydı. Onu ”Semaşko"ya çatdıranda da oradaydılar. Özləri də gördülər ki, burada sui-qəsd yoxdur. Sadəcə, ehtiyatsızlıqdan olub".

Ötən həftə başqa bir vəkil Nemət Kərimli də Baş Prokurorun birinci müavini Rüstəm Usubovun ondan Vəkillər Kollegiyasina şikayət etməsi ilə bağlı açıqlama yaymışdı. Kollegiyadan Nemət Kərimli ilə bağlı şikayət gəldiyini təsdiqləsələr də, şikayətin məzmunu və onu göndərən tərəflə bağlı açıqlama verilməmişdi.

Son illər Vəkillər Kollegiyasına edilən şikayətlərlə bağlı bir sıra vəkillərin bu qurumda fəaliyyəti dayandırılıb. Onların arasında Xalid Bağırov, Əlayif Həsənov, Namizəd Səfərov, Müzəffər Baxışov, Yalçın İmanov, İradə Cavadova və başqaları da olub.

Bir sıra hüquq müdafiəçiləri sözügedən vəkillərin Vəkillər Kollegiyasından xaric edilməsini siyasi sifariş nəticəsində müstəqil vəkillərin cəzalandırılması kimi dəyərləndiriblər.

Amma Vəkillər Kollegiyası vəkillərin cəzalandırılmasını onların qanunvericiliyin normalarını pozması ilə izah edir.

Xatırlatma

Oktyabrın 29-da axşam saatlarında hüquq müdafiəçisi Oqtay Gülalıyevi avtomobil vurub. Şahidlərin sözlərinə və sosial şəbəkələrdə yayılan videogörüntülərə görə, hadisə Gülalıyev piyadalar üçün nəzərdə tutulan keçiddən keçərkən baş verib.

Məlumatlara görə, qəza baş verəndən sonra avtomobil sürücüsü özü Gülalıyevi xəstəxanaya çatdırıb. O AzadlıqRadiosuna açıqlamasında hadisəni qəsdən törədməsi haqqında iddiaları təkzib edib.

Oqtay Gülalıyev əvvəlcə 1 saylı Təcili Tibbi Yardım Mərkəzinə yerləşdirilib. Sonradan «City Hospital»a köçürülüb və oktyabrın 30-da orada əməliyyat olunub. Daha sonra isə yaxınları onu Neyrocərrahiyyə Klinikasına aparıblar.

Oqtay Gülaliyev hazırda Türkiyədə müalicə olunur, orada ikinci dəfə əməliyyat edilib, ancaq, hələ də koma vəziyyətindədir.

Bəzi ictimai fəallar qəzanın qəsdən törədilmədiyi ilə bağlı hüquq-mühafizə orqanlarının və sürücünün açıqlamasına şübhə ilə yanaşırlar.

Oqtay Gülaliyev Repressiya və İşgəncələr Əleyhinə Komitənin koordinatoru idi. O, həmin gün, oktyabrın 29-da Repressiya və İşgəncələr Əleyhinə Komitənin «İşgəncələrə son qoyulsun!» adlı 10-günlük ictimai kampaniyaya start verdiyini açıqlamışdı.

Hakimiyyət rəsmiləri isə saxlanma yerləri və cəzaçəkmə müəssisələrində işgəncə olması ilə bağlı şikayətləri, əsasən, əsassız sayırlar. Onların demələrinə görə, belə şikayətlər həqiqəti əks etdirmir və qərəzli olur.

XS
SM
MD
LG