Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:15

Elçin Qasımov ‘’Bandotdel’ə çağırıldığını deyir


Elçin Qasımov
Elçin Qasımov

Noyabrın 19-da “Müsəlman Birliyi” Hərəkatının sədr müavini Elçin Qasımovun Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə (“Bandotdel” kimi tanınır ) çağırıldığı bildirilir.

Bu barədə Elçin Qasımovun özü məlumat verib.

Onun “Turan” agentliyinə deməsinə görə, Nardaran hadisələrinin ildönümü ilə bağlı planlaşdırılan qapalı tədbirə görə, ona xəbərdarlıq verilib:

"Bu gün, noyabrın 19-da Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət olunmuşdum. Orada mənə noyabrın 26-na planlaşdırılan tədbirlə bağlı xəbərdarlıq etdilər. Dedilər ki, tədbir keçirilsə müdaxilə olunacaq".

Elçin Qasımovun bu dediklərinə, hələlik, sözü gedən idarə və Daxili İşlər Nazirliyindən (DİN) münasibət almaq mümkün olmayıb.

Xatırlatma

Elçin Qasımov 2015-ci ilin noyabrın əvvəllərində Sabunçu rayonu ərazisində inzibati hüquq pozmasında günahlandırılaraq 30 gün həbs cəzası almışdı. Həbs müddəti zamanı o cinayət işinə cəlb edilib. O, Nardaran hadisələri ilə bağlı həbs edilənlərlə birgə mühakimə edilib. 2017-ci il dekabrın 28-də E.Qasımov Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə terrorçuluq və bir sıra ağır cinayətlərdə təqsirli bilinərək 16 il azadlıqdan məhrum olunub. O, irəli sürülən ittihamı qəbul etməyib və 2019-cu ilin mart ayında əfv fərmanı ilə azadlığa buraxılıb.

2015-ci il noyabrın 26-da Daxili İşlər Nazirliyi Nardaran qəsabəsində əməliyyat keçirmişdi. 6 nəfərin öldüyü (ikisi polis) əməliyyat zamanı və sonrakı günlərdə bu məsələlərlə bağlı ümumilikdə 80 civarında şəxsin saxlandığı açıqlanmışdı. Aralarında «Müsəlman Birliyi» Hərəkatının rəhbəri Taleh Bağırov da var idi. Onlar müxtəlif qruplara ayrılaraq mühakimə edilib. Onlara 1 il 6 aydan 20 ilə qədər həbs cəzası verilib.

Ağır cinayətlərdə ittiham edilən şəxslər məhkəmələrində qətl və digər məsələlərlə bağlı ittihamları qəbul etməyiblər. Saxlandıqdan sonra onlardan işgəncələr altında ifadələr alındığını bildiriblər.

Amma DİN-in əməkdaşları məhkəmədə işgəncə ilə bağlı iddiaları təkzib ediblər.

XS
SM
MD
LG