Keçid linkləri

Təcili xəbərlər
2021, 26 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 02:08

Ekoenergetika Akademiyasının azərbaycanlı üzvü: 'Məni sifarişlə həbs ediblər'


Bakı Ağır Cinayətlər Məhkəməsi

Beynəlxalq Ekoenergetika Akademiyasının həqiqi üzvü olan Əziz Əbdüləziz deyir ki, onun həbs olunması sifarişdir. Ancaq sifarişçinin kim olduğunu bilmir.

Bu haqda o, sentyabrın 27-də öz məhkəməsində ifadə verərkən danışıb.

300 min manatdan çox dələduzluqda suçlanan 72 yaşlı Ə.Əbdüləzizin işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. O, işadamı, tikinti işləriylə məşğul olan «ALFA LTD» şirkətinin rəhbəri İxtiyar Həsənovu yüklə dolu maşınları gömrükdən keçirmək, Heydər Əliyev Fondunun xəttiylə məktəb binasının tikintisi üçün tenderdə qalib elan etdirmək adıyla aldadıb, pulunu ələ keçirməkdə təqsirləndirilir.

«Uğurlarımı gözü götürməyən çox idi»

Ə.Əbdüləziz isə ifadəsində deyib ki, yalandır, İ.Həsənov onu şərləyir: «Bu, İxtiyarın mənə qarşı iftirasıdır. İxtiyar mənə şirinlik üçün 25 min manat pul gətirmişdi. Həmin pulu da onun başına vurub, geri göndərdim. Mənim özümün 100 minlik maşınlarım olub. Mənim həbsim kiminsə sifarişidir. Amma konkret bilmirəm bu adam kimdir. Məni, uğurlarımı gözü götürməyən adam çox idi».

Zərərçəkən İ.Həsənov ötən məhkəmə iclasında ifadəsində söyləmişdi ki, Ə.Əbdüləziz ona SOCAR-ın prezidenti Rövnəq Abdullayevlə, vitse-prezident Xoşbəxt Yusifzadə ilə dost olduğunu deyib. Özü də Ə.Əbdüləzizin Dövlət Neft Şirkətinin binasına sərbəst şəkildə, qapıda yoxlanmadan daxil olduğunu görüb.

Ə.Əbdüləziz ifadəsində təsdiqləyib ki, SOCAR-ın bir sıra tikinti layihələrini icra edib: «SOCAR-ın layihələri olanda mənə verirdilər».

«Şirinliyi ona görə gətirmişdi»

Təqsirləndirilən akademikin sözlərinə görə, İ.Həsənovu onun yanına uzun illərdir dostluq etdiyi rejissor Arif Qazıyev gətirib: «Dedi ki, mühəndisdir, layihə olsa, xəbər eləyim. Dedim, baxaram, sonra bir layihə vardı, ona dedim. Dediyim şirinliyi də ona görə gətirmişdi».

Plastik borularla yüklənmiş 40 ədəd yük maşınının gömrükdən keçirilməsindən ötrü İ.Həsənovdan 300 min manat alınmasına gəlincə, Ə.Əbdüləziz bildirib ki, yalandır. Onun sözlərinə görə, zərərçəkənlə aralarında ümumiyyətlə, belə söhbət olmayıb.

Zərərçəkən İ.Həsənov Vəkillər Kollegiyasının İntizam Komissiyasının üzvü İlhamə Həsənovanın qardaşıdır. Ə.Əbdüləziz onların bacı-qardaş olduğunu əsas gətirib, prosesdə İ.Həsənovanın qardaşının vəkili kimi iştirakına etiraz edib. Ancaq hakim deyib ki, qanun belə hallara qadağa qoymayıb.

Akademikin məhkəməsi oktyabrın 4-də davam edəcək.

Ə.Əbdüləzizin vəkili deyir ki, o, Nobel mükafatının verilməsində iştirak edən yeganə azərbaycanlıdır. Məhz onun təklifi əsasında BMT 22 martı dünyada İçməli su günü elan edib.

XS
SM
MD
LG