Keçid linkləri

2025, 15 Fevral, şənbə, Bakı vaxtı 11:15

Dəfndə bomba partlayışında azı 19 nəfər həlak olub


Partlayışdan sonra qurbanların meyitləri daşınır
Partlayışdan sonra qurbanların meyitləri daşınır

Əfqanıstanın şimalındakı Bədəxşan vilayətindəki məscidlərdən birində Taliban rəsmisinin dəfn mərasimi zamanı törədilən partlayış nəticəsində azı 19 nəfər həlak olub, daha 38 nəfər yaralanıb.

Bədəxşan vilayəti informasiya və mədəniyyət idarəsinin başçısı Muazuddin Əhmədi AzadlıqRadiosuna deyib ki, partlayış iyunun 8-də Feyzəbad şəhərində Taliban qubernatorunun müavini Nissar Əhməd Əhmədinin dəfn mərasimində baş verib.

Əhmədinin özü sürücüsü ilə birlikdə bir neçə gün əvvəl avtomobilində törədilən bomba partlayışında həlak olmuşdu.

Sözçünün məlumatına görə iyunun 8-də dəfndə törədilmiş bomba partlayışında Bağlan şəhərinin keçmiş polis rəisi də həlak olub.

Yerli sakinlərə təcili qaydada qan verilməsi üçün müraciət edilib.

Bu hücuma görə məsuliyyəti öz üzərinə heç bir şəxs və ya qrup götürməyib, hərçənd iyunun 6-da Əhmədinin avtomobilinə hücum üçün məsuliyyətini İslam Dövləti (İD) ekstremist təşkilatının Xorasan qrupu götürmüşdü.

ABŞ və BMT-dən xəbərdarlıq

BMT-nin Əfqanıstandakı missiyası – UNAMA bu hücumun “son dərəcə narahatlıq yaratdığını” bildirib.

UNAMA son vaxtlar mülkilərin ölümü ilə nəticələnmiş hücumları birmənalı şəkildə pisləyib.

İD-in Xorasan qrupu, Taliban 2021-ci ildə hakimiyyətə gələndən bəri onun əsas rəqibinə çevrilib.

Təşkilat son zamanlar həm Taliban təhlükəsizlik qüvvələrinə, həm də şiə azlığına qarşı hücumlarını artırıb.

Buna cavab olaraq Taliban qüvvələri Əfqanıstanın bir neçə vilayətində hərbi əməliyyatlar keçirib.

BMT Təhlükəsizlik Şurası mart ayında Əfqanıstanda silahlıların və İD təhlükəsinin artması barədə xəbərdarlıq etmişdi.

ABŞ Mərkəzi Komandanlığının məlumatına görə hazırda Əfqanıstanda 2250-dək İD silahlısı var.

Komandanlıq bunu da bildirirdi ki, sözü gedən silahlılar ABŞ maraqlarını və onun müttəfiqlərini hədəfləyə bilərlər.

XS
SM
MD
LG