Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:05

Əhsən Nuruzadəyə 7 il həbs cəzası verildi


Əhsən Nuruzadə
Əhsən Nuruzadə

«Müsəlman Birliyi» Hərəkatının koordinatoru Əhsən Nuruzadə 7 il azadlıqdan məhrum edildi. Martın 6-da Bakı Ağır Cinayətlər Məhkəməsində Səbuhi Hüseynovun sədrlik etdiyi hakimlər kollegiyası bu haqda hökm çıxarıb.

Hökmdən öncə Ə.Nuruzadə son sözündə ona verilmiş narkotik ittihamının cəfəngiyat olduğunu, şərləndiyini deyib. Bildirib ki, həbsinin gerçək səbəbi ilahiyyatçı Taleh Bağırovun tərəfdarı olması, günahsız həbs edilən inanclı insanların, o cümlədən «Nardaran məhbusları»nın ailələrinə toplaşaraq maddi və mənəvi yardım göstərmələri, həmçinin Milli Şuranın etiraz aksiyalarında fəal iştirakıdır.

«O uşaqlar ac yatırlar»

«Azərbaycanda mənim kimi günahsız, şərlənib həbs olunan yüzlərlə məhbus var. Onların da böyük bir hissəsi inanclılardır. Siz bilirsinizmi ki, həmin inanclı qardaşlarımızın ailələri hansı çətinlikləri çəkir? Toplaşıb, o ailələrə yardım aparanda görmüşdüm, qardaşlarımızdan elələri var ki, övladları çanta, dəftər olmadığından məktəbə gedə bilmir. Elə uşaqlar var ki, qarın dolusu yemək yeyə bilmirlər, ac yatırlar. O uşaqların bu cür əziyyət çəkmələrinin səbəbkarı onların atalarını şərləyib həbs edənlərdir. Amma onların ah-naləsi, gözyaşı bir gün günahkarları tutacaq», – Ə.Nuruzadə bildirib.

***Buna da bax-12 işdə 'üzəduran' bu dəfə dindar fəalın məhkəməsində...

Onun sözlərinə görə, narkotik ittihamı ilə son həbsindən öncə də DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları onu iki dəfə evlərinin yanından tutub aparıb, günlərlə ailəsinə yeri haqda xəbər verməyiblər: «Birinci dəfə keçən ilin yanvarında altı gün məni «bandotdel»də saxladılar. Deyirdilər ki, «sənin siyasətlə, Xalq Cəbhəsi ilə nə işin var? Taleh Bağırzadəni niyə müdafiə edirsən? Özün kasıb adamsan, məhbus ailələrinə haradan pul verirsiz, hansı təşkilatdan pul alırsız?». Mən də dedim ki, «Vicdanlı qardaşlar təşkilatı»ndan. Öz aramızda qəpik-qəpik ianə toplayıb, ailələrə yardım edirik. İanənin nə olduğunu bilmirdilər...».

***Buna da bax-Vəkil deyir, 'Əhsən Nuruzadədən işgəncə altında ifadə alınıb'

Ə.Nuruzadənin vəkili Fariz Namazlı da onun günahsız olduğunu, ictimai-siyasi fəaliyyətinə görə şərləndiyini söyləyib. Vəkil məhkəmədən bəraətverici əsaslarla bu cinayət işinə xitam verilməsini istəyib.

Vəkilin çıxışı və dindar fəalın son sözündən sonra hakimlər beş dəqiqəlik müşavirəyə gedib. Ardınca da Ə.Nuruzadənin 7 il azadlıqdan məhrum edilməsinə dair hökm elan olunub.

F.Namazlı AzadlıqRadiosuna bildirib ki, hökm qanunsuz və əsassızdır, mötəbər sübutlara söykənmir. Ona görə də hökmdən apellyasiya şikayəti veriləcək.

Xatırlatma

Ə.Nuruzadə oktyabrın 6-da DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həbs olunub. Ona CM-nin 234.4.3 (satış məqsədi ilə külli miqdarda narkotik əldə etmə, saxlama) maddəsi ilə ittiham verilib. Onun üzərindən 14.775 qram heroin tapıldığı iddia olunur.

Amma dindar fəal ittihamı rədd edir, narkotikin cibinə idarədə elə polis tərəfindən atıldığını bildirir.

Ə.Nuruzadə bundan öncə də iki dəfə - 19 yanvar və 24 sentyabrda DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb, günlərlə onun yaxınlarına yeri haqda heç bir məlumat verilməyib, ardınca da hər dəfə 10 sutka inzibati həbs cəzası verilməsi haqda danışıb. Hər iki məhkəmə qərarında da inzibati həbsin səbəbi eyni göstərilib – Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin qarşısından keçəndə telefonla danışarkən söyüş söymək, onu intizama dəvət edən polislərə tabe olmamaq.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG