Şabananın parlaq gələcəyi vardı. Həkimlik ixtisası üzrə təhsil alır, ailə qurmağa çalışırdı. Ancaq 2021-ci ildə Talibanın Əfqanıstanda hakimiyyəti ələ keçirməsi onun həyatını darmadağın edib. Silahlı qruplaşmanın qadınların universitetə getməsini yasaqlaması onu təhsili dayandırmağa vadar edib. Daha sonra isə xaricdə yaşayan nişanlısı münasibətə son verib.
20 yaşlarında olan Şabana ötən ay Pərvan əyalətinin paytaxtı Çarikarda həyatına qəsd edib. Şabana Əfqanıstanda intihara getdikcə daha çox əl atan qadın və qızların sırasındadır. Burası dünyada qadınların kişilərdən daha çox intihar etdiyi azsaylı ölkələrdəndir.
Ekspertlər qadın intiharlarının sayının artmasını Talibanın qadınlara sərt qadağaları ilə izah edirlər. Sərt xətt tərəfdarı olan islamçı qrup qadınları təhsildən, müxtəlif işlərdən məhrum edib, cəmiyyətdə hər hansı ictimai rol oynamasını yasaqlayıb. Qadınların hərəkətinə, görünüşünə də sərt məhdudiyyətlər qoyulub.
Erkən nikahlar da çoxalıb
"Bu gün Əfqanıstanda mental problemlərdən əziyyət çəkən pasiyentlərin çoxu qadınlar və qızlardır", – Kabildə psixiatr Mucib Xpalvak deyib.
"Əvvəl işləyən, yaxud təhsil alan qadınlara baxsaq, 90 faizi hazırda mental sağlıq məsələlərindən əziyyət çəkir. İşlərini itirəndən sonra nəhəng iqtisadi qeyri-müəyyənliklə üzləşiblər, gələcəkləri sarıdan çox narahatdırlar", – Xpalvak sözlərinə əlavə edib.
Bir çox əfqan qadının dediyinə görə, Taliban hakimiyyətə gələndən onlar evlərində virtual məhbusa çevriliblər. Qadınların böyük əksəriyyəti işsizdir, çoxu da ümidsizliyə qapıldığını deyir.
Taliban dövründə qadınlara qarşı zorakılıq da artıb. Silahlılar qadınlara və qızlara qarşı zorakılıqla mübarizə üzrə hüquqi yardım proqramlarını, xüsusi məhkəmələri ləğv ediblər.
Üstəlik, Əfqanıstanda erkən nikahlar da çoxalıb, valideynlər yeniyetmə qızlarını ərə verirlər ki, talibançılarla məcburi nikahdan yayına bilsinlər.
Altıncı sinifdən sonra təhsil qadağandır
Əfqan qadın hüquqları fəalı Məryəm Səidi deyir ki, bəzi qadınlar intihara üzləşdikləri mücadilədən yeganə çıxış yolu kimi baxırlar. "Onlar problemlərinə son qoymaq üçün intihara əl atırlar, bu isə təhlükəlidir", – o, Radio Azadi-yə deyib.
Kabil sakini Məryəm danışır ki, 16-yaşlı bacısı da ağır depressiyaya düşüb. Belə ki, Taliban qızların altıncı sinifdən yuxarı təhsil almasını qadağan edib.
Taliban ötən il ölkədə 360 nəfərin intihar etdiyini açıqlayıb. Qeyri-rəsmi rəqəmlər 2021-ci ildən bəri qadın intiharların sayının artdığını göstərir.
Ümumdünya Səhiyyə Təşkilatı 2018-ci ildə iki milyonadək əfqanın mental xəstəliklərdən əziyyət çəkdiyini açıqlayıb. Əfqanıstan əhalisinin sayı 40 milyona yaxındır.