Keçid linkləri

2026, 16 Mart, Bazar ertəsi, Bakı vaxtı 21:02

Əhməd Məmmədliyə 6 il həbs verilib

'Bu, həbsi üçün son damla oldu' - Ailəsi Əhməd Məmmədlinin səhhətinin pisləşdiyini deyir
Gözlə

No media source currently available

0:00 0:04:12 0:00

'Bu, həbsi üçün son damla oldu' - Ailəsi Əhməd Məmmədlinin səhhətinin pisləşdiyini deyir

İctimai fəal Əhməd Məmmədli 6 il həbs cəzası alıb.

Bu gün, martın 16-da Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Seyidovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib. O, təqsirləndirilən şəxsin 9 il azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəmə müşavirəyə gedib. Müşavirədən qayıdan hakim heyəti hökmü elan edib. Hökmə əsasən Ə.Məmmədli 6 il azadlıqdan məhrum edilib.

Ə.Məmmədli ötən il mayın 6-da saxlanıb və sonra barəsində həbs-qətimkan tədbiri seçilib. O, saxlanması zamanı işgəncəyə məruz qaldığını bildirmişdi. Rəsmi qurumlar bu iddiaları təkzib ediblər.

Ə.Məmmədli Cinayət Məcəlləsinin sağlamlığa qəsdən ağır zərər vurma və xuliqanlıq maddələri ilə ittiham olunub.

İttihama görə, ötən il mayın 6-da 1988-ci il təvəllüdlü Vüqar Dünyamalıyevə Biləcəri qəsəbəsi R.İsmayılov küçəsində qarın boşluğundan bıçaqla xəsarətlər yetirilib.

Amma Ə.Məmmədli özü ittihamı rədd edir, keçmiş siyasi-ictimai və sonra jurnalist fəaliyyətinə görə cəzalandırıldığını bildirib. Saxlanması ilə bağlı da bunları söyləmişdi: "Taksidə öndə, sürücünün yanında bir qadın oturmuşdu. Sürücünün arxasında Vüqar Dünyamalıyev, mən isə digər qapı tərəfdə əyləşmişdim. "Manatlıq taksi" idi və son sərnişin mən idim. Yolboyu hər hansı bir mübahisə olmayıb. Daha sonra Vüqar sürücüyə düşəcəyini dedi. Maşın kor nöqtədə, yolun sağ tərəfində saxladı. Çöldə bir nəfər hazır gözləyirdi. Məni çölə çıxarıb yerə atdı. Daha sonra Vüqar yaxınlaşdı və mənə ağır xəsarətlər yetirməyə başladı. Mənə işgəncələr verirdilər,... Mənə suallar verməyə başladılar: Hansı mediada işləyirsən? Kimin məhkəməsinə getmisən?..".

Xatırlatma

Ə.Məmmədli 2022-ci ildə D-18 Hərəkatının (2023-cü ildə buraxılıb) sədri ikən polisin qanuni tələbinə qəsdən tabe olmama maddəsi ilə 30 sutka inzibati həbs edilmişdi. Ancaq o, həbsini sülhdən danışması, prezident İlham Əliyevi tənqid etməsi ilə izah etmişdi.

Yerli hüquq müdafiəçilərinin hesabatlarına görə, hazırda Azərbaycanda 340 siyasi məhbus var. Hökumət nümayəndələri isə bu tip hesabatları rədd edir və həbs olunanların konkret əməllərə görə məsuliyyətə cəlb olunduqlarını bildirirlər.

XS
SM
MD
LG