Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 00:00

Ekspert: 'Hökumət pambıqçılığı inzibati qaydada inkişaf etdirməyi düşünür'


Vahid Məhərrəmov
Vahid Məhərrəmov

Son 2 həftə ölkənin sosial gündəmini əsasən, pambıq sahələrində zəhərlənmə olayları və bunun nəticəsində həbslər haqda məlumatlar tutdu.

Baş Prokurorluq, kənd təsərrüfatı, səhiyyə nazirlikləri və Qida Təhlükəsizliyi Agentliyi-nin birgə yaydıqları açıqlamada qeyd edilirdi ki, bəzi pambıq sahələrində “Fitosanitar nəzarəti haqqında” Qanununun və “Pestisidlərdən istifadə zamanı texniki təhlükəsizlik qaydaları”nın tələbləri pozulub.

Daha sonra rəsmi məlumatda Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində cinayət işinin açılmasından bəhs edilirdi. Bunun ardınca da İmişli və Saatlı rayonlarında pambıq zavodlarının bəzi məsul şəxslərinin və aqronomların həbsi ilə bağlı məlumatlar yayıldı.

Deputat Vahid Əhmədov hesab edir ki, pambıq sahələrində baş verən zəhərlənmələr Azərbaycana gətirilən dərmanların keyfiyyəti ilə əlaqədar ola bilər:

“Müvafiq dövlət qurumları həmin dərmanları yoxlamadan keçirib sonradan sahələrə buraxılmalarına icazə verməlidirlər. Əks təqdirdə, oxşar hallarla yenə rastlaşacağıq”.

Hökumətin reaksiyasına gəlincə, Vahid Əhmədov xatırladıb ki, kənd təsərrüfat naziri İnam Kərimov hadisənin birinci günündən mövqeyini ifadə edib. Hüquq-mühafizə orqanları cinayət içşi açıb və həbslər barədə açıqlama yayıblar.

Deputat: “Əgər nəzarət mexanizmi olsa, ciddi problemlər yaşanmaz”

Vahid Əhmədov, 13 aprel 2012
Vahid Əhmədov, 13 aprel 2012

​Vahid Əhmədov bildirib ki, Azərbaycanda tarix boyu pambıq əkilib. “Düzdür, ağır sahə olduğundan insanlarda müəyyən problemlər yaradır. Amma müstəqillik illərində, xüsusən son illər bu sahəyə diqqət artıb. Sadəcə, nəzarət mexanizmi olmalıdır. Əgər nəzarət mexanizmi olsa, ciddi problemlər yaşanmaz”

Pambığın xeyri və ziyanı haqda suala gəlincə, deputat deyib ki, pambıqçılığın inkişafı ilk növbədə yeni iş yerləridir:

“ İkinci, də ixrac məhsuludur, xaricə satmaq olur”

Vahid Əhmədov hesab edir ki, pambıq texnika ilə yığılmalıdır:

“Əllə pambığı yığmağı bitirmək vaxtıdır. XXI əsrdə əllə pambıq yığmağın tərəfdarı deyiləm”.

Aqrar sektor üzrə mütəxəssis Vahid Məhərrəmov isə deyib ki, pambıq sahələrində zəhərlənmələrlə bağlı məlumatlarda diqqətli olmaq lazımdır:

“Məsələ ondadır ki, pambıqçılar zərərvericilərə qarşı istifadə olunan kimyəvi maddələrdən zəhərləniblər. İddia olunur ki, həmin maddələr zərərvericilərə qarşı bir müddət əvvəl tətbiq olunub, bundan sonra gözlənilməli idi, zaman keçəndən sonra insanları sahələrə buraxmaq lazım idi. Yəni bu müddət başa çatmamış fəhlələri tarlaya gətiriblər və zəhərlənmə olub...”

Vahid Məhərrəmov hökumətin baş verənlərə reaksiyasını adekvat saymır:

“Hələ də, hansı maddəddən zəhərlənmələrin baş verdiyi bəlli deyil. Əvvəlcədən hansı profilaktik tədbirlər görülmüşdü, yaxud görülməmişdi. Digər tərəfdən Saatlıda baş verən hadisədən dərhal sonra müvafiq orqanlar tədbirləri nəzarət altında həyata keçirməliydilər. Yəni Prezident Administrasiyasında aqrar şöbə var, o cümlədən Nazirlər Kabinetində, Kənd Təsərrüfatı Nazirliyində və icra hakimiyyətlərində bu sahəyə məsul şəxslər var. Gərək, elə həmin günü tarlalara səpilən maddələr nəzarətə götürülərdi və gətirilməsi dayandırılmalıydı. Amma bunlar gerçəkləşmədi”.

İmişli rayonu, pambıq tarlası, 22 iyun 2018
İmişli rayonu, pambıq tarlası, 22 iyun 2018

“Bu sahəni məmur-oliqarxların inhisarından çıxarıb...”

Ekspert hesab edir ki, pambığın indiki halda Azərbaycana heç bir faydası yoxdur:

“ Keçən il kəndlilər 10 milyon manat ziyana düşdü. Hökumət pambıqçılığı inzibati qaydada inkişaf etdirmıyi düşünür. Yəni bir-iki şirkət pambığın email və ixracı ilə məşğul olur, xüsusən onlar da gəlir götürür. O zaman pambıqçılığı Azərbaycan üçün faydalı etmək olardı ki, bu sahəni məmur-oliqarxların inhisarından çıxarıb fermerlərə verəydilər. Söhbət istehsalından, emalından və ixracından gedir. Yalnız bunlar həyata keçsə, ölkə üçün xeyrindən danışmaq mümkündür”

Xatırlatma

Son illər Azərbaycan hökuməti pambıqçılığın inkişafına xüsusi önəm verir. Həm əkin sahələri, həm də pambığın tədarükü artırılıb.
Ötən il son dörd ildə birlikdə əkiləndən (116 min ha) çox – 136.3 min hektar sahədə pambıq əkilmişdi. 200 min tondan çox məhsul tədarük edildi.
2016-cı ildə isə 89.4 min ton pambıq yığılmışdı. Bu il əkin sahələrinin daha da artırıldığı açıqlanıb.

Hakimiyyət rəsmiləri bəyan ediblər ki, pambıqçılığın inkişafına yeni iş yerlərinin açılması kimi də baxırlar.

Müxalifət isə pambıqçılığı “qul əməyi” sayır, pambıqçılığın heyvandarlığa böyük ziyan vurduğunu iddia edir.

Azərbaycanda son 2 həftədə isə pambıq sahələrindən həyacanlı xəbərlər gəlir.

Ölkənin müxtəlif bölgələrində (İmişli, Saatlı və Tərtər rayonlarında) pambıq taralalarında çalışan günəmuzd işçilərin bir neçə dəfə kütləvi zəhərlənməsi ilə bağlı məlumatlar yayılıb.

Onların bəziləri, hələ də xəstəxanalarda müalicə alır. Zəhərlənmə ehtimalı ilə xəstəxanaya yerləşdirilən şəxslər bildiriblər ki, onlar gün ərzində 10 manata işləyirlər.

Baş verənlərlə bağlı, Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində cinayət işi açılıb.

Söhbət 249.2 (bitki xəstəliklərinə və ziyanvericilərinə qarşı müəyyən edilmiş mübarizə qaydalarını pozma, ağır nəticələrə səbəb olduqda) və 314.2-ci (səhlənkarlıq, yəni vəzifəli şəxsin işə vicdansız və ya laqeyd münasibəti ağır nəticələrə səbəb olduqda) maddələrindən gedir.

Artıq 5 nəfərin də həbs edildiyi deyilir. Bunlar «MKT İK» Məhdud Məsuliyyətli Cəmiyyətin Saatlı filialının icraçı direktoru Çingiz Gözəlov, baş aqronomu Gülməmməd Küçiyev, həmin cəmiyyətin İmişli rayon filialının direktoru Maarif Quliyev, baş aqronomu Surxay Məmmədov və İmişli rayon Bitki Mühafizəsi Mərkəzinin rəisi Qəhrəman Qəhrəmanovdur.

Baş verənlərə hələlik, həbs edilən şəxslərin özlərinin və ya vəkillərinin münasibətini almaq mümkün olmayıb.

Ancaq onlardan bəzilərinin qohumları Azadlıq Radiosuna bu həbslərin düzgün olmadığını deyiblər. Onlar qeyd ediblər ki, bu işdə həbslər yuxarılardan başlamalı idi.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG