Keçid linkləri

Təcili xəbərlər
2018, 23 Sentyabr, bazar, Bakı vaxtı 15:16

'Əfv olmayacaq', amma... Penitensiar xidmətdə gərgin iş gedir


Əfv sərəncamının icrası. 2014

Hər il Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi günü ərəfəsində məhbus ailələri intizarla xəbər gözləyirlər: «Əfv sərəncamı olacaqmı?».

Prezident yanında əfv komissiyasının üzvü Rəşad Məcid AzadlıqRadiosuna deyir ki, adətən əfv sərəncamı verilməzdən bir ay qabaq komissiya toplanır, müzakirə aparır, amma bu dəfə belə toplantılar keçirilmir. Ona görə də bu qənaətə gəlib ki, əfv olmayacaq.

«Nəzərə alsaq ki, bu ilin martında çox böyük əfv sərəncamı verildi...»

Komissiyanın başqa üzvü Əliməmməd Nuriyev də əfv sərəncamının gözlənilmədiyini söyləyir, hərçənd toplantı çağrılması səlahiyyətinin komissiya sədri Ramiz Mehdiyevdə olduğunu qeyd edir:

– Yəni istisna deyil. Amma bu günlərdə iclas keçirilmir. Bir qayda olaraq, bir ay, 20 gün öncədən yığışırdıq. Düzdür, hazırda komissiyanın katibliyi işləyir, daxil olan bütün müraciətləri emal edir, araşdırırlar. Nəzərə alsaq ki, bu ilin martında çox böyük əfv sərəncamı verildi, o zaman yeni sərəncamın olacağını güman etmirəm. Amma bir məsələ var. Bu ilin fevralında prezident «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi haqqında» sərəncam verdi. Ona uyğun olaraq, parlamentdə Cinayət Məcəlləsinə dəyişikliklər edildi. Həmin dəyişikliklər 300 tərkibi əhatə edir. Və artıq dekabrın 1-dən qüvvəyə minib. Bu dəyişikliklər xeyli sayda məhkumu təsiri altına ala biləcək. Hazırda bu proses başlanıb. Həmin şəxslərlə bağlı işlər məhkəməyə göndərilir ki, Cinayət Məcəlləsinin yeni tələblərinə uyğun olaraq onlara təkrar baxılsın. Bu, bir çox məhkumun azad edilməsi və ya cəzasının yüngülləşdirilməsi baxımından yeni imkanlar yaradır. Əfv sərəncamının verilib-verilməməsi məsələsində bunun da təsiri ola bilər. Amma dekabrda əfv sərəncamı olmasa da, gələn ilin martında verilə bilər.

Əliməmməd Nuriyev
Əliməmməd Nuriyev

– Əliməmməd bəy, qanuna dəyişikliklərdən sonra siyasi motivlə həbs edilənlərdən kimlərin azadlığa çıxmaq şansı yaranıb? Və bir də bu dəyişiklik təxminən nə qədər insanı əhatə edə bilər?

– Mən konkret rəqəm söyləyə bilməyəcəm. Amma əminəm ki, çox sayda məhkuma aid ediləcək. Cinayət Məcəlləsinin 300-dən artıq tərkibinə dəyişiklik edilib. Bu, faktiki olaraq, Məcəllənin üçdə birini əhatə edir. Siz miqyası təsəvvür edin. Bununla bağlı hazırda Penitensiar Xidmətin müəssisələrində çox gərgin iş gedir. İşlər məhkəmələrə göndərilir. Ali Məhkəmənin bununla bağlı məhkəmələrə müvafiq tövsiyəsi var, prokurorluq orqanları da bu istiqamətdə çalışır. Geniş iş gedir. Ancaq nə qədər məhkuma tətbiq olunacağını indidən demək çətindir. Sadəcə, qanunvericiliyə edilən dəyişikliklərə uyğun olaraq bir çox məhkumun işinə yenidən baxılacaq. Hazırlıq gedir. Mən bunu bilirəm və gözləyirəm. Mən həm də Ədliyyə Nazirliyi yanında İctimai Komitənin üzvüyəm. Qaldı konkret kimlərin buraxılacağına, bu haqda nəsə deyə bilmərəm, çünki hər kəsin cinayət işindən xəbərdar deyiləm. Bunu ancaq maddələri bilən peşəkar hüquqşünas deyə bilər.

– Səhv etmiriksə, siz də hüquqşünassınız.

– Hüquqşünasam, bəli. Amma kimin hansı maddəylə həbs edildiyini deyə bilmərəm. Vaxtından qabaq nəsə demək də düz olmaz, əslində. Bu, məhkəmənin işinə qarışmaq olardı. Məhkəmə bunu əsaslandırmalıdır, şərh verməlidir. Bu, elə belə şey deyil. Cinayət hüququ çox mürəkkəbdir, bir az da riyaziyyat kimidir, dəqiq olmaq lazımdır. Yanlış nəsə demək istəmərəm. Kimsə deyə bilər ki, filankəs çıxacaq. Ancaq son anda məhkəmə başqa qərar verə bilər. Çünki məhkəmənin əlində daha ətraflı məlumat olacaq. Biz sadəcə, indidən təxmin edə bilərik. Bunu da etmək istəmirəm.

– Bayrama qədər məhkum ailələri sevinə bilərmi?

– Mən bilmirəm məhkəmə bu işə hansı müddətdə baxacaq. Bu, məhkəmələrin səlahiyyətində olan məsələdir. Bir də, bu, davamedici proses olacaq. Bir-iki günün işi deyil, araşdırma aparılmalıdır.

CM-yə dəyişikliklər beynəlxalq qurumların siyasi məhbus kimi tanıdığı şəxslərdən kimin azadlığa çıxmasına imkan yarada bilər? Vəkil Adil İsmayılov deyir ki, onun bildiyinə görə, yeni dəyişikliklər siyasi məhbuslardan heç kimə belə imkan yaratmır.

AzadlıqRadiosu Penitensiar Xidmətin mətbuat xidməti ilə əlaqə saxlayaraq əlavə məlumat almaq istəyib, ancaq xidmət rəhbəri Mehman Sadıqov məzuniyyətdə olduğundan, bu barədə dekabrın 17-də məlumat verə biləcəklərini deyiblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG